Kart ödənişlərində yeni limitlər qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert AÇIQLADI

Kart ödənişlərində yeni limitlər qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert AÇIQLADI
İQTİSADİYYAT
16:40 01.06.2026
400
Bu gündən etibarən ölkədaxili kart ödənişləri üzrə tətbiq edilən interçeync (xidmət haqqı) tariflərinin yuxarı həddi müəyyənləşdirilib.

Yeni qaydalara əsasən, aptek və supermarketlərdə aparılan ödənişlər üzrə limit 1,25 faiz, yanacaqdoldurma məntəqələrində 0,75 faiz, ümumi kateqoriyaya aid ödənişlərdə isə 1,5 faiz təşkil edəcək.

Digər MCC kodları üzrə kart ödənişlərində interçeync tariflərinin yuxarı həddi müəyyən olunmayıb.

İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, Xərclərin azalması məhsul və xidmətlərin qiymətlərinə müsbət təsir göstərəcək:

"Əvvəllər interçeync (interchange) haqları daha yüksək, bəzi hallarda isə 2 faizdən də artıq idi. Yeni qaydalar əsasən biznes subyektlərinə aiddir və bu tariflərin aşağı salınması sahibkarların xərclərinin azalmasına səbəb olacaq. 

Xərclərin azalması isə məhsul və xidmətlərin qiymətlərinə müsbət təsir göstərə bilər. Nəticədə bəzi satış nöqtələrinin qiymətləri endirməsi ehtimalı yaranır”.

O qeyd edib ki, yeni qayda nagdsız ödənişlərin yayılmasına səbəb olacaq:

"Bundan əlavə, interçeync haqlarının azalması sahibkarların kartla ödənişlərə daha müsbət yanaşmasına şərait yaradacaq. Bu da nağdsız ödənişlərin genişlənməsinə və kart qəbul edən ticarət obyektlərinin sayının artmasına təkan verə bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR