İş adamı Fuad Allahverdiyevin işi üzrə yenilik - Məhkəmə qərar verdi

İş adamı Fuad Allahverdiyevin işi üzrə yenilik - Məhkəmə qərar verdi
KRİMİNAL
14:22 14.05.2026
239
Bir il əvvəl ictimaiyyətə daha çox qalmaqallı ailə mübahisəsi kimi təqdim olunan Fuad Allahverdiyev işi 28 aprel 2026-cı il tarixli məhkəmə hökmündən sonra fərqli hüquqi məzmun alıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, iş adamının keçmiş həyat yoldaşı Allahverdiyeva Gülşən Əsgər qızı hədə-qorxu ilə tələb etmə və qanunsuz materialların yayılması ilə bağlı cinayət əməllərində təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisələrin ilkin mərhələsində mediada əsas diqqət Fuad Allahverdiyevə qarşı irəli sürülən ittihamlara yönəlmişdi. 2025-ci ildə yayılan məlumatlarda onun keçmiş həyat yoldaşı ilə bağlı cinayət işi üzrə məhkəmə qarşısına çıxarıldığı, barəsində müxtəlif ittihamların səsləndirildiyi bildirilirdi. Həmin dövrdə iş adamının adı ictimai müzakirələrdə daha çox neqativ kontekstdə hallandırılır, məsələ isə keçmiş ər-arvad arasında yaranmış şəxsi münaqişə kimi təqdim olunurdu.

Lakin sonrakı məhkəmə qərarları bu mənzərəni dəyişib. Açıq mənbələrdə dərc olunan məlumatlara görə, Xəzər Rayon Məhkəməsi 2025-ci ildə Fuad Allahverdiyevə qarşı irəli sürülmüş ittihamlardan biri üzrə bəraət hökmü çıxarıb, həbsdə saxlanıldığı müddəti nəzərə alaraq onun məhkəmə zalından azadlığa buraxılmasına qərar verib. Bu mərhələ işin ictimai təqdimatı ilə hüquqi nəticələri arasında ciddi fərq olduğunu göstərib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Allahverdiyeva Gülşən Əsgər qızına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə 10 il, 242-ci maddəsi üzrə isə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. 

Cəzalar qismən toplandıqdan sonra Allahverdiyeva Gülşən Əsgər qızına qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Bu barədə məlumat yerli media resurslarında da dərc edilib.

İş materiallarında diqqət çəkən epizodlardan biri tərəflər arasında 2014-cü ildə rəsmiləşdirildiyi bildirilən nikahla bağlıdır. Materiallarda həmin nikahın rəsmiləşdirilməsi ilə bağlı mübahisəli məqamların olduğu qeyd olunur.

Məhkəmə sənədlərində əksini tapan digər mühüm istiqamət pul və əmlak məsələsi ilə bağlıdır. Təqdim olunan məlumatlarda qeyd edilir ki, Allahverdiyeva Gülşən Əsgər qızı Fuad Allahverdiyevə məxsus pul vəsaitlərini ələ keçirməkdə də ittiham olunub. 

Beləliklə, əvvəlcə ictimaiyyətə Fuad Allahverdiyevin əleyhinə təqdim olunan qalmaqal sonrakı məhkəmə qərarları fonunda fərqli hüquqi mənzərə yaradıb. 2025-ci ildə onun adı ağır ittihamlarla gündəmə gətirilmişdi. 2026-cı ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü artıq keçmiş həyat yoldaşının şəxsi həyat materiallarından istifadə etməklə hədə-qorxu mexanizmi qurması məsələsinə hüquqi qiymət verib.

Xatırladaq ki, Allahverdiyev arvadına işgəncə vermə və onu seksual xarakterli hərəkətlərə məcbur etməkdə günahlandırılırdı. Şikayətçi G.Alahverdiyeva mütəmadi olaraq əri tərəfindən işgəncələrə məruz qaldığını, dəxlisiz qısqancılıq hərəkətlərinə görə ailədaxili problemlər yaşadığını deyirdi. 

Fuad Allahverdiyev isə ona şər atıldığını bildirib. Deyib ki, G.Allahverdiyeva ilə evliliyi məcburi şəkildə olub. Onun sözlərinə görə G.Allahverdiyeva ilə bir müddət münasibətləri olandan sonra onu müxtəlif yollarla şantaj ediblər. Məcburiyyət qarşısında qalaraq G.Allahverdiyeva ilə ailə həyatı qurub. Onların bu evlilikdə bir övladları dünyaya gəlib. Fuad Allahverdiyevin sözlərinə görə uzun müddət qızını ona göstərməyərək şantaj ediblər.

F.Allahverdiyevin dediyinə görə qızını görmək üçün xanımına 200 minlik maşın alıb, Şüvəlandakı villasını onun adına rəsmiləşdirib. Bundan əlavə Fuad Allahverdiyev bildirib ki, seyfindəki 400 min nağd pulu və içərisində 25 min manat olan kartı da arvadı tərəfindən götürülüb.

Onu da xatırladaq ki, 11 aya yaxın həbsdə saxlanılan Fuad Alalhverdiyev məhkəmə zalından 2025-ci ildə azadlığa buraxılmışdı.
 


 


OXŞAR XƏBƏRLƏR