Konstitusiya Məhkəməsinin hakimindən Erkin Qədirova sərt cavab

Konstitusiya Məhkəməsinin hakimindən Erkin Qədirova sərt cavab
Bütün Xəbərlər
11:21 25.04.2013
1944

Konstitusiya Məhkəməsinin hakimi, Hüquq elmi üzrə fəlsəfə doktoruRövşən İsmayılov “azvision” saytında”Erkin Qədirovun hüquqi jonqlyorluğu” adlı məqalə ilə çıxış edib. AZXEBER.COM həmin yazının maraqlı olduğunu nəzərə alaraq onu oxucuların diqqətinə çatdırır:

Ön söz

Bu yazıda bəzi hüquqşünasların, xüsusilə də Erkin Qədirovun son zamanlar yayılan “postreferendum” mövzusu ətrafında fikirlərini, onun bəzi konstitusiya normalarından doğan müxtəlif dəyərlərin məzmunu və onların 2009-cu ildə referendum yolu ilə dəyişdirilmiş Konstitusiyanın 101.5-ci maddəsinin köhnə redaksiyasına proyeksiyası haqqında mülahizələrini dəyərləndirməyə çalışacağıq. Belə ki, həmin mülahizələrdə hazırkı dövlət başçısının 2013-cü ilin prezident seçkisində iştirak edə bilməməsi əsaslandırılmağa çalışılır və bu məqsədlə iki məqam qabardılır.

Birincisi, iddia olunur ki, “Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi barədə Milli Məclisin təklifləri ilə bağlı rəyin verilməsi” barədə qərarı qəbul edən Konstitusiya Məhkəməsinin tərkibi legitim olmamışdır. Belə ki, 2008-ci il iyulun 14-ü üçün məhkəmənin 9 hakimindən 6-sının səlahiyyət müddəti başa çatmışdı. Bu hakimlər 2004-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi Haqqında” yeni qanunun 79.2-ci maddəsinə uyğun olaraq ikinci müddətə təyin oluna bilərdilər. Lakin həmin tarixə səlahiyyət müddəti bitmiş hakimlərin vəzifəsinə heç kim təyin olunmamışdı. Bunun əvəzində “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 79.1-ci maddəsinə iki cümlə əlavə edilmişdi. Həmin əlavəyə görə, Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab olunur.

Müəllifin fikrincə, bu düzəliş Konstitusiya Məhkəməsinin tərkibini legitimləşdirə bilməz. Çünki səlahiyyət müddəti bitmiş hakimin öz səlahiyyətlərini icra etməsi yalnız bir halda legitim ola bilər: səlahiyyət müddəti bitənədək başladığı məhkəmə işinin hakim tərəfindən yekunlaşdırılması. Nəticədə, Erkin Qədirovun fikrincə, “qeyri-legitim” Məhkəmənin referendum barədə qəbul etdiyi qərar referendumun özünün legitimliyini şübhə altına qoyur.

İkincisi, iddia olunur ki, hazırkı dövlət başçısı 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürə bilməz. Bu zaman müəllif bəzi beynəlxalq və milli məhkəmələrdə tətbiq olunan “legitim gözləntilər” prinsipinə istinad edərək yazır ki, Konstitusiyanın 149.7-ci maddəsinə görə, subyektin hüquqi vəziyyətini yaxşılaşdırmağı nəzərdə tutan normativ aktların geriyə qüvvəsi Konstitusiyanın 2009-cu il referendumu ilə dəyişdirilməyən 101.5-ci madəsinin köhnə redaksiyasına tətbiq oluna bilməz.

Bu səbədən müəllifin təhlilinin ardıcıllığına və əsaslılığına və nəticə olaraq yekun müddəalarına şübhə ilə yanaşıram.

Konstitusiya Məhkəməsinin legitimliyi barədə

2008-ci ilin iyulun 4-də Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Haqqında” qanunun 79.1-ci maddəsinə belə bir əlavə edilmişdir: “Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab olunur.”Qanuna dəyişiklik 2008-ci il iyulun 12-də Konstitusiya Məhkəməsinin 6 üzvünün səlahiyyət müddətinin başa çatmasına 2 gün qalmış qüvvəyə minmişdir.

