Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Lənkəran rayonunda anadan olan, Litva respublikası vətəndaşı Alim Abdullayev şübhəli şəxs qismində rayon ərazisində saxlanılıb.
AZXEBER.COM-un verdiyi məlumata görə, əməliyyatçılar onun üzərinə baxış keçirərkən, cibindən 3 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.
Alim Abdullayev istintaqa verdiyi ifadəsində 34 ildir ki, Litva respublikasında yaşadığını və həmin respublikanın vətəndaşı olduğunu bildirib. Evlərinə - Lənkərana gələrkən tiryəki yolda tapdığını və şəxsən özünün istifadə etdiyini deyib.
Polisdən onu da bildirdilər ki, şübhəli şəxs qismində saxlanılan Alim Abdullayev xarici ölkə vətəndaşı olduğu üçün, rəsmi olaraq onun barəsində Xarici İşlər Nazirliyinə məlumat veriləcək. Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb, onun narkotik maddəni haradan və kimdən əldə etməsi araşdırılır.