Kiberhücumların gizli məqsədi: Dövlət infrastrukturu niyə hədəfə alınır?

Kiberhücumların gizli məqsədi: Dövlət infrastrukturu niyə hədəfə alınır?
SOSİAL
20:01 22.10.2026
111
Dövlət infrastrukturlarına və rəsmi saytlara qarşı həyata keçirilən kiberhücumların məqsədləri hücumun növündən və onu həyata keçirən tərəfin kimliyindən asılı olaraq dəyişir. Belə hücumlar psixoloji və siyasi təsir göstərmək, informasiya müharibəsi aparmaq, strateji və hərbi üstünlük əldə etmək, eləcə də texniki və maddi maraqları təmin etmək məqsədi daşıya bilər.

Bu barədə kibertəhlükəsizlik üzrə ekspert Fərid Musayev XəzərNews.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, dövlət saytlarına qarşı hücumların əsas məqsədlərindən biri cəmiyyətdə panika və qorxu yaratmaqdır:

"Sosial xidmətlərə və elektron hökumət portallarına çıxışın məhdudlaşdırılması vətəndaşlarda dövlətin özünü qoruya bilmədiyi və sistemin çökmək üzrə olduğu təəssüratını yarada, dövlət institutlarına olan etimadı sarsıda bilər. Saytların ələ keçirilməsi vasitəsilə rəsmi məlumatların əvəzinə yalan xəbərlərin və manipulyativ məlumatların yayılması da mümkündür. Dövlətlər arasında həyata keçirilən kiberhücumlar strateji və hərbi məqsədlər daşıya bilər, bu zaman enerji, su, nəqliyyat və rabitə kimi kritik infrastrukturun idarəetmə sistemləri hədəfə alına, nəticədə real həyatda xidmətlərin fəaliyyəti pozula bilər. Bəzi hallarda isə hücumçular dərhal zərər vurmaq əvəzinə, dövlətin daxili şəbəkə strukturunu, istifadə etdiyi texnologiyaları və kritik nöqtələrini öyrənərək gələcək hücumlara hazırlaşırlar, kiberhücumların digər məqsədlərindən biri də məlumatların oğurlanmasıdır, hərbi sirlər, diplomatik yazışmalar və vətəndaşların şəxsi məlumatları kəşfiyyat və gələcəkdə şantaj məqsədilə ələ keçirilə bilər".
 

 
Mütəxəssis DDoS hücumlarının da dövlət saytlarının fəaliyyətini dayandırmaq üçün istifadə edildiyini bildirib:

"Bu hücumlar zamanı sayt həddindən artıq trafikə məruz qalaraq işləməz vəziyyətə düşür. Belə əməliyyatlar diqqət çəkmək, güc nümayiş etdirmək və ya diqqəti eyni vaxtda baş verən başqa bir kiberhadisədən yayındırmaq məqsədi daşıya bilər. Bundan başqa, dövlət qurumlarına qarşı "ransomware" hücumları da həyata keçirilə bilər, bu zaman cinayətkar qruplar qurumların məlumatlarını şifrələyərək onların yenidən açılması müqabilində böyük məbləğdə pul tələb edirlər".

Mütəxəssis sonda qeyd edib ki, dövlət saytlarına qarşı kiberhücumların məqsədləri əsasən iki istiqamətdə qiymətləndirilə bilər. Görünən hücumlar saytların fəaliyyətini dayandırmaq, diqqət çəkmək, panika yaratmaq və güc nümayiş etdirmək məqsədi daşıyır. Gizli hücumlarda isə əsas məqsəd sistemlərdə uzun müddət aşkar edilmədən qalmaq, kritik məlumatları toplamaq və strateji üstünlük əldə etməkdir.

İsmayıl
OXŞAR XƏBƏRLƏR