Şəkərin necə istehsal olunduğunu öyrənmək üçün İmişliyə getdik - REPORTAJ

Şəkərin necə istehsal olunduğunu öyrənmək üçün İmişliyə getdik - REPORTAJ
MEDIA
10:32 30.10.2026
763
Oktyabrın 29-da səhər saatlarında yolumuz İmişliyə düşdü. 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə Aqrar Xidmətlər Agentliyi və "Azərsun Holdinq”in birgə təşkil etdiyi media turunda iştirak etmək üçün Bakıdan yola çıxdıq.

Bu dəfə səfərimizin məqsədi gündəlik həyatımızda istifadə etdiyimiz şəkərin necə istehsal olunduğunu öz gözlərimizlə görmək, eyni zamanda kənd təsərrüfatı sahəsində həyata keçirilən yeniliklərlə yaxından tanış olmaq idi.
Əsas istiqamətimiz İmişli Şəkər Zavodu idi. Qarşıda bizi həm maraqlı istehsal prosesi, həm də aqrar sahənin mütəxəssisləri ilə görüşlər gözləyirdi.
İlk dayanacağımız - Maarifləndirici görüş
İmişliyə çatdıqdan sonra proqramımız jurnalistlər üçün təşkil olunan maarifləndirici görüşlə başladı.

Təlim "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuşdu.

Görüşdə Dövlət Proqramının əsas istiqamətləri, kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan tədbirlər və medianın bu sahədəki rolu barədə danışıldı.

Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Murtuzəli Hacıyev çıxışı zamanı jurnalistlərin aqrar sahədə ixtisaslaşmasının vacibliyinə toxundu.

O bildirdi ki, kənd təsərrüfatında baş verən yeniliklərin fermerlərə və ictimaiyyətə düzgün çatdırılmasında medianın üzərinə mühüm vəzifə düşür. Xüsusilə innovativ texnologiyalar, süni intellekt və elektron xidmətlərlə bağlı məlumatların yayılması fermerlərin maarifləndirilməsinə kömək edir.

Murtuzəli Hacıyev aqrar mövzularda xəbər hazırlayan jurnalistlərin məlumatların dəqiqliyinə xüsusi diqqət yetirməli olduqlarını da vurğuladı. Onun sözlərinə görə, xüsusilə yoluxucu xəstəliklərlə bağlı təsdiqini tapmamış məlumatların yayılması ciddi mənfi nəticələrə səbəb ola bilər.

Şəkər çuğunduru necə şəkərə çevrilir?

Səfərimizin ən maraqlı hissələrindən biri, şübhəsiz ki, İmişli Şəkər Zavodunda istehsal prosesi ilə tanışlıq oldu.

Zavodun ərazisində ilk diqqətimizi çəkən böyük həcmdə şəkər çuğunduru idi. Tarlalardan gətirilən bu məhsulun bir neçə mərhələdən keçərək süfrələrimizdəki şəkərə çevrilməsi marağımıza səbəb oldu.
 
Bəs şəkər çuğunduru zavoda gətirildikdən sonra hansı proseslərdən keçir?

Bu sualın cavabını elə müəssisənin özündə öyrəndik.

AŞİB-in Proses və Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri Məhəmməd Abışov bildirdi ki, müəssisədə şəkər istehsalına 2006-cı ildən başlanılıb.

Onun sözlərinə görə, zavoda gətirilən şəkər çuğunduru ilk olaraq tərəzilərdə çəkilir. Məhsulun ümumi və xalis çəkisi müəyyənləşdirildikdən sonra laboratoriya yoxlamalarına başlanılır.

Burada çuğundurun keyfiyyəti, xüsusilə şəkərlilik dərəcəsi yoxlanılır və nəticələr avtomatik sistemə daxil edilir.

Daha sonra məhsul xüsusi avadanlıqlarla boşaldılaraq saxlanma sahələrinə yerləşdirilir. Növbəti mərhələdə isə çuğundur yuyulur, təmizlənir və emala hazırlanır.

İstehsalın müxtəlif mərhələlərini izlədikcə bir daha gördük ki, gündəlik istifadə etdiyimiz şəkərin hazırlanması kənardan göründüyü qədər sadə deyil. Bu prosesin hər mərhələsində dəqiqlik və keyfiyyətə nəzarət mühüm rol oynayır.

Ağ şəkərlə qəhvəyi şəkərin fərqi nədir?

Zavodda olduğumuz müddətdə şəkərin istehsalının sonrakı mərhələləri ilə də tanış olduq.

Mütəxəssislər bizə izah etdilər ki, istehsal zamanı şəkər kristallarını digər qarışıqlardan ayırmaq üçün sentrifuqa adlanan avadanlıqdan istifadə olunur. Bundan sonra əldə edilən şəkər qurudulur.

Tanışlıq zamanı maraq doğuran məsələlərdən biri də ağ və qəhvəyi şəkər arasındakı fərq oldu.

Müəssisə nümayəndələri hər iki məhsulun istehsal üsulları və tərkib xüsusiyyətləri barədə məlumat verdilər. Bildirildi ki, qəhvəyi şəkərin hazırlanmasında fərqli texnoloji proseslər tətbiq olunur.

Beləliklə, zavodda təkcə şəkərin çuğundurdan necə əldə edildiyini deyil, onun keyfiyyətinin necə yoxlanıldığını və son məhsul halına gətirilməsini də öyrəndik.

Fermerlərin maarifləndirilməsi niyə vacibdir?

Media turu çərçivəsində "Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rza Məmmədovla da görüşdük.

O, şirkətin aqrar sahədəki fəaliyyəti, fermerlərlə əməkdaşlığı və kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi istiqamətində görülən işlərdən danışdı.

