Jurnalist Araşdırmaları Mərkəzi (JAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Sosial problemlərin həllində region gənclərinin iştirakının dəstəklənməsi" adlı layihənin icrasını davam etdirir. Layihə çərçivəsində növbəti seminar Tərtər şəhərində keçirilib. Tədbirdə müxtəlif peşə sahibi olan 30-a yaxın gənc iştirak edib. JAM sədri, layihənin direktoru Seymur Verdizadə vətəndaş cəmiyyəti quruculuğunda gənclərin rolundan danışıb. O, indiyə kimi ölkədə 3 mindən artıq QHT-nin qeydiyyatdan keçdiyini, həmin təşkilatlarda əsasən gənclərin fəaliyyət göstərdiyini bildirib. Jurnalist-ekspert Teymur Zahidoğlu seminar iştirakçılarını vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməyə səsləyib. T.Zahidoğlu gəncləri QHT təsis etmək üçün tələb olunan hüquqi prosedur barədə məlumatlandırıb. Seminar iştirakçılarından Zabil Məmmədov, Məhəbbət Mirzəyev, Orxan Qasımov və başqaları mövzu ətrafında çıxış edərək, öz təkliflərini səsləndiriblər.