Müxalifət partiyalarının rəhbərləri arasında bəzən açıq, bəzən də gizli xarakter daşıyan rəqabət diqqətdən kənarda qalmır və müxalifətdaxili müzakirələrin əsas mövzularından biridir. Son günlər mətbuat səhifələrində müttəfiq olduqlarını bəyan edən İsa Qəmbər və Əli Kərimli arasındakı liderlik savaşı da məhz bu qəbildəndir.Məsələ ilə bağlı Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib ki, Müsavat başqanı və AXCP sədri arasındakı səmimi ittifaqa inanmaq çətindir: “Bu ideyaya inanmaq üçün ya gərək sadəlövlüyün zirvəsində olasan, ya da gərək siyasətdən heç başın çıxmaya. Çünki bu iki insanın bütün fəaliyyətləri dövründə bir-birlərinə olan mənfi münasibəti AXCP və Müsavatın ən sıravi üzləri arasındakı münasibətlərə də təsir etməkdədir. Elə radikal müxalifətin bu gün yaşadığı tənəzzülün əsas səbəblərindən biri də məhz bu cəbhənin ən üst qatında normal, işgüzar və etibarlı bir düzənin olmamasıdır”.E.Musayevin fikrincə, İsa Qəmbərlə Əli Kərimli arasında ziddiyyətlərin zəngin tarixi var və yaxın tarixə qısa ekskurs bu məsələ ilə bağlı əsl həqiqətləri yaddaşlarda yeniləməyə kifayət edər: “2000-ci il parlament seçkiləri ərəfəsində vəziyyəti bir yada salın: İsa Qəmbər Əli Kərimlini elə vəziyyətə saldı ki, AXCP sədri öz siyasi varlığını qorumaq üçün Etibar Məmmədova sığınıb, onun diktə elədiyi bütün şərtləri, oyun qaydalarını qəbul etmək məcburiyyətində qaldı. İsa Qəmbərin müxalifət mediasına verdiyi müsahibəsində söyləmiş olduğu bir fikri hələ də xatırlayıram: “Mən Əli Kərimli adda siyasətçi tanımıram”. Amma adamın üstündə Allah var, Kərimlinin də cavabı özünü çox gözlətmədi. O, “tanış olarıq!” demişdi.2005-ci ildə parlamentə getdiyinə görə AXCP Müsavatı xəyanətdə ittiham etmədimi? İndi bunlar hansı səmimi birlikdən danışırlar? Bu səviyyəyə qədər konflikt yaşamış bu insanlar yaxın keçmişin unudulduğunu zənn edərək cəmiyyəti, tərəfdarlarını irəli sürdükləri fikirlərinə inandıra bilərlərmi? Məncə az-çox siyasi təfəkkürü olan hər bir insana aydındır ki, radikal müxalifətin liderləri hakimiyyət sevdasından çoxdan əl çəkiblər. Sadəcə, qazanc mənbəyindən vaz keçə bilmirlər. Ona görə də bütün güclərini müxalifəti monopoliyada saxlamağa yönəldiblər. Elə, Müsavat partiyasında başqan seçkisini nəzərdə tutan qurultayın gecikdirilməsi, Əli Kərimlinin bütün iddialı müavinlərini bir anın içində partiyadan çıxdaş edib yerlərinə bir işə yaramayan, tamamilə istedadsız insanları gətirməsi də bu niyyətin bariz sübutdur”.Son günlər İsa Qəmbərlə Əli Kərimli arasında qarşıdurma məsələsinı diqqəti çəkən E.Musayevin fikrincə, seçki dövrü yaxınlaşdıqca bu cür tamaşaları, şouların sayı artacaq: “Hətta hazırda gizlində olan, heç bir oyun qaydalarına tabe olmayan gedişlər, söz atışmaları çox yaxın zamanlarda qarşılıqlı ittiham və iftiralarla əvəzləncək. Necə deyərlər, bu gün gördüklərimiz, şahid olduqlarımız hələ əlifbadır.İctimai Palata adlanan qurumda keçirilən seçkilərdə İsa Qəmbərin Əli Kərimlini üstələməsi qarşı tərəfdə kifayət qədər qıcıq yarandı və AXCP-nin ənənəvi üslubunda adekvat plan işə düşdü. Sadəcə klassik dövrlərlə müqayisədə tək fərq onda idi ki, bu dəfə plan muzdlu köşə yazarları vasitəsi ilə deyil, “Azadlıq” radiosu vasitəsi ilə icra olundu.Belə məqamda illərdir öz cavabını tapmayan sual yenidən meydana çıxır: İsa Qəmbər və Əli Kərimli hələ ortada olan “heç nə”yi bölüşə bilmədikləri halda, hakimiyyəti necə bölüşəcəklər? Yaxud da bu cür qarşıdurmalarla ad çıxarmış insanlara cəmiyyət hansı mesajı verməlidir? Təbii ki, sadəcə layiq olduqlarını! Hərçənd görünən odur ki, qarşılarına hakimiyyətə gəlməkdən öncə varlanmaq məqsədi qoyanlar ya bilərəkdən, ya da bilməyərəkdən atdıqları hər addımda özlərini bir az da batırmaqda israrlıdırlar”.
/// milli.az