Magistratura üzrə təhsil müddətinin 2 ildən 1-ə endirilməsi təklif olunur.
AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, magistratura üzrə 4 minə yaxın plan yerinin boş qalması bu təhsil pilləsinə maraqla bağlı müzakirələri yenidən aktuallaşdırıb.
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, səbəblərdən biri magistratura təhsilinin iki il davam etməsidir.
Ceyhun Məmmədov 4 minə yaxın boş plan yerinin qalmasını da magistraturaya marağın azalmasının göstəricisi hesab edir. Deputatın fikrincə, məsələ yalnız təhsil müddəti ilə də yekunlaşmır. Magistr dərəcəsi əmək bazarında bakalavr pilləsi ilə müqayisədə real üstünlük yaratmırsa, gənclərin əlavə təhsil almaq motivasiyası da azalır. Buna görə həm proqramların məzmununa, həm də magistr dərəcəsinin işə qəbul zamanı yaratdığı imkanlara yenidən baxılmalıdır.
Millət vəkilinin qənaətinə görə, ali təhsil proqramları daha çevik və əmək bazarının tələblərinə uyğun qurulmasa, universitetlər qısamüddətli kurs və alternativ təhsil proqramları ilə rəqabətdə çətinlik çəkə bilər. Təklif olunan model magistratura üzrə təhsil müddətinin bir ilə endirilməsini nəzərdə tutur. Hələlik isə söhbət təklifdən gedir və magistratura təhsilinin müddətinin dəyişdirilməsi ilə bağlı rəsmi qərar yoxdur.











































