Artıq bir neçə gündür ki, Masallı sakinlərinin redaksiyamıza etdikləri zənglərin ardı-arası kəsilmək bilmir. Masallı ziyalıları və ictimaiyyət nümayəndələri Masallıda uzun müddətdir ki, rayon İcra Başçısı Qəzənfər Ağayevin rayonun abadlıq, quruculuq işlərinə və rayon büdcəsində nəzərdə tutulan digər vəsaitləri mənimsəməkdə günahlandırır. Sakinlərin dediyinə görə, icra başçısı prezidentin rayonuna abadlığına ayırdığı vəsaitlə öz şəxsi biznesini genişləndirir və rayon vətəndaşlarının hüquqlarını kobudcasına pozur.
Sakinlər bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub da ünvanlayıblar.
Məktubda deyilir: “Möhtərəm Prezident! Biz - Masallı ziyalıları və ictimaiyyət nümayəndələri Masallıda çox uzun müddətdir ki, Rayon İcra Hakimiyyəti başçısı Qəzənfər Ağayevin rayonun abadlıq, quruculuq işlərinə və rayon büdcəsində nəzərdə tutulan digər vəsaitləri mənimsəyərək, həmin vəsaitlərin hesabına öz şəxsi biznesini yaradaraq, şəxsi obyektlər inşa etməsi, torpaq sahəsi alması, sahibkarlara qarşı apardığı “səlib yürüşü”nün bütün idarə, müəssisə, təşkilatları öz şəxsi mənafeyinə yönəltməsi, insan hüquq və azadlıqlarına, xüsusilə, yaşamaq, işləmək, mülkiyyət hüquqlarımıza heç bir məhəl qoymaması, öz səriştəsiz fəaliyyəti və ətrafına yığdığı özü kimi təcrübəsiz, bəsit düşüncə tərzli kadrlarla əhalini kütləvi şəkildə İlham Əliyev hakimiyyətindən narazı salması, ümumiyyətlə, özünün kadr siyasətindən tutmuş bütün fəaliyyətinin Masallı əhalisinin, hakimiyyətin deyil, öz şəxsi mənafeyi üzərində qurması ilə əlaqədar olaraq Sizin yüksək ədalətinizə inanaraq, güvənərək müraciət edirik”.
110 Masallı sakininin imzası olan məktubda sakinlər aclıq aksiyası keçirmək istədiklərini də vurğulayıblar.
Sakinlər deyir ki, ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyevin və onun xanımı Zərifə Əliyevanın adını daşıyan parkların yenidən qurulması və təmiri adı altında bu rayonda Qəzənfər Ağayevin həyata keçirdiyi maxinasiyaları araşdırmaq onun məsuliyyətə cəlb olunmasına kifayət edir.
Amma bütün bunlara baxmayaraq icra başçısı Qəzənfər Ağayev yenə də öz əməllərindən qalmır. Adının çəkilməsini istəməyən Masallı sakininin AZXEBER.COM-a verdiyi məlumata görə, Ağayev onun əməllərinə etiraz edən sakinlərə divan tutacağını deyib. Hətta Ağayevin ona etiraz edən sakinləri siyahıya alıb, işlədikləri yerdən qovulmaları üçün tapşıq verdiyi də deyilir.
Qeyd edək ki, Masallı rayonu cənub bölgəsi ilə paytaxt və digər rayonlar arasında qapı rolunu oynayır. İrandan ölkəyə gətirilən narkotik maddələrdən tutmuş digər qaçaqmalçılığa qədər hər şey bu rayondan keçirilir. İcra başçısı Qəzənfər Ağayevin bu məsələlərə göz yumması isə onun müəmmalı işlərinin olması versiyasını bir az da qabardır, yeni şübhələrə yol açır. Cənubda baş verən narazılıqlara gəlincə isə demək olar ki, bölgədəki bütün narazılıqlar Masallı rayonundan başlayır. Bu da Qəzənfər Ağayevin yarıtmaz fəaliyyətini bir daha üzə çıxarır.