Korrupsiyaya qarşı mübarizə cəmiyyətdə ab-havanı dəyişibmi?

Bütün Xəbərlər
10:38 09.02.2011
1809

Seyran Səxavət: "Hər şey tam, bütöv dəyişməlidir. Yoxsa ki, epizodik dəyişikliklər problemi köklü həll edə bilməz"

Mehriban Zeynalova: "Azacıq müsbət dəyişiklik cəmiyyətdə müsbət aura yaradır"

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi müşavirədən sonra ayrı-ayrı nazirliklər, komitələr tərəfindən geniş kollegiya iclasları keçirilir və işində nöqsanlara yol vermiş məmurlar, idarə, müəssisə rəhbərləri, əməkdaşlar işdən azad edilir. 


Müxtəlif dövlət qurumlarında vətəndaşların ərizə və şikayətlərinə baxılmasında da operativlik hiss olunur. Hətta rüşvət verməyə alışqan Azərbaycan vətəndaşı indi qarşısına belə bir tələb qoyulmadığına təəccüblənir də. Son zamanlar həyata keçirilən tədbirlər cəmiyyətdə öz bəhrəsini verirmi? Bu sualla ziyalılarımıza müraciət etdik. 

Yazıçı-publisist, millət vəkili Aqil Abbas son günlər baş verən dəyişikliklərin cəmiyyətdə müsbət ab-hava yaratdığını dedi:

- Korrupsiyaya qarşı mübarizə həmişə aparılıb. Bununla əlaqədar bir neçə dövlət məmurları həbs edilib, vəzifəsindən uzaqlaşdırılıb. Yəni belə işlər mütəmadi olaraq gedir. Amma korrupsiya elə bir şeydir ki onu kökündən qoparıb atmaq, heç Amerika kimi ən inkişaf etmiş dövlətdə də mümkün olmayıb hələ. Prezidentin keçirdiyi müşavirədən sonra müxtəlif nazirliklərin dövlət idarələrinin məsələyə reaksiya verməsi, təbii ki, insanlarda məmnunluq hissi yaradır. Şikayətlərə tez bir zamanda baxılması və yaxud da cinayət əməli olanların cəzalandırılmasıdı. Belə işlər insanlarda xoş əhval-ruhiyyə yaradır. İnsanlarda bir əminlik yaranır ki, səsimi eşidəcək qurum var, sözümü dinləyəcək şəxs var. Mən, Milli Məclisin deputatıyam, 500-ə qədər şikayət gəlib, onun 200-nü həll edə bilmişəm. Müxtəlif dövlət qurumları da az-çox iş görürlər. Amma təbii ki, hamı Allahın bacısı oğlu deyil, birdən-birə dəyişsinlər, insanın nəfsi var. Bunun da qarşısını dövlət almalıdır. Almağa çalışırlar da. Bəzi mətbuat orqanları, müxalifətin bunu hansısa ölkədə baş verən hadisələrlə əlaqələndirməsi yanlışdır. Əvvəla, bizdə belə hadisələrin olması mümkün deyil. Dövlətin öz proqramı var, tədbirlər o proqram üzrə həyata keçirilir. Bu hadisələrin üst-üstə düşməsinə başqa məna verməyin özü mənasız bir şeydir. Təbii ki, hər kəs ona dövlət tərəfindən tapşırılan işi yerinə yetirməlidir. Mən sizə bir söz deyim; hələ 70-80-ci illərdə o zaman mərhum Heydər Əliyev müşavirə keçirmişdi və dövlət məmurlarına demişdi ki, yanınıza gələn adamı özünüzün övladınız, qardaşınız, ananız, bacınız kimi bilin. Özünüzü o adamın yerinə qoyun. Sözü ona gətirirəm ki, hər bir dövlət məmuru qapısını döyəni, şikayət edəni öz anası-bacısı, qardaşı bilməlidir. Şikayəti ciddi araşdırmalıdır. Çünki şikayətin həm haqlı tərəfi ola bilər, həm də haqsız. Şikayətə ciddi yanaşılanda, ədalət ortaya çıxar. Prezidentin əlini stola vurmağı məmurları silkələyir. Elə bil biri yuxudaydı, eyforiyadaydı, elə bilirdi belə də keçib gedəcək. Amma ayılıb görür ki, axşam xəbərlərdə deyə bilər, filankəs vəzifəsindən azad edilib. Bu mənada çalışmaq lazımdı ki, işlər şəffaf olsun, insanların, vətəndaşların ürəyincə olsun.

