– Mübariz müəllim, bir daha sonuncu əfv fərmanı, “siyasi” və ya “vicdan” məhbusları kimi tanınan şəxslərin əfvi ilə , eyni zamanda, hələ də bunun ətrafında gedən müzakirələrlə bağlı fikirlərinizi bilmək istərdik...
– Bəzi beynəlxalq qurumlar Azərbaycanda müəyyən məsələlərə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəxslərin bəziləri haqqında subyektiv qərarlar çıxararaq, onları bizim qəbul etmədiyimiz halda siyasi məqsədlərlə təqib olunmuş şəxslər siyahısına salmağa çalışırlar. Ümumiyyətlə, Azərbaycanda siyasi fikrinə, düşüncəsinə görə heç kim təqib olunmur və olunmayacaq. Azərbaycan demokratik dövlətdir, ölkədə bu və ya digər şəxslər Cinayət Məcəlləsinin maddələrinə görə cinayət məsuliyyətinə cəlb edilirlərsə, bu, yalnız hüquqi məsələ olaraq dəyərləndirilməlidir . Bunu siyasi məsələ kimi qiymətləndirənlər hesab edirəm ki, məsələlərə düzgün yanaşmırlar.
– Bildiyiniz kimi, bir sıra beynəlxalq təşkilatlar Müsavat Partiyasının funksionerləri – Arif Hacılı, Tural Abbaslı, o cümlədən gənc fəallar Bəxtiyar Hacıyev, Savalan Cabbarlı və digərlərinin də azad olunmasını tələb edirlər. Eyni zamanda, bu şəxslərin bir çoxunu “siyasi məhbus” və ya “vicdan məhbusu” kimi öz siyahılarına salırlar...
– Həmin məhbusların məsələsinə gəlincə, onlar Cinayət Məcəlləsinin başqa müddəalarına görə həbs olunublar və onların əfv edilib-edilməməsi, təbii ki, ölkə başçısının səlahiyyətində olan məsələsidir. Eyni zamanda, həmin şəxslərin hazırda həbsdə olduqları yerdə özlərini necə, hansı şəkildə aparması, onların müraciətləri və sair məsələlərlə əlaqədar kompleks yanaşma olmalıdır. Ümumiyyətlə, əfv məsələsi kompleks yanaşılan bir məsələdir və burada məsələlər müzakirə olunur, müəyyən nüanslar, xüsusilə həmin şəxslərin törətdiyi cinayət əməli, eyni zamanda, onların cinayət əməlini törətdiyindən sonra həbsdə olduğu müddətdə, yerdə fəaliyyəti və sair nəzərə alınır. Əlbəttə, bu, bizim səlahiyyətimizə aid məsələ deyil, bu, bütövlükdə prezidentin səlahiyyətində olan məsələdir. Mən, eyni zamanda, sonuncu əfv fərmanını humanist addım kimi dəyərləndirirəm, onu təqdir edir, alqışlayıram. Düşünürəm ki, cəmiyyət də bunu bu cür qəbul edir...
– Sonuncu əfvi çoxları gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan “Eurovision-2012” yarışması ilə əlaqələndirir, hətta daha uzağa gedən iddialar irəli sürürlər ki, iqtidar indiyə qədər daxili siyasi qüvvələrə güzəştə getmədiyi məsələlərə güzəştə getmək məcburiyyətində qalacaq. Məsələn, kütləvi aksiyaların yeri və keçirilməsi, başqa məhbusların azadlığa buraxılması məsələsində, o cümlədən digər məsələlərdə güzəştə getməli olacaq...
– Bakıda keçirilməsi nəzərdə tutulan “Eurovision-2012” yarışmasının ölkəmiz üçün böyük sosial, iqtisadi, siyasi, deyərdim ki, ideoloji əhəmiyyəti var. Sonuncu yarışmada Azərbaycan nümayəndələrinin qələbəsinin də, təbii ki, əhəmiyyəti hamıya aydındır, növbəti müsabiqəyə də hazırlıq işləri görülür. Amma bütövlükdə “Eurovision-2012” yarışmasına hazırlıqla əlaqədar guya Azərbaycanda əfvlərin verilməsi, bunun başqa məsələlərlə əlaqələndirilməsi, məncə, ayrı-ayrı mətbuat nümayəndələrinin, jurnalistlərin özlərinin şəxsi fikirləridir. Yəni, hesab edirəm ki, hakimiyyət bu cür addımlar atarkən onu nə iləsə əlaqələndirmir. Bu, yalnız humanist addım kimi dəyərləndirilməlidir. O ki qaldı kütləvi aksiyalar, İctimai Palatanın mitinq məsələsinə, İctimai Palata adlanan qurumun sosial dayağı faktiki yox dərəcəsindədir, onların hansısa bir yerdə kütləvi aksiya keçirmək imkanları sıfıra bərabərdir. Ancaq hesab edirəm ki, onlar qanun çərçivəsində müraciət edib bu və ya digər yerdə siyasi aksiya keçirmək istəsələr, hakimiyyət buna müsbət yanaşacaq və bu zaman da görünəcək ki, bu qurumun sosial dayağı, sosial bazası nə dərəcədədir. Ona görə məhz bu qüvvələr qanunsuz, insanların kütləvi şəkildə toplaşdığı yerlərdə aksiyalar keçirmək istəyirlər ki, həqiqi simaları və həqiqi sosial bazaları haqqında cəmiyyətin fikirləri yanlış olsun. Kütləvi aksiyalarını qeyri-qanuni, yəni, insanların sərbəst toplaşdığı yerdə – metro çıxışlarında, istirahət parklarında keçirməklə bir növ kütləvililiklərini göstərmək istəyirlər, amma buna da nail ola bilmirlər. Ona görə düşünürəm ki, İctimai Palata müraciət etsə, qanunla hakimiyyətin, Bakı şəhər meriyasının ayırdığı yerdə onlara mitinq, aksiya keçirməyə həmişə icazə verilə bilər və veriləcək. Ancaq yenə onlar qeyri-qanuni və siyasi aksiya keçirmək məqbul olmayan yerdə mitinq, yürüş cəhdində bulunsalar, bunun qarşısı alınacaq.
– Ancaq onlar yenə də “Nərimanov” kinoteatrı qarşısında mitinq keçirməkdə israrlı olduqlarını bildirirlər...
/// 525-ci qəzet