Bu dəyişikliyi qəbul edəndə qanunverici orqan təbii olaraq bilirdi ki, Konstitusiya Məhkəməsinin 9 üzvündən 6-nın səlahiyyət müddəti başa çatmaq üzrədir və ilk növbədə Konstitusiya Məhkəməsinin fəaliyyətinin fasiləsizliyi prinsipindən çıxış edirdi. Məsələ ondadır ki, “Konstitusiya Məhkəməsi” haqqında qanunun 6.6-cı maddəsinə görə, Konstitusiya Məhkəməsi Plenumunun iclası azı 6 hakim iştirak etdikdə səlahiyyətlidir. 6 hakimin eyni vaxtda səlahiyyətinin bitməsi, üstəgəl yenilərinin təyin olunmaması və ya bir səlahiyyət müddətini işləmiş hakimin yenidən təyin olunmaması faktiki konstitusion orqanın disfunksiyasına və müvafiq mənfi nəticələrə gətirib çıxara bilərdi. Bu baxımdan, hər bir ölkənin konstitusion qaydasında Konstitusiya Məhkəməsinin əhəmiyyətli rolunu qeyd etmək lazımdır.

Qeyd etmək lazımdır ki, Konstitusiya ədliyyə orqanlarına hakimlərin təyinatı kifayət qədər mürəkkəb prosesdir. Həmin hakimlərin üzərinə böyük səlahiyyət düşdüyündən, onlar ən peşəkar və layiqli hüquqşünasların arasından seçilməlidirlər. Yəni onlara aid tələblərə uyğun hüquqşünasları seçmək o qədər də sadə məsələ deyil.

Bir sıra ölkələrin konstitusion pratikasında belədir ki, Konstitusiya Məhkəməsinin tərkibi qanunverilcilikdə göstərilən zaman keçdikcə hissə-hissə dəyişdirilir. Bunda məqsəd ilk növbədə həmin orqanın fəaliyyətinin davamlığını, fasiləsizliyini təmin etməkdir.

Məsələn, Fransada hər 3 ildən bir Konstitusiya Şurasının tərkibinin 1/3-i dəyişir. Konstitusiya Şurasının birinci tərkibdə rotasiya mexanizmini işə salmaq məqsədilə məhkəmənin 3 hakimi 9 illiyə, 3-ü 6 illiyə, 3-ü isə 3 illiyə təyin olunmuşdular. Bir sıra digər ölkələrdə də oxşar qayda var.

Amma bir sıra dövlətlərdə, o cümlədən də Azərbaycanda qanunvericilikdə belə müddəalar nəzərdə tutlmamışdır. Nəticədə eyni vaxtda bir neçə hakimin səlahiyyət müddəti bitdikdə müvafiq qanunvericilik tədbirləri görülməsə, məhkəmənin fəaliyyəti sadəcə, dayana bilər. Ona görə də 2008-ci ilin iyulunda Konstitusiya Məhkəməsinin tərkibinin 2/3-nin səlahiyyət müddəti başa çatanda “Konstitusiya Məhkəməsi Haqqında” qanunun 79.1 maddəsinə dəyişiklik etmək bu orqanın fəaliyyətinin davamlığını təmin etmək baxımından zəruri idi.

Onu da qeyd edək ki, Erkin Qədirovun səlahiyyət müddəti bitmiş hakimin öz səlahiyyətini icra etməsi yalnız səlahiyyət müddəti bitənədək başladığı işin baxılması halında və həmin iş başa çatanadək mümkündür iddiası beynəlxalq və xarici təcrübədə təsdiqlənmir. Belə ki, BMT-nin Beynəlxlaq Məhkəməsinin Statutunun və Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq olaraq 13 və 23-cü maddələrinə görə, hakimlər əvəzlənənə qədər öz postlarında qalırlar. Bununla yanaşı, əvəzlənəndən sonra da yarımçıq qalan işlərini sona çatdırana qədər işləyirlər.

Beləliklə, göstərilən beynəlxalq sənədlərə əsasən hətta səlahiyyət müddətləri başa çatmış olduqda belə, nə qədər ki hakimlər əvəzlənməyib, onların legitimliyi heç bir mübahisə doğurmur. Bunu müvafiq normaların tətbiqi praktikası da təsdiqəyir. Məsələn, 2008-ci ildə Xanlar Hacıyevin ikinci dəfə Avropa İnsan Haqları Məhkəməsinə seçilməsinə qədər yaranmış vəziyyəti yada salmaq yerinə düşər. Baxmayaraq ki, onun səlahiyyət müddəti 2007-ci ilin oktyabrın 31-də başa çatmışdı, o, ikinci dəfə seçilənə qədər öz vəzifəsində qalmaqda davam edirdi.Yaxud, eyni məhkəmənin hakimi Butkeviçlə bağlı vəziyəti də analoji idi. 2007-ci il oktyabrın 31-də səlahiyyət müddətinin başa çatmasına baxmayaraq o da, ikinci dəfə seçilənə qədər, yəni 2008-ci ilin noyabrına qədər vəzifəsinin icrasına davam etmişdi.

Beynəlxalq normalara oxşar normalar bir sıra ölkələrin konstitusion ədliyyə orqanları barədə qanunvericiliyində də rast gəlinir. Məsələn, Latviyanın Konstitusiya Məhkəməsi haqqında Qanununun 3-cü maddəsinə görə, “Əgər Saeyma Konstitusiya Məhkəməsinin səlahiyyət müddəti bitən və ya həmin qanunun 8-ci maddəsinin 1-ci hissəsində göstərilən yaş həddinə çatan hakiminin yerinə başqa hakimi təyin etməyibsə, onun səlahiyyət müddəti yerinə başqa hakim təyin olunana qədər uzadılır”. Oxşar normalar digər ölkələrin (Albaniya, Macarıstan, Litva və s.) qanunvericiliyində də var.

Eyni zamanda, qeyd eləmək lazımdır ki, Avropa Məhkəməsində hətta hakimin səlahiyyət müddəti başa çatandan və yenisi təyin olunandan sonra belə, yeni hakim şəraitə uyğunlaşana qədər köhnənin təkcə yarımçıq yox, hə də digər işlərlə məşğul olmasına icazə verilir. Bu, Avropa Şurasının Parlament Assambleyasının 1646 saylı qətnaməsində (2009-cu il) əksini tapmışdır (Qətnamə İnsan Haqları Üzrə Avrpa Məhkəməsinə namizədlərin irəli sürülməsi və hakimlərin təyin olunması ilə bağlıdır).

Beləliklə, 2008-ci ilin yayında Azərbaycan qanunvericisi Məhkəmənin fəaliyyətinin fasiləsizliyi prinsipindən çıxış edərək 6 hakimin səlahiyət müddətinin başa çatması anında yeganə doğru qərarı vermişdi. Bu çox vacib məqamdır. Çünki, “Konstitusiya Məhkəməsi Haqqında” Qanunun 79.1-ci maddəsinə edilən dəyişikliyin iyulun 12-də, yəni 6 hakimin səlahiyyət müddətinin başa çatmasına 2 gün qalmış qüvvəyə minməsi məhkəmənin tərkibi yeniləşənə qədər onun legitimliyini təmin etmişdi.

Konstitusiyanın 101.5-ci maddəsi

2009-cu ildə keçirilən referendumla Konstitusiyanın Azərbaycan Respublikası vətəndaşının Prezident vəzifəsinə dalbadal iki dəfədən artıq seçilə bilməməsini nəzərdə tutan 101.5-ci maddəsi dəyişdirildi və nəticədə həmin qadağa aradan qaldırıldı. Erkin Qədirovun fikrincə, bu maddənin köhnə redaksiyası hazırkı dövlət başçısına münasibətdə qüvvədə qalmaqda davam edir və ona görə də, o, 2013-cü il Prezident seçkilərində namizəd qismində iştirak edə bilməz. E.Qədirov mülahizələrini iki məqamla əsaslandırılmağa çalışılır: Legitim gözləntilər prinsipi və 101.5-ci maddənin köhnə redaksiyasına münasibətdə Konstitusiyanın 149.7-ci maddəsinin tətbiq edilə bilməməsi.

