Kimdir Əli Əhmədov? Bilməyənlərin bir daha nəzərinə! - KÖŞƏ
Bütün Xəbərlər
17:50 08.10.2012
1725
Kamil Həmzəoğlu Gözəlim Azərbaycanımızda məşhur el məsəlincə “at izi, it izinə qarışıb”, bir müddət öncə başqa bir yazımda qeyd etdiyim kimi. Hamı özünü aydan arı, sudan duru bilir və qarşısındakını heç nədən çəkinmədən, abır-həya etmədən aşağılayır, lağlağı, kinayə hədəfinə, ittiham obyektinə çevirir. Beləliklə, qalırsan çaşbaşlıq içində, bilmirsən ki, kim “əyridir”, kim “düz”. Amma bir balaca arif olanlar üçünsə hər şey gün kimi aydındır, kimin kim olduğunu tez ayırd edə və onunla bağlı qərar verə bilirlər...Məsələyə bu qədər gendən başlamağım da səbəbsiz deyil. Məlum videoqalmaqalından sonra əməlli-başlı mərəkə, vay-şivən yaşanır və ya yaşadılır. Hər şey yenə “toz-duman” içindədir. Yenə fərqinə, mahiyyətinə varmadan hamı özünü mələk kimi göstərir, önünə çıxanı ittiham atəşinə tutmağa, öz çamurunu başqasının üzərinə atıb, “vallah, elə ən təmiz və ideal adam mənəm, eyni zamanda, haqsızlığa uğrayan adam da mənəm” deməyə çaba sərf edir. Bu, kimlərdəsə alınır, kimlərdəsə alınmır, nə qədər çalışsa da, vuruşsa da alınmır. Belə görünür ki, heç alınmayacaq və ya alınası da deyil. Əlqərəz, bu gün qəzetlərdən birinin baş xəbərlərindən birində məlum videoqalmaqalla bağlı bir “yazı”yla, həmin qalmaqalın əsas tərəflərindən biri olan şəxsin “facebook” səhifəsinə istinadən yer alan bir “material”la qarşılaşdım və düzünü desəm, çox pərt oldum. Öz-özümə dedim ki, kaş vaxtımı sərf edib oxumayaydım...Burada da söhbət Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədovun məlum videoqalmaqala görə son dərəcə kəskin və sərt üslublu ittihamına məşhur “Xoruz” şerilə cavab verilməsi, onun qəzetinin təbirincə desək, “Xoruz baba”ya bənzədilməsindən gedir. Əlbəttə, hər kəsin, xüsusilə, ittiham olunanın bizdə də cavab haqqı var və o, ona ünvanlanmış tənqidə, təhqirə və ya ittihama eyni üslubla cavab vermək haqqına da sahibdir. Amma...Amması da odur ki, gərək elə ittiham edəsən və ya sənə ünvanlanmış ittihamı elə cavablandırasan ki, buna ən azı beş-üç nəfər inanan olsun. Bunun belə demək mümkünsə, qərəzdən, qəzəbdən doğan kin-küdurət, nifrin, yaxud, böhtan olmadığı haqqını qazanasan. Amma...Mənim Əli Əhmədovun həmin açıqlaması ilə bağlı bir sözüm yoxdur. Düzdür, yalandır, həqiqətdir, həqiqət deyil, bunu da iddia edə bilmərəm. Hərçənd ki, görünən kəndə bələdçi axtarışına çıxmağa da elə bir lüzum yoxdur, hər şey ortadadır. Sadəcə, məni bir yazar, qələm əhli, ən əsası bir vətəndaş, Türk insanı kimi narahat edən odur ki, Azərbaycanda son illərdə ən azı hamının yaxından tanıdığı və siyasi mənsubiyyətindən asılı olmayaraq böyük əksəriyyətin hörmət etdiyi bir insan - Əli Əhmədov haqda bu cür aşağılayıcı, təhqiredici “fikir” işlədəsən və kimlərsə də onun “tirajlanmasına” bu dərəcədə canı-dildən səy göstərə...Əslində orada həmin məşhur şeirdən istifadə edilməsinin və guya kimlərinsə Əli Əhmədova “Xoruz baba” ayaması qoymasının iddia olunmasının sətiraltı mənasını bilmək üçün heç də yenidən Amerika kəşf etmək və ya nəsə icad etmək lazım deyil. Azərbaycanda hər kəs, uşaqdan böyüyəcən bunun nə üçün işlədildiyini “gözəl” bilir. Bunu bilə-bilə indi danışmağa haqqı olmayanların Əli Əhmədov kimi-çoxlarına qismət olmayan və olmayacaq- təmiz reputasiyaya malik, son dərəcədə böyük əxlaqi və mənəvi keyfiyyətlər daşıyıcısı olan bir siyasətçi haqda bu cür çirkin, hamı tərəfindən - bayaqdan bunu oxuyanlar öz mənfi, yumşaq şəkildə desək, fikirlərini bildirirlər - kəskin mənfi reaksiya ilə qarşılanan fikirlər səsləndirməsi, onun nüfuzlu bir mətbu orqan tərəfindən tirajlandırılması, baş xəbərlərindən birinə çevirməsi ayıbdan başqa bir şey deyil. Kimlərinsə haqqı olmaya-olmaya rəqib və ya düşmən hesab etdiyinə “siyasət əxlaqı sevmir, siyasət bataqlıqdır, siyasət əxlaqsızlıqdır” düşüncəsi ilə yanaşması heç bir halda qəbul olunan və təqdir edilən hal, hərəkət deyil...Əli Əhmədovu şəxsən yaxından tanıyan bir şəxs kimi deyə bilərəm ki, bu insan siyasi mənsubiyyətindən asılı olmayaraq, tanıdığım və o qədər də tanımadığım siyasət adamları içərisində ən əxlaqlı, ən mənəviyyatlı, əsl Azərbaycan-Türk kişisi olanlardandır. Ondan ötən 14 il ərzində yüzlərlə müsahibələr, açıqlamalar götürmüşəm, hətta, imkan düşəndə şəxsi söhbətlər etmişəm. Ancaq bircə dəfə olsun belə onun dilindən kiminsə ünvanına yaraşmayacaq ifadələr eşitməmişəm, kiməsə qurşaqdan aşağı zərbələr sayıla biləcək sözlər səsləndirdiyinin şahidi olmamışam. Bunu elə Əli Əhmədovu yaxından-uzaqdan tanıyan hər bir şəxs də yaxşı bilir və etiraf edir. Sadəcə, görünür, öz gözlərində tiri görməyənlər yenə də “şakər”lərindən əl çəkmək istəmirlər...Amma əlahəzrət reallıq, fakt isə öz reallığında və faktlığında qalmaqdadır. Nə olursa-olsun, boş çabalarla o reallığı və ya faktı dəyişmək, onun üzərinə kölgə salmaq mümkün deyil. O cümlədən, Əli Əhmədov haqda məlum fikirləri səsləndirməklə, dövriyyəyə buraxmaqla və onu tirajlandırmaqla da əsl həqiqətin üzərinə ləkə salmaq, məsələni hədəfdən yayındırmaq mümkün deyil və olmayacaq.