İsrail Silahlı Qüvvələri Suriyanın cənub-qərbində yerləşən Quneytra əyalətində demək olar ki, hər gün reydlər və ərazilərin təmizlənməsi əməliyyatlarını həyata keçirir.
Bu barədə "Syria TV" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, avqustun 9-u səhər saatlarında İsrailə məxsus iki tank və üç hərbi maşın Səmədaniyə ərazisinə daxil olub, patrul xidməti həyata keçirdikdən təxminən bir saat sonra hərbi bazaya qayıdıb. Analoji reydlərin son günlərdə Ayn-Zivan, Rafid və Yərmuk hövzəsi yaxınlığında da qeydə alındığı bildirilir.
Hesabatda qeyd olunur ki, hərbi texnikanın hərəkəti nəticəsində əkin sahələri və otlaqlar sıradan çıxarılıb, su və kanalizasiya şəbəkələrinə, eləcə də Vadi ər-Rəqqad üzərindəki körpülərə ziyan dəyib.
Yerli rəsmilərə istinadən bildirilir ki, İsrail tərəfi bu addımları "Hizbullah" və ya İran qüvvələri tərəfindən yerləşdirilə biləcək partlayıcı maddələrə qarşı qabaqlayıcı təhlükəsizlik tədbiri kimi qiymətləndirir, sakinlər isə ərazidə sözügedən döyüşçülərin olmadığını iddia edirlər.
///ölkə.az///











































