Tofiq Abbasov
Qarabağ problemi ətrafında cüzi tərpəniş qeydə alındıqdan sonra münaqişəyə maraq göstərən tərəflər vaxt itirmədən hərəkətə gəldilər.
Artıq müxtəlif mənbələr rəsmi İrəvanın 5 rayonunun azad olunması planına guya razılıq verməsi barədə məlumatları təbliğ etməyə başlayıblar. Lakin vəziyyət göründüyü qədər də sadə və asan ələ gələn deyil.
Elə bu yaxınlarda Rusiyanın Gümridəki 102 nömrəli hərbi bazasının komandanı polkovnik Andrey Ruzinski bildirmişdi ki, Azərbaycan hərbi əməliyyatlara əl atsa, Rusiyanın Ermənistanda yerləşən kontingenti dərhal prosesə müdaxilə edəcək. A.Ruzinski onu da əlavə etmişdi ki, bu tərz hərəkətlər guya Kollektiv Təhlükəsizlik Müqaviləsi sazişinin öhdəliklərindən irəli gəlir. Halbuki, hərbi blokun Qarabağ münaqişəsinə müdaxilə etmək üçün hüquqi əsasları, sadəcə, yox səviyyəsindədir. Məsələ başqa şeydədir.
Bəlli olduğu kimi, Azərbaycan Ermənistan ərazilərinə iddia irəli sürmür. Gündəmdəki məsələ Azərbaycanın özünə məxsus olan ərazilərinin azad edilməsi və oralarda Bakının yurisdiksiyasını təmin etməkdir. Bu, hava-su kimi aydın həqiqətdir. Lakin bəzi tərəflər reallığı bir kənara qoyub, bilərəkdən aranı qarışdırmaqla anlaşılmaz durum formalaşdırırlar ki, hərbi ssenarinin gerçəkləşməsi mümkünsüz olsun.
Bütün tərəflər bir ağızdan söyləyirlər ki, “beynəlxalq birlik müharibə variantını inkar edir və onun reallaşmasına imkan verməyəcək”. Dərinə getdikdə, müharibə variantı, ilk növbədə, Azərbaycanın özünə lazım deyil. Çünki ölkə sabit və proqnozlaşdırılan qaydada inkişaf edərək, müəyyənləşdirdiyi planları ardıcıllıqla həyata keçirir. Bu ahəngin pozulmasına ehtiyac qətiyyən yoxdur. Lakin Qarabağ probleminin həllini süründürən beynəlxalq qüvvələr bundan sui-istifadə edib, Bakının haqlı tələblərini arxa plana atmağa cəhdlər göstərirlər ki, bu da işğalçı Ermənistan üçün əlverişli şərait yaradır. Bu minvalla pasifist dəstə elə etmək istəyir ki, Azərbaycanın qətiyyətini qırıb onu susmağa sövq etsin. Həmin bu “5 rayon” söhbəti ətrafında cərəyan edən demaqogiya kampaniyası da ona görə indi qüvvədədir ki, rəsmi Bakıya təsir göstərilsin.
Lakin bu kimi kampaniyaların arxasında duranlar, ilk növbədə, reallığı düzgün qiymətləndirə bilmirlər. Onlara elə gəlir ki, Azərbaycan öz hüququndan istifadəni təmin edə bilməyəcək. Amma bu, yanlış təsəvvürdür. Çünki artan potensial elə imkanlara yol açır ki, Azərbaycan lazım bildiyi məqamda ərazilərini işğalçılardan təmizləmək işinə start verə bilər. Bu isə beynəlxalq hüquqa, qüvvədə olan qanunvericiliyə tam uyğundur. Ona görə də, rəsmi Bakı öz ərazilərində hərəkətə keçdiyi təqdirdə, heç bir tərəf onun əlindən tutub saxlaya bilməyəcək.
Hazırda diplomatik səylər, demək olar ki, sonuncu mərhələsini yaşayır. Əgər kimsə düşünürsə ki, prezidentlərin qarşıdakı görüşü böyük nailiyyətdir, yanılır. Ola bilsin ki, Ermənistan prezidenti Serj Sarqsyan üçün bu, doğrudan da ümidverici dönüşdür. Ölkəsinin rüsvayçı vəziyyətdə olması onu vadar edir ki, ilk olaraq məhz o hərəkət etsin. Eləcə də “5 rayon” məsələsi də ondan ötrü məqbul variant sayıla bilər.
Qondarma soyqırımın 100 illiyi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir və edə də bilməz. Ermənilərin məfkurəsini əlində alət etmiş beynəlxalq dairələr vaxtilə bu amillə xeyli spekulyasiyalar etmiş və indi də Azərbaycan maraqlarını ona qurban vermək niyyətindədirlər. Rəsmi Bakı nə etdiyini və nə edəcəyini dəqiq qiymətləndirib hərəkət edir. Odur ki, müstəqil qərar qəbul etmək hüququ Bakının səlahiyyətindədir və bundan sonra da belə olacaq.
O ki qaldı İrəvana vəkillik edən qurum və dairələrə, onlar gərək, ilk növbədə, Ermənistan rəhbərliyinə təsir göstərsinlər ki, danışıqlarda sağlam təfəkkür işartıları nümayiş etdirsin. Belə olmasa, Ermənistan indiyə qədər itirdiyindən də çox itirmək məcburiyyəti ilə üzləşəcək.