‘Kürəkənimi ağaca bağlayıb diri-diri yandırdılar’ - BBC QARABAĞDAN YAZDI

‘Kürəkənimi ağaca bağlayıb diri-diri yandırdılar’ - BBC QARABAĞDAN YAZDI
Bütün Xəbərlər
00:25 17.12.2012
1764

80 yaşlı azərbaycanlı məcburi köçken BBC-yə Qarabağ müharibəsi ilə bağlı şok faktlar açıqlayıb.

BBC radiosunun ingilisdilli auditoriya üçün hazırladığı verliş “Azerbaijan Armenia: Karabakh's smouldering conflict“ (“Azərbaycan Ermənistan: közərən Qarabağ münaqişəsi”) adlanır. Veriliş Damien Mkquinness tərəfindən hazırlanıb.

BBC-nin səhifəsinə yerləşdirilmiş məqalədə deyilir ki, Əntiqə Qəhrəmanova artıq 2 onillikdir ki, münaqişənin həllini gözləyir. Bu münaqişə onu öz evindən didərgin salıb. Amma qorxu getdikcə onu üstələyir. Dağlıq Qarabağ savaşı yenidən alovlana bilər və bu, əvvəlkindən daha dəhşətli olar.

AZXEBER.COM portalı həmin müsahibənin tərcümə edilmiş bəzi hissəsini təqdim edir.

 **** Kiçik bir otağa sığınmış 80 yaşlı Qəhrəmanova divarda qara haşiyəyə alınmış fotonu göstərir.   Fotodan iki gözəl gəncin kədərli baxışları boylanır. Bu, onun qızının və kürəkəninin birgə şəklidir.   O, 20 il öncə Ermənistanla müharibədə başına gələnləri danışdıqca gözlərindən yaş süzülüb gedir: “Erməni əsgərləri mənim kürəkənimi ağaca bağladılar, sonra ona diri-diri od vurdular. O, bağırırdı. Sonra onlar gülləni mənim qızımın başına sıxdılar“.   Jurnalist yazır ki, Qəhrəmanova və onun qızının dörd uşağını isə bu mənzərəyə zorla baxmağa vadar ediblər.   “Sonra onlar mənim 6 yaşlı qız nəvəmi güllələyib öldürdülər. O biri qız nəvəminsə dabanından güllə ilə vurdular. Ermənilər deyirdi ki, bu sizə bir dərs olmalıdır.“   Jurnalist yazır ki, sonra Qəhrəmanova öz nəvələri ilə ermənilərin əlindən qaça bilib. Kol-kos arxasında gizlənərək 4 gün qarlı yollardan keçərək, nəvələrini də təhlükədən qurtara bilib.   Qəhrəmanova jurnalistə deyib ki, yeganə isəyi odur ki, doğma yurduna qayıtsın, doğulduğu yerdə ölsün.   Jurnalist yazır ki, 600 min azərbaycanlı, yəni əhalinin 7 faizi təxminən Qəhrəmanovanın yaşadığı şəraitdə ömür sürür. Qaçqınlar sovet dönəmindən qalmış məktəblərdə, xəstəxanalarda, universitet binalarında yerləşdirilib. Çox vaxt 5, 6 bəzənsə 7 nəfərdən ibarət olan ailə kiçik bir otaqda yaşayır. Bəzən kiçik bir hamam və tualet yüzlərlə adamın istifadəsində olur...   Jurnalist qeyd edir ki, təxminən Ermənistan əhalisinin 10 faizi qaçqındır. Onlar Azərbaycandan qaçıb gediblər.   Məqalədə qeyd olunur ki,bu gün münasibətlər daha çox daşlaşmış xarakter daşıyır. Bütöv nəsillər var ki, bir tərəfli böyüyüb, onlara saxta təfsir olunmuş tarix öyrədilib. Azərbaycan və Ermənistan tərəfi sərhədi keçib bir-biri ilə görüşməyib də...   Siyasi analitik Aleksand İskəndəryanla söhbətinə də  jurnalist eyni yazıda yer ayırıb.   “Mənim tələbələrim üçün Azərbaycan hardasa Aya məxsus bir şeydir“,  -  İskəndəryan belə deyib.   “Tələbələr Britaniya haqqında daha çox bilirlər, nəinki Azərbaycan haqqında. Azərbaycanda da gənclər arasında Ermənistanla bağlı münasibət təxminən belədir“.   Jurnalist yazır ki, Dağlıq Qarabağ müharibəsi Sovet İttifaqı dağılan zamana təsadüf edir və son dərəcə qanlı xarakter daşıyıb. Bu müharibə zamanı 30 min adam ölüb. 1994-cü ildə isə nəhayət atəşkəs elan olunub.   Hazırda mübahisəli zonaya Ermənistan nəzarət edir, amma Azərbaycan həmin ərazini geri almaq istəyir.   Təmas nöqtələrində hər iki tərəfdə qazılmış səngərləri I Dünya Müharibəsi ilə müqaisə edən jurnalist deyir ki, içinə qum doldurulmuş kisələrin arasından atəş açmaq üçün balaca yarıqlar qoyulub...   Jurnalist adam yaşamayan ərazidəki üzüm bağında gizlənmiş erməni snayperlərini gördüyünü də yazır...   Atəşkəsinsə tez-tez pozulduğunu vurğulayır. Və qeyd edir ki, hər iki tərəf bir-birini atəşkəsi pozmaqda ittiham edir. Sülh danışıqları isə dalana dirənib...   Müəllif qeyd edir ki, son 2 ildə 60 nəfər sərhəddə qarşılıqlı atışmada öldürülüb. Əsgərlərin çoxu, xüsusən Azərbaycan tərəfdəkilər daha çox uşaq-sifətlidir. Onlar heç 20 yaşı olmayan gənclərdir...   Jurnalist təmas xəttində qulluq edən azərbaycanlı əsgər Elxan Məmmədovla söhbətini də məqalədə qeyd edib.   19 yaşlı Elxan deyir: “Mən vətənimə xidmət etməkdən qürur duyuram“.   8 aydır ki, burada xidmət edən əsgər deyir: “Hər gün, hər saat arzu edirəm ki, müharibə başlasın. Başlasın ki, biz doğma vətənimizi erməni işğalçılarından təmizləyə bilək“.   Jurnalist yazır ki, Azərbaycan  kəndləri daim erməni snayperlər tərəfindən atəşə tutulur. Elə kəndlər var ki, təmas xəttindən bir neçə metr kənardadır.   Yazıda bildirilir ki, vəziyyətin yenidən nəzarətdən çıxma ehtimalı narahatlıq doğurur. Hər iki tərəf hazırda ən müasir silahlara malikdir. Müharibənin yenidən başlaması dəhşətli nəticələr ortaya qoya bilər.   Beynəlxalq Böhran qrupundan Lorens Şits deyir: ”Hazırda Azərbaycanın da, Ermənistanın da hücum xarakterli raket kompleksləri var. Həmin raketlərlə qarşılıqlı olaraq paytaxt Bakını və İrəvanı vurmaq olar. Bu konflikt regional güclərin də bu müharibəyə qoşulmasına səbəb ola bilər.”

Jurnalist deyir ki, NATO üzvü Türkiyə və Rusiyanın bu müharibəyə qoşulmaq ehtimalı var. İran da qonşuluqdadır. Həm də region Avropanın neft və qazla təminatında həlledici rol oynayır. Yəni müharibənin bütün tərəflər üçün ciddi nəticəsi olacaq...

Tərcümə: Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR