Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunub. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri qeyd edib ki, bu il magistraturaya ümumilikdə 13 516 nəfər qəbul olunub. Onlardan 6579 nəfərin qəbulu dövlət sifarişi əsasında həyata keçirilib.
Təhsil eksperti Elçin Əfəndiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, son dövrlər abituriyentlər və bakalavrlar daha çox fərqli sahələrə üstünlük verirlər:

"Ali təhsil müəssisələrinə qəbul zamanı bir çox bakalavr mövcud ixtisaslar üzrə müsabiqə şərtini ödəmədiyi üçün qəbul ola bilmədilər. Son dövrlər abituriyentlər və bakalavrlar daha çox fərqli sahələrə üstünlük verirlər. Məsələn, bakalavrlar MBA proqramını seçirlər, abituriyentlər isə informasiya texnologiyaları, kompüter yönümlü sahələrə üstünlük verirlər. Belə olan halda digər ixtisasların boş qalmasının şahidi oluruq”.
O deyib ki, seçilməyən ixtisaslar üzrə əmək bazarında kadr ehtiyacı var:
"Magistraturada bu qədər yerin boş qalmasının əsas səbəbləri, birincisi, ixtisaslar üzrə müsabiqə şərtinin ödənilməməsi, ikincisi isə həmin ixtisaslara marağın az olmasıdır. Halbuki seçilməyən ixtisaslar üzrə əmək bazarında kadr ehtiyacı var. Amma bakalavrlar düşünürlər ki, həmin ixtisaslar üzrə kifayət qədər kadr ehtiyacı olmadığı üçün bu sahələrdə təhsil almaq uğurlu deyil”.
"Qarşıdakı illərdə plan yerlərini müəyyənləşdirərkən çalışmalıyıq ki, boş qalan ixtisaslar üzrə plan yerləri azaldılsın və həmin yerlər daha çox tələbat olan ixtisaslara verilsin”,-deyə təhsil eksperti vurğulayıb.
Şahanə Ziyad











































