Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir

Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir
MAQAZİN
01:10 14.11.2026
58
Türkiyədə rep musiqisinin tanınmış ifaçıları "Lvbel C5" (Süleyman Burak Bodur) və azərbaycanəsilli Asya Əlizadənin ifa etdiyi "Kahpe" mahnısı ilə bağlı cinayət işi üzrə ittiham aktı hazırlanıb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

İstanbul Anadolu Respublika Baş Prokurorluğu "Kahpe" adlı mahnı ilə bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) çoxsaylı müraciət və şikayətlərin daxil olmasından sonra araşdırmaya başlayıb.

Araşdırma çərçivəsində hazırlanmış ittiham aktında hər iki ifaçıya, eləcə də mahnının bəstəkarı Can Akdoğana qarşı ittiham irəli sürülüb. Onların hər biri üçün beş ilədək həbs cəzası tələb edilib. İttihamların əsasını mahnının sözləri və videoklipdəki zorakılıq səhnələri təşkil edir.

Prokurorluğun araşdırması zamanı mahnının sözlərinin və videoklipdəki bəzi görüntülərin zorakılığa təşviq xarakteri daşıdığı iddia olunub.

İttiham aktında videoklipdə dörd kişinin yerdə uzanan bir şəxsi döydüyü səhnələrə xüsusi diqqət yetirilib.

Prokurorluq mahnının bəzi sözlərinin də zorakılıq əməllərinə təhrik xarakteri daşıdığını bildirib. Xüsusilə bıçaqlama və basdırma ilə bağlı ifadələrin cinayət törətməyə açıq şəkildə təşviq kimi qiymətləndirilə biləcəyi qeyd olunub.
 
Araşdırma çərçivəsində ifadəsi alınan "Lvbel C5" ittihamları qəbul etməyib. Reper mahnının sözlərində cinayət törətmək niyyətinin olmadığını bildirib. O, istifadə edilən ifadələrin tamamilə xəyal və uydurma olduğunu deyib. İfaçı videoklipin xaricdə, əcnəbi rejissor tərəfindən çəkildiyini vurğulayaraq görüntülərin bədii yaradıcılıq əsəri kimi qiymətləndirilməli olduğunu müdafiə edib.

İş üzrə digər şübhəli Asya Əlizadənin xaricdə olması səbəbindən ondan birbaşa ifadə alınmayıb. Onun barəsində beş il müddətinə Türkiyəyə giriş qadağası olduğu bildirilir. Əlizadə müdafiəsini vəkili vasitəsilə yazılı şəkildə təqdim edib.

Mahnının bəstəkarı Can Akdoğan isə sözlərin mənasını bilmədiyini və videoklipdəki zorakılıq görüntüləri ilə əlaqəsinin olmadığını iddia edib.

Araşdırmanın diqqətçəkən məqamlarından biri "Lvbel C5" barəsində tətbiq edilən məhkəmə nəzarəti tədbirləri olub.

Həbs tələbi ilə hakim qarşısına çıxarılan reper barəsində həbs qətimkan tədbiri seçilməyib. Bunun əvəzinə ona ölkədən çıxış qadağası qoyulub və müəyyən edilmiş vaxtlarda polis bölməsinə gedərək qeydiyyatdan keçmək öhdəliyi verilib.

Bundan əlavə, sənətçiyə türk ədəbiyyatı üzrə təhsil almaq və müntəzəm olaraq kitab oxumaq şərtinin qoyulduğu bildirilir.

Prokurorluğun qiymətləndirməsində mahnının məktəb yaşlı gənclərin asanlıqla daxil ola bildiyi rəqəmsal platformalarda yayımlanmasına da diqqət çəkilib.

İttiham aktında zorakılıq məzmunlu ifadələrin və klipdəki görüntülərin gənc dinləyicilərə mənfi təsir göstərə, onları belə davranışlara sövq edə biləcəyi iddia olunub. Həmçinin üç şübhəlinin birlikdə hərəkət edərək cinayət törətməyə açıq şəkildə təhrik etmə əməlini törətdikləri irəli sürülüb.

Nəticədə "Lvbel C5", Asya Əlizadə və Can Akdoğan barəsində beş ilədək həbs cəzası tələb olunub.

İttiham aktı məhkəmə tərəfindən qəbul edilərsə, üç nəfərin məhkəmə prosesi başlayacaq.
OXŞAR XƏBƏRLƏR