İşğaldan azad olunan Qarabağda həyat yenidən canlanır. Uzun illər doğma yurdlarından uzaqda yaşayan insanlar Böyük Qayıdış çərçivəsində ata-baba torpaqlarına qovuşurlar. Onların arasında tanınmış şəxslər də var.
Qarabağa köçən məşhurlar:
Ehtiram Hüseynov
Əməkdar artist Ehtiram Hüseynov Qarabağa köçən məşhur sənət adamlarındandır. Xanəndə əvvəlcə doğma Laçında yaşamağa başlayıb. Daha sonra Azərbaycan Milli Konservatoriyasındakı işindən ayrılaraq Xankəndiyə üz tutub.
2024-cü ilin oktyabrında sənətçi Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərdiyini açıqlayıb. O, Bakıda qurduğu həyatını geridə qoyaraq Xankəndidə çalışmağı seçdiyini bildirib.
Firuz Səxavət
Əməkdar artist Firuz Səxavət də Bakını tərk edərək Ağdama köçdüyünü açıqlayan sənətçilərdəndir. O, 2023-cü ildə Ağdam Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
Rauf Şahsuvarov
Tanınmış aktyor Rauf Şahsuvarov 2023-cü ilin noyabrında Laçına köçən sakinlər arasında olub. Azərbaycan tamaşaçılarının müxtəlif film və seriallardan tanıdığı aktyor Birinci Qarabağ müharibəsinin də iştirakçısıdır. O, 1991–1992-ci illərdə Laçın alayının tərkibində döyüşüb.
Səbinə Ərəbli
Tanınmış xanəndə Səbinə Ərəbli 2025-ci ilin sentyabrında Bakıdan Xankəndiyə köçüb.
Sənətçi Qarabağ Universitetində müəllim kimi fəaliyyətə başladığını açıqlayıb.
Kərim Kərimli
Tanınmış jurnalist və yazıçı Kərim Kərimli 2024-cü ilin mayında ailəsi ilə birlikdə Şuşaya köçüb. O, Şuşaya qayıdan ilk ailələrin sırasında yer alıb. Jurnalist doğma şəhərində dördotaqlı mənzillə təmin edilib.
Elman Məmmədov
118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov doğma yurdu olan Xocalı şəhərinə köçüb. Milli Məclisin deputatı 2026-cı ilin fevral ayında Xocalıdakı evinin açarlarını təhvil alaraq rəsmən öz dədə-baba yurduna qayıdıb.
Çimnaz Əliyeva
Sabiq deputat, Əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva bu ilin yazında Ağdama köçüb. "Səhərlər müqəddəs məscidimizdən ucalan azan səsi ilə oyanıb, Ağdamın özünəməxsus rayihəli havasını udmaq həqiqətən böyük səadətdir”,-deyə sabiq deputat sevincini ifadə edib.
Qarabağa köçmək istəyən digər məşhurlar
Xalq artisti Firəngiz Mütəllimova da Şuşada yaşamaq arzusunu dəfələrlə dilə gətirib. Aktrisa 2021-ci ildə verdiyi açıqlamada ömrünün qalan hissəsini doğma Şuşada keçirmək istədiyini bildirib.
Müğənni Xuraman Şuşalı da doğma şəhərinə qayıtmaq istəyən məşhurlardandır. Sənətçi 2024-cü ildə Şuşaya köçmək üçün müvafiq qurumlara müraciət etdiyini, lakin qeydiyyat məsələləri səbəbindən prosesin uzandığını açıqlayıb.
Tanınmış xanəndə Tacir Şahmalıoğlu isə 2026-cı ilin iyununda Ağdama köçmək qərarına gəldiyini bildirib. O, doğma rayonunda musiqi məktəbi açmaq və gənc istedadlar yetişdirmək istədiyini söyləyib.
Xalq artisti, tanınmış aktrisa Naibə Allahverdiyeva da bir müddət öncə Qarabağa köçmək, atasının vətəni olan torpaqlarda yaşamaq arzusu və niyyəti barədə açıqlamalar vermişdi.











































