İşğaldan azad olunan ərazilərdə məşğulluq tədbirləri genişlənir

İşğaldan azad olunan ərazilərdə məşğulluq tədbirləri genişlənir
SOSİAL
16:32 13.07.2026
281
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində səyyar görüşlərini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, növbəti görüşlər Ağdərə, Zəngilan və Şuşa rayonlarında təşkil olunub.

Ağdərənin Həsənriz və Zəngilanın Ağalı kəndlərinə köç edən sakinlərlə keçirilən görüşlərdə onların məşğulluqla bağlı müraciətləri dinlənilib, aktiv məşğulluq proqramları barədə ətraflı məlumat verilib. Bildirilib ki, sakinlərin məşğulluq imkanlarına uyğun olaraq müvafiq proqramlara cəlb olunmaları istiqamətində tədbirlər görüləcək.

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə yeni köç edən sakinlərə evlərinin açarlarının təqdim edilməsi mərasimində də Dövlət Məşğulluq Agentliyinin əməkdaşları iştirak ediblər. Sakinlərə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verilib və yaxın günlərdə onlarla fərdi qaydada əlaqə saxlanılaraq məşğulluqlarının təmin edilməsi istiqamətində işlərin aparılacağı bildirilib.

Bununla yanaşı, Zəngilanın Ağalı kəndində fəaliyyət göstərən 18 işəgötürənlə görüş keçirilib. Görüşdə yerli sakinlərin dayanıqlı məşğulluğunun təmin edilməsi, yeni fəaliyyətə başlayan işəgötürənlərin kadr tələbatının yerli sakinlər hesabına ödənilməsi, peşə hazırlığı və əməkhaqqının birgə maliyyələşdirilməsi proqramları ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR