Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, tamaşada Koroğlu rolunda ilk dəfə gənc vokalçı Ramil Qasımov çıxış edəcək.
Teatrın direktoru Akif Məlikov bildirib ki, musiqi sahəsində yaradıcı gənclərin ən qabiliyyətli nümayəndələrini biz hər zaman diqqət mərkəzində saxlayır və onların fəaliyyətini izləyirik. Bu sıradan ən istedadlı gəncləri Opera və Balet Teatrının fəaliyyətinə cəlb edirik. Opera sənətində Koroğlu partiyası vokal nöqteyi-nəzərdən çox mürəkkəb bir partiyadır. Ramil Qasımova Koroğlu rolunu etibar etməyimiz heç də təsadüfi deyildir. Ramil çox böyük vokal imkanlara malikdir, təmiz, cingiltili və gözəl səs tembri vardır.
Vokal ustalığı, onu tamamlayan yüksək aktyorluq qabiliyyəti və digər müsbət xüsusiyyətlər bizə R. Qasımovu Koroğlu roluna dəvət etməyə imkan verdi. Mən inanıram ki, o bu partiyanın öhdəsindən müvəffəqiyyətlə gələcək və ən yaxın zamanda biz Koroğlu rolunun yeni bir ifaçısını qazanacağıq.