İşdəki saatlıq icazələr maaşa təsir edir?

İşdəki saatlıq icazələr maaşa təsir edir?
SOSİAL
23:37 03.07.2026
336
Artıq bir çox iş yerlərində hətta qısa müddətli, məsələn, bir saatlıq icazələrin belə rəsmi qaydada qeydiyyata alınması tələb olunur. Bu yanaşma əmək münasibətlərində nizam-intizamı və şəffaflığı artırmaq məqsədi daşıyır. Lakin təcili hallarda belə sərt prosedurların tətbiqi həm praktiki, həm də hüquqi baxımdan müəyyən suallar yaradır. Bu cür tənzimləmələr təhlükəsizlik və hüquqi məsuliyyət baxımından nə dərəcədə doğru hesab oluna bilər?

Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, iş yerində olmayan işçi işəgötürəndən icazə almalıdır:

"Çünki əmək münasibətləri qarşılıqlı razılaşma və məsuliyyət üzərində qurulur. Əməkhaqqı işçinin faktiki olaraq işdə olmasına və vəzifəsini yerinə yetirməsinə görə verilir. İnsan işə gəlmədikdə, bu müddət üçün əməkhaqqı ödənilmir və müvafiq qaydada maaşdan tutulur. Qanunvericiliyə görə əlavə iş saatlarında çalışan işçiyə isə daha yüksək, yəni artırılmış əməkhaqqı verilir. Bu yanaşma həm işçinin əməyini düzgün qiymətləndirmək, həm də əmək hüquqlarını qorumaq məqsədi daşıyır. İşdə olmamağa görə maaşın çıxılması bu baxımdan normal və qəbul edilən praktikadır.

İcazə ya əvvəlcədən alınmalıdır, ya da zəruri hallarda sonradan əsaslandırılmalıdır. Bu qaydalar bir çox ölkədə əmək bazarında tətbiq olunur və ümumi standart kimi qəbul edilir" , - deyə o qeyd edib.

Yəni, işçinin iş yerində olmadığı hər saat rəsmi qeydə alınmalıdır ki, həm maaş düzgün hesablansın, həm də tərəflərin hüquqi məsuliyyəti qorunsun.
OXŞAR XƏBƏRLƏR