“Marsol Minifutbol Turniri 2026”-nın püşkatma mərasimi keçirilib

“Marsol Minifutbol Turniri 2026”-nın püşkatma mərasimi keçirilib
İDMAN
19:47 15.11.2026
86
13 noyabr tarixində Azərbaycan Minifutbol Federasiyasının (AMF), Marsol Sports və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə "Marsol Minifutbol Turniri 2026”nın püşkatma mərasimi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, "Casbak Sumqayıt”ın satış direktoru Xəyal Qasımlı, Modern Hospitalın direktoru Taryel Ömərov iştirakçıları salamlayaraq turnirin əhəmiyyətindən danışıblar və bütün komandalara uğurlar arzulayıblar.
Çıxışçılar qeyd ediblər ki, bu cür tədbirlər sahibkarlıq subyektləri arasında dostluq, sağlam rəqabət və komanda ruhunun inkişafına töhfə verir, həmçinin idmanın və sosial inteqrasiyanın dəstəklənməsində mühüm rol oynayır.

Daha sonra QOLAT Sport Services şirkətinin təsisçisi Səid Bağırov çıxış edərək artıq 6 ildir ki, təşkil olunan turnirlə bağlı ətraflı məlumat verib, çempionatın 29 noyabr tarixində start götürəcəyini, turnirdəki yeniliklər, qaydalar və iştirakçı komandalar haqqında məlumatları iştirakçılarla bölüşüb. Daha sonra püşkatma ilə qruplar müəyyən edilib.

Qeyd edək ki, artıq ənənə halını almış Marsol Minifutbol Turniri bu il də böyük maraqla qarşılanıb.
Turnirin sponsoru Casbak Sumqayıt və Modern Hospital, forma sponsoru isə "Djevo Sport” olub.

Turnirin qalibləri aşağıdakı mükafatlarla təltif olunacaqlar:

🏆 I yer – 10.000 manat pul mükafatı

🥈 II yer – Marxal Resort & Spa-da qonaqlama (komanda şəklində)

🥉 III yer – qiymətli hədiyyələr

Bundan əlavə, turnirdə fərqlənən oyunçular – ən yaxşı oyunçu, ən yaxşı qapıçı və ən çox qol vuran oyunçu xüsusi hədiyyələrlə mükafatlandırılacaq.

"Marsol Minifutbol Turniri 2026” ilə bağlı bütün yeniliklər və nəticələr turnirin rəsmi sosial media hesablarında paylaşılacaq.
 








OXŞAR XƏBƏRLƏR