Yazıçı-dramaturq Seyran Səxavət isə fərqli düşünür və baş verənləri kosmetik dəyişiklik hesab edir:

- Mən heç bir müsbət dəyişiklik hiss etmirəm. Elə bilməyin ki, bunu "tərsinə danışmaq eşqindən" söyləyirəm. Neçə gündür Biləcəridə qaz yoxdur. Bakının "göbəyində" evində oturub televizora baxdığın yerdə işıq kəsilir. Paytaxtın mərkəzində niyə işıqlar kəsilməlidi?! Bilirsiz, burda hər şey tam, bütöv dəyişməlidir. Yoxsa ki, epizodik dəyişikliklər problemi köklü həll edə bilməz. Yəni düşünürsünüz ki, bu ölkənin problemi bir icra başçısının müavininin, yaxud da bir neçə doğum evinin baş həkiminin işdən azad edilməsi səviyyəsindədir?! Bunlar kosmetik dəyişikliklərdi. Bizdə "QAİ" həmişə rüşvət alıb. Maaşları artırılanda, uzaqbaşı 1 həftə dözürlər. Bir həftədən sonra yenə həmən-həməndi. İndi biz inanmalıyıq ki, doğrudan da bu 5-10 günün içində Azərbaycan polisi mədəniləşdi, korrupsiyaya, rüşvətə "yox" dedi?! Bu işlərin hamısı, rus demiş "dlya qaloçki"di. Nə qədər ki, biz işlərimizi bu cür - "dlya qaloçki" aparacağıq, problemlər düzəlməyəcək.

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova da son günlər müsbət dəyişikliklər olduğunu dedi:

- Qeyri-hökumət təşkilatı olaraq indiyədək hara müraciət etmişiksə, demək olar ki, həmişə cavab almışıq. Amma əlbəttə, bunu bütün dövlət qurumlarına aid etmək olmaz. Həqiqətən də, bəzi dövlət idarələrində, hətta adi Mənzil-istismar sahələrində də süründürməçilik halları olur, insanların şikayətlərini dinləmirlər, müraciətlərə baxmırlar. Şəxsən təmasımız olmasa da, son günlər bizə belə xəbərlər çatır ki, Gömrük Komitəsində, Əmlak Komitəsində müsbət yöndə dəyişikliklər baş verir. Əhali bunları müzakirə edir. Bu da yaxşı haldır. Bəzən insan müraciət etdiyi bir məmurun kobudluğunu görəndə geri çəkilir, bədbinliyə qapılır. Azacıq müsbət dəyişiklik isə cəmiyyətdə müsbət aura yaradır. İnsanlar ürəklənirlər, hüquq müdafiəçilərinin vasitəçiliyi olmadan da dövlət idarələrinə müraciət edirlər. Vətəndaşlar arasında bir qədər məlumatsızlıq da var. Hansı məsələ ilə əlaqədar hansı quruma müraciət edilməsi gərəkdiyini bilmirlər. Şikayətlərin təmin olunmamasının arxasında da bəzən bu səbəblər dayanır. Məmurlar da məsuliyyət hiss etməlidir. Hansısa əməkdaşın işinin öhdəsindən gəlməməsi, yaxud vətəndaşı incitməsi, həm də idarə rəhbərinin günahıdır. Digər tərəfdən, bizim əhalidə məmurlara münasibətdə bir stereotip də formalaşıb. Məmur qaşqabaqlı olmalıdır. Qapısında durub gözləməlisən, işi nəyinsə müqabilində görürlər və s. Məncə, cəmiyyətimiz, insanlarımız öncə bu stereotiplərdən azad olmalıdır. Cəmiyyət necə məmur görmək istəyirsə, beynində həmin stereotipi formalaşdırmalıdır. Əgər biz məmur deyəndə gözümüzün önünə qaşqabaqlı, kobud birisini gətiririksə, həyatda da məhz belələri ilə rastlaşacağıq.

//Şərq qəzeti

OXŞAR XƏBƏRLƏR