Rusiyanın 3 regionunda bu gündən aprelin 6-dək Tümendə təyyarənin qəzaya uğraması ilə əlaqədar matəm elan edilib. Bunlar Tümen vilayəti, ona qonşu Yamalo-Nenetsk və Xantı-Mansiysk milli dairələridir. Bu regionda dövlət bayraqları endirilib, bütün əyləncəli veriliş və tədbirlər təxirə salınıb. Qəzanın baş verdiyi yerdə dualar oxunacaq.Qeyd edək ki, "UTair" aviaşirkətinə məxsus ATR-72 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 31 nəfər ölüb, sağ qalan 12 nəfər isə xəstəxanadadır. Onlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir. Ölənlərdən hələlik 13-nün, o cümlədən 4 ekipaj üzvünün şəxsiyyəti müəyyənləşib. İlk dəfn mərasimləri bu günə planlaşdırılıb.