Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi? - Rəy

Çiyələk 1 manata düşdü: Ucuz çiyələk almaq təhlükəlidirmi? - Rəy
SOSİAL
15:34 30.06.2026
613

Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəzlərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər aşağı düşüb ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər.

Hazırda bazarlarda ən çox ucuzlaşan məhsullar arasında çiyələk, badımcan və bibər yer alır. Bəzi satış məntəqələrində çiyələyin bir yeşiyi 1 manata təklif olunur. Badımcanın 3 kiloqramı 1 manata satıldığı halda, bibərin qiyməti növündən və keyfiyyətindən asılı olaraq 30–50 qəpik arasında dəyişir.

Bəs bu qədər ucuz məhsulları istehlak etmək nə dərəcədə təhlükəsizdir?

Qida eksperti Ağa Salamov AZXEBER.COM-a açıqlamasında bildirib ki, qiymətlərin aşağı düşməsi orqanik çiyələyin də bazara çıxması ilə bağlıdır:

"Qiymətlərin azalması orqanik çiyələyin də yetişməsi ilə əlaqədardır. Havalar yenicə isinməyə başlayanda bazara əsasən istixana məhsulları çıxarılırdı. Bunlar mövsümün ilk məhsulları olduğuna görə daha baha satılırdı. Həmin dövrdə çiyələk və digər meyvələrin istehlakı o qədər də tövsiyə olunmurdu. Çiyələyin əsl mövsümü isə məhz indiki dövrdür".

 

Ekspertin sözlərinə görə, məhsulların ucuzlaşması bazarda təklifin və rəqabətin artması ilə əlaqədardır:

"Hazırda bazarda həm istixana, həm də orqanik məhsullar satılır. Bu səbəbdən də orqanik məhsulların qiyməti aşağı düşüb. Hazırda bazarda yeşiyi 1,50 manata, eləcə də 2 kiloqramı 1,50 manata təklif olunan çiyələklər var".

Ağa Salamov bildirib ki, hazırda satışda olan çiyələklərin istehlakı ilə bağlı ciddi təhlükə yoxdur. Lakin o, bu meyvənin həddindən artıq qəbul edilməsinin sağlamlıq üçün risk yarada biləcəyini də vurğulayıb:

"Bazarda satılan çiyələkləri istehlak etməklə bağlı xüsusi təhlükə yoxdur. Ancaq çiyələyi normadan artıq yemək olmaz. Məsələn, 1 kiloqram çiyələyi bir dəfəyə qəbul etmək düzgün deyil. Çiyələyin tərkibində olan bəzi maddələr, xüsusilə allergen zülallar allergiyaya meyilli insanlar üçün zərərli ola bilər. Həddindən artıq istehlak isə hətta sağlam insanlarda belə allergik reaksiyalara səbəb ola bilər".

 

OXŞAR XƏBƏRLƏR