Rza Məmmədov xüsusilə fermerlərin müasir texnologiyalardan istifadə etməsinin vacibliyini qeyd etdi. Onun sözlərinə görə, fermerlərin yeni biliklər qazanması və rəqəmsal layihələrə cəlb olunması aqrar sahənin inkişafı baxımından əhəmiyyətlidir.
 
Görüşdən aydın oldu ki, kənd təsərrüfatının inkişafı yalnız məhsul istehsalını artırmaqla məhdudlaşmır. Fermerlərin yeniliklər barədə vaxtında və düzgün məlumatlandırılması da bu prosesin vacib hissəsidir.

Kənd təsərrüfatı üçün təhlükə yaradan zərərverici

Təlimdə diqqətimizi çəkən mövzulardan biri də son dövrlər kənd təsərrüfatı üçün təhlükə yaradan qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri oldu.

Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə bu zərərvericinin kənd təsərrüfatına vurduğu ziyan və onunla mübarizə yolları barədə ətraflı məlumat verdi.

Öyrəndik ki, qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalana bilir. Bu isə onun kənd təsərrüfatı məhsulları üçün nə qədər ciddi təhlükə yaratdığını göstərir.

Rəşad Mehdizadənin sözlərinə görə, zərərvericiyə qarşı mexaniki, kimyəvi və bioloji mübarizə üsullarından istifadə edilir.

Kimyəvi mübarizə zamanı insan sağlamlığının və ətraf mühitin qorunması xüsusi əhəmiyyət daşıyır. Məsələn, dərmanlama aparılan ərazilərdə arıların zərər görməməsi üçün arıçıların əvvəlcədən məlumatlandırılması vacibdir.

Mexaniki mübarizə üsulu isə həşəratların toplanaraq məhv edilməsindən ibarətdir.

Burada maraqlı bir məqamı da öyrəndik: qəhvəyi mərmər bağacıqlarını əllə əzmək məsləhət görülmür. Çünki bu həşəratlar təhlükə hiss etdikdə xoşagəlməz qoxu yayırlar.

Samuray arısı zərərvericilərlə necə mübarizə aparır?

Təlim zamanı eşitdiyimiz ən maraqlı məlumatlardan biri də qəhvəyi mərmər bağacığına qarşı samuray arısından istifadə edilməsi idi.

İlk baxışdan bir arının başqa bir zərərverici ilə mübarizədə necə kömək edə biləcəyi sual doğurur.

Mütəxəssisin izahından öyrəndik ki, samuray arısı parazit arı növüdür. O, qəhvəyi mərmər bağacığının yumurtalarını taparaq onların daxilində inkişaf edir və beləliklə, zərərvericinin çoxalmasının qarşısını alır.

Azərbaycanda da bu arıların artırılması istiqamətində işlər görülür.

Gəncədə yaradılan laboratoriyada Türkiyədən gətirilən nümunələr əsasında samuray arılarının çoxaldılmasına başlanılıb. Zaqatala, Qax və Qazax rayonlarında isə onların təbiətə buraxılması istiqamətində tədbirlər həyata keçirilir.

Bu üsulun üstünlüyü zərərvericilərlə bioloji yolla mübarizə aparmağa imkan verməsidir. Lakin mütəxəssislərin də bildirdiyi kimi, belə mübarizə üsullarının nəticəsini görmək üçün müəyyən vaxt lazımdır.
 
Öyrəndiklərimizi sınaqdan keçirdik

Gün ərzində müxtəlif mövzularda xeyli məlumat əldə etdik. Təlimin sonunda isə jurnalistlər üçün aqrar biliklər üzrə quiz təşkil olundu.

Bu dəfə dinlədiklərimizi nə qədər yadda saxladığımızı yoxlamaq imkanı qazandıq.

Quiz zamanı gün ərzində öyrəndiyimiz məlumatları bir daha xatırladıq. Bu hissə həm maraqlı keçdi, həm də aqrar sahə ilə bağlı əldə etdiyimiz bilikləri möhkəmləndirməyə kömək etdi.

İmişlidən Bakıya - Yeni biliklərlə dönüş

Beləliklə, İmişliyə səfərimiz başa çatmaq üzrə idi.

Gün ərzində İmişli Şəkər Zavodunun fəaliyyəti ilə yaxından tanış olduq, istehsal prosesini izlədik, mütəxəssisləri dinlədik və kənd təsərrüfatında görülən işlərlə bağlı yeni məlumatlar əldə etdik.

Etiraf etmək lazımdır ki, hər gün istifadə etdiyimiz şəkərin hazırlanmasının arxasında bu qədər mərhələnin dayanması insanı düşündürür. Zavodda gördüklərimizdən sonra adi bir məhsulun istehsalına belə fərqli gözlə baxmağa başladıq.

Səfərin sonunda İmişlidə nahar etdik. Daha sonra isə Bakıya qayıtmaq üçün yola düşdük.

Təxminən dörd saat yarım davam edən yolun ardından paytaxta çatdıq.

İmişli səfəri bizim üçün yalnız şəkərin istehsalını izləməkdən ibarət olmadı. Bu media turunda kənd təsərrüfatının inkişafında elmin, müasir texnologiyaların, fermerlərin maarifləndirilməsinin və medianın nə qədər mühüm rol oynadığını bir daha gördük.

Səhər saatlarında yeni məlumatlar əldə etmək üçün yola çıxdığımız İmişlidən axşam həm öyrəndiklərimiz, həm də xoş təəssüratlarımızla ayrıldıq.

Cəmalə Allahverdiyeva

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR