İslam Universitetinin dekanı intihar edib yoxsa öldürülüb?

İslam Universitetinin dekanı intihar edib yoxsa öldürülüb?
Bütün Xəbərlər
23:47 21.11.2011
2414
İslam və intihar. İlk baxışdan bir-birinə zidd görünən bu iki söz son günlər cəmiyyətin müzakirə etdiyi əsas mövzulardan birinə çevrilib. Bu müzakirələrə isə Bakı İslam Universitetinin Şəriyyət fakültəsinin dekanı Firudin Məmmədovun ölümü səbəb olub. Bakı İslam Universitetinin Şəriət fakültəsinin dekanı 50 yaşlı Firudin Məmmədovun ölümü az qala bir aydır ki, hamının diqqət mərkəzindədir. Əslində ölüm hamının başına gələn bir hadisədir və nə qədər ağır olsa da insan bu dərdə öyrəşməyə sadəcə olaraq məcburdur. Bu baxımdan Firudin Məmmədov da istisna oqlmamalı idi. Amma Firudin Məmmədovun ölümündən dərhal sonra yayılan məlumat faktı daha diqqət çəkən etdi. Məlumat isə belə idi: İslam Universitetinin Şəriət fakültəsinin dekanı damarlarını doğramaqla intihar edib. Nisbətən soyuqqanlı yanaşanda intihar faktı olaraq bu məlumat da fövqəladə xarakter daşımamalı idi. Çünki Dünya Səhiyyə Təşkilatının apardığı tədqiqatlara görə hər il təxminən 1 milyon insan intihar edir. Elə Azərbaycanın özündə bu ilin 6 ayında 150 nəfər özünə qəsd edib. Amma Firudin Məmmədovun intihar etməsi barədə yayılan məlumatlar bir başqa səbəbdən xüsusi maraq kəsb edirdi: o belə bir addım atmışdısa, İslam Univerisetində, özü də Şəriət fakültəsinin dekanı vəzifəsində çalışan kimi atmış olur və bununla da bir iman, əqidə, din adamı olaraq minillər boyu cəmiyyətə aşılanan intiharın ilahi qadağa olması ideyasının təkzibini verirdi.. Doğrudan da: intihar faktını bütün dinlər kimi İslam dininin də pislədiyini, bu əməlin sahiblərinin öz axirət aqibətlərini cəhənnəmə yönəltdiyini nəzərə alsaq, yayılmış xəbərin cəmiyyətə, xüsusilə cəmiyyətin özünə inamı çox olmayan, çətinliklər qarşısında aciz qalan təbəqəsinə hansı təsir buraxacağını anlamaq çətin olmaz. Firudin Məmmədovun intihar etdiyi barədə bir sıra kütləvi infonmasiya vasitələrinin ardıcıl olaraq yaydığı məlumatların sonadək arışdırılmaması isə cəmiyyətdə din adamı, özü də din qanunlarını şəxsən tədris edən Şəriət kafedrasının dekanının səviyyəsində belə bir addım atırsa, demək cəhənnəm və cənnət aqibəti barədə yeni nəzəriyyə də mümkündür, kimi ehtimallar doğururdu. Amma belə deyil, Allahın öz bəndəsinin bu ağır günahına münasibəti həmişəkidir. Din xadimi Əli Şərbətov deyir ki, Allah insana ömrünü bir əmanət kimi bəxş edir. Və o əmanətə xəyanət etməməsini tələb edir. Verdiyi canı daha gözəl şəkildə baxımlı ona yenidən təhvil verilməsini istəyir. Ona görə İslamda insanın öz bədəninə qəsd etməsi çox böyük günah sayılır. Ona görə, bunu təbliğ edən mütəxəssisin bunu özünə rəva görməsi ola bilməz. Mərhumun ailəsi ilk dəfə danışdı İndi isə həqiqətin üstünə birlikdə gedək. Hadisə baş verəndən sonra ilk dəfədir ki, Firudin Məmmədovun ailəsi, daha doğrusu oğlu bu barədə danışacaq. Mərhumun oğlu Zamin Məmmədov: "Atamı xəstəxanaya apardılar. Orada tromb partlamışdı. Dedilər ki, intihar edib. Kimsə bu məlumat yaydı. Amma əslində belə olmayıb. Atam xəstə olub Damarı şişib partlayıb. Qanaxma olub. Xəstəxanada 15-20 dəqiqə sonra həyatını dəyişib. Atam kurtka, altdan da pencək geyinib. Sadəcə damarı şişib, basanda partlayıb" Oğul atanın intihar etmədiyini deyir Oğlunun dediyinə görə, Firudin Məmmədovun intihar etdiyi barədə söz guya həkimlərin dilindən çıxıb. Özü də qolu qan içində olan xəstəni ilk dəfə görmüş həkimin dilindən. Amma maraqlı burasıdır ki, ortada fakt üzrə qaldırılmış cinayət işi də var. Firudin Məmmədovun ölümü barədə Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci, yəni özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi başlanıb. Şəriət fakültəsinin dekanının intihar etməsi barədə yayılan məlumatlar universitetdə də narahatlıq yaradıb. İslam Universitetinin müəllimi Mübariz Yunusov əsla və əsla belə bir insanın intihar edəcəyini düşünmək istəmir: "Bilirsiniz, bura İslam Universitetidir. Şəriəti bilən və onu özünə tətbiq edən bir insan idi. Mümkün deyil ki, Şəriət fakültəsinin dekanı intihar etsin". Mərhumun oğlu isədeyir ki, atasına Türkiyədən verilən analizdə göstərilir ki, onun qol damarları çox ağır vəziyyətdə olub. Məhkəmə tibbi ekspertizanın rəyi açıqlandı Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizasının Firudin Məmmədovun ölümü barədə verdiyi rəydə göstərilir ki, ölümə səbəb kəskin qan itirmə, sol dirsək arteriya və venaların zədələnməsidir. Amma sözsüz ki, nəticəni istintaq ortaya qoyacaq. Ailəsi isə bunadək səslənən ittihamları, yəni Firudin Məmmədovun özünü öldürməsini qətiyyən rədd edir. Onlar hesab edirlər ki, tələbələrə İslamın dərinliyini və gözəlliyini öyrədən bir insanın barəsində bu cür danışmaq, yəni intihar etməsini demək ən azından günahdır. İş Bakı şəhər prokurorluğunda araşdırılır
OXŞAR XƏBƏRLƏR