Bu, doğrudanmı belədir? Bu suala cavab vermək üçün ilk növbədə hüquqi gözləntilər prinsipinin məzmununu aydınlaşdırmaq və onun bu kontekstdə tətbiq edilməsi imkanlarına nəzər salmaq lazımdır.

Bir sıra beynəlxalq və milli məhkəmələrin təcrübəsində tətbiq olunan Legitim gözləntilər prinsipi Avropa Birliyi hüququnun əsas fundamental prinsiplərindən biridir. Lakin o, Avropa Ədalət Məhkəməsin praktikasında yerini tapana qədər xeyli vaxt keçib. Bu prinsip öz kökləri ilə Alman inzibati hüququna gedib çıxır və etimadın qorunmasını nəzərdə tutan “Vertrauensschutz” konsepsiyası ilə bağlıdır.

1961-ci ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsi bildirir ki, mülki hüquq sahəsində retroaktiv qanunların qəbuluna yasaq qoyulması vətəndaşların hakimiyyət orqanlarına etimadın və onların legitim gözləntilərinin qorunması zəruriliyi ilə bağlıdır. Lakin bu halda söhbət mülki hüquqda retroaktivliyin tam yasaqlanmasından getmir. Söhbət dəyişmiş qanunun köhnə müddəalarının icrası ilə bağlı fərdlərdə yarana biləcək gözləntilərin qorunmasından gedir. Qanunun dönməzliyi və legitim gözləntilərin qorunması prinsipləri arasındakı bu cür əlaqəni Avropa Ədalət Məhkəməsi hüququnda da görmək olar. Lakin burada da söhbət fərdlər üçün mənfi nəticələri olan qanunun retroaktivliyindən gedir.

Avropa Ədalət Məhkəməsinin praktikasında “Vertrauensschutz” termini əvvəlcə “hüquqi etimadın qorunması” («protection of legitimate confidence») kimi tərcümə edilmişdi ki, bu da alman ekvivalentinə xeyli dərəcədə uyğundur. Lakin bu tərcümə variantının çaşqınlıq yarada biləcəyi nəzərə alınaraq, «legitimate expectations» – legitim gözləntilər termini tətbiq olunmağa başladı və geniş yayıldı. Avropa Ədalət Məhkəməsində o, ilk dəfə 1973-cü ildə “Staff Salaries”işində tətbiq olunmuşdu.

Konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, inzibati orqanlar vətəndaşlarda normativ aktların qəbulu, konkret məsələlərin həllində inzibati praktikanın oturuşması, eləcə də konkret tədbirlərin görülüb-görülməməsi ilə əlaqədar inzibati orqanların açıq aydın vədləri ilə bağlı yaranan gözləntiləri pozmamalıdır. Belə vədlərin yerinə yetirilməməsi fərdə ziyan vurmuşsa, bu, həmin prinsipin pozulması hesab oluna bilər. Prinsipin önəminə və geniş tətbiqinə baxmayaraq, o, mütləq deyil və onun tətbiqi hədləri var. Bu prinsip yalnız Avropa Ədalət Məhkəməsində və Avropa İnsan Hüquqları Məhkəməsində deyil, həm də bir sıra milli məhkəmələrdə də inzibati orqanların fəaliyyəti/fəaliyyətsizliyi nəticəsində fərdlərə dəyən maddi (əmlak) zərər ilə bağlı hallarda tətbiq olunur. Bundan əlavə, gözləntilərin legitimliyinin tanınması üçün onlar həm də əsaslandırılmış olmalı və gözləntinin pozulması nəticəsində dəyən zərər aşkar görünməlidir.

OXŞAR XƏBƏRLƏR