Pul qazanmaq qədər onu düzgün idarə etmək də vacibdir. Bəzi insanlar yaxşı gəlir əldə etsə də, ayın sonunda pul saxlaya bilmir. Bunun əsas səbəblərindən biri büdcənin əvvəlcədən planlaşdırılmamasıdır.
AZXEBER.COM xəbər verir ki, maliyyə mütəxəssisləri gəlirin müəyyən hissəsinin hər ay yığılmasını tövsiyə edirlər.
Ən çox istifadə olunan üsullardan biri 50/30/20 qaydasıdır. Bu qaydaya görə gəlirin 50 faizi əsas ehtiyaclara, 30 faizi şəxsi xərclərə, 20 faizi isə yığıma ayrılır.
Məsələn, 1000 manat maaş alan şəxs 200 manatını hər ay kənara qoya bilər. Gəlirin 20 faizini yığmaq mümkün deyilsə, daha kiçik məbləğlə başlamaq da olar. Əsas məsələ bunu davamlı etməkdir.
Mütəxəssislər pul yığmaq istəyən şəxslərə maaş aldıqdan sonra əvvəlcə yığım üçün müəyyən məbləği ayırmağı tövsiyə edirlər. Ayın sonunda artıq qalan pulu yığmaq isə çox vaxt nəticə vermir.
Digər vacib məqam gözlənilməz xərclər üçün ehtiyat pulunun olmasıdır. Bunun üçün hər ay müəyyən məbləği ayrıca saxlamaq mümkündür.
Pul yığmağı asanlaşdıran digər üsul isə konkret məqsəd müəyyən etməkdir. Məsələn, "pul yığacağam” demək əvəzinə, "6 aya 1000 manat yığacağam” kimi hədəf qoymaq daha effektivdir.
Fəridə Əsədzadə











































