Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir

Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
SOSİAL
16:09 23.07.2026
196
Bakı və Abşeron yarımadasında kanalizasiya infrastrukturunun yenilənməsi istiqamətində yeni layihələr həyata keçirilir.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun tikintisinə başlanılıb.

Layihə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən icra olunur.

Ümumi uzunluğu 23 kilometr olan kanalizasiya kollektorunun tikintisi və gün ərzində 100 min kubmetr məhsuldarlığa malik sutəmizləyici qurğunun inşası nəticəsində bir sıra yaşayış məntəqələrinin kanalizasiya təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Layihə çərçivəsində Xocəsən, Sulutəpə, Şonqar, Lökbatan, Yasamal, Badamdar, Bayıl və Bibiheybət massivlərinin kanalizasiya sisteminə inteqrasiyası planlaşdırılır.

Bundan başqa, layihənin həyata keçirilməsi nəticəsində Bakı buxtasının, eləcə də Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması gözlənilir.

Sutəmizləyici qurğuda nasos stansiyası, incə və kobud barmaqlıqlar, qumtutucu və yağtutucu qurğular, biofosfor və havalandırma hovuzları, son durulducu hovuzlar, disk filtrlər və ultrabənövşəyi şüalandırma (UV) qurğusu inşa ediləcək.

Təmizlənmiş və zərərli bakteriyalardan zərərsizləşdirilmiş tullantı suların dənizə yönləndirilməsi üçün dənizdə diametri 1600 millimetr, uzunluğu isə 2,7 kilometr olan metal borular quraşdırılacaq.

Hazırda layihə üzrə tikinti işləri davam edir. Kollektorun tikintisi üzrə işlərin 50 faizi artıq icra olunub. Sutəmizləyici qurğunun ayrı-ayrı hissələrində armatur, qəlib, svay bünövrə, izolyasiya və hörgü işləri aparılır.

Layihəyə 2025-ci ildə başlanılıb və tikintinin 2028-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Yeni sutəmizləyici qurğunun istifadəyə verilməsi tullantı sularının ətraf mühitə mənfi təsirinin azaldılmasına, ekoloji təhlükəsizliyin gücləndirilməsinə və əhalinin sanitariya şəraitinin yaxşılaşdırılmasına imkan verəcək.
OXŞAR XƏBƏRLƏR