MEDİA-nın 2 illik fəaliyyəti cəmiyyətə nə qazandırıb? - Əməkdar jurnalistlər danışdı

MEDİA-nın 2 illik fəaliyyəti cəmiyyətə nə qazandırıb? - Əməkdar jurnalistlər danışdı
MANŞET
13:56 12.01.2023
1468
Medianın İnkişafı Agentliyinin yaranmasından iki il ötür.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli fərmanı ilə yaranan agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərmək məqsədi ilə yaradılmışdı.

Bəs, Agentliyin iki illik fəaliyyəti media nümayəndələri tərəfindən necə qiymətləndirilir?

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, əməkdar jurnalist Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında Agentliyin iki illik fəaliyyəti haqda danışıb.
 

 

O, qeyd edib ki, Medianın İnkişafı Agentliyinin fəaliyyətə başladığı zaman kəsiyindən ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən media sektorunu əhatə edən islahatlar çərçivəsində görülən işlərin sayı o qədər çoxdur ki, bütün bu prosesi bir neçə cümlə ilə ifadə etmək mümkün deyil: 

"Əvvəla onu qeyd etmək istəyirəm ki, prosesin içərisində yer alan insanların prosesi kənardan izləmək imkanları məhdud olduğu üçün, bəzən kompleks dəyərləndirmələr aparmaq mümkün olmur. Digər tərəfdən, prosesin özü həm strateji xarakter daşıyır, yəni uzaq perspektivə hesablanıb, həm də kifayət qədər intensiv olduğu üçün dəyişikliklərə adaptə olunaraq prosesin içərisində itib batırsan, islahatların ayrılmaz bir parçasına çevrilirsən. Bu 2 il ərzində görülən işlərlə bağlı ən önəmli məqam "Media haqqında” qanunun geniş müzakirələrdən sonra qəbul edilməsidir. Hüquqi bazanın formalaşdırılması islahat prosesinin ən vacib elementidir. Çünki islahat xaotik olarsa, müsbət nəticələr gətirib çıxara bilməz. Müəyyən zaman kəsiyində işıq saçar və sönüb gedər. Bu baxımdan hüquqi bazanın, çərçivənin yaradılması çox vacib məqamlardan biri kimi qəbul olunmalıdır”.

Elçin Mirzəbəyli qeyd edib ki, digər önəmli məqam geniş müzakirələrə səbəb olan Media reyestri ilə bağlı məsələdir: 

"Proses başlayandan qısa bir müddət sonra reyestrlə bağlı daş atıb başını tutanların əhəmiyyətli hissəsi başa düşdü ki, Media Reyestri "Mütrüb dəftəri” deyil. Reyestr ölkədə fəaliyyət göstərən media resursları və jurnalistika ilə məşğul olan insanlarla bağlı real mənzərəni göz önünə sərgiləmək üçün olduqca mühüm əhəmiyyət daşıyan bir elemetdir. Bu mənzərəni göz önünə sərmədən islahatların davamını gətirmək mümkün deyil. 

Strateji, uzaq hədəflərə hesablanmış addımlardan biri də ADA Universiteti ilə birlikdə media sektorunun bütün sahələrini əhatə edən təlimlərin, seminarların keçirilməsidir. Bu prosesin müsbət nəticələri də özünü müəyyən zaman kəsiyindən sonra büruzə verəcək”. 

Əməkdar jurnalist hazırda aparılan islahatlardan da danışıb:

"Hazırda isə paralel bir neçə istiqamətdə islahatların həyata keçirildiyinin şahidi oluruq. Bunları təsnifat üzrə belə bölmək olar: 
-Çap mediası və ənənəvi medianın platforması üzərindən inkişaf etdirilən təsisatların, medianın klassik ənənələrinin qorunması şərtilə yeni media müstəvisinə transformasiyası;
-Ənənəvi medianın maddi-texniki bazasının keçid dövrü üçün qorunması, strtateji plan əsasında inkişaf etdirilməsi;
-Reklam bazarının liberallaşdırılması;
-Media subyektlərinin istehsal prosesinin stimullaşdırılması, kəmiyyət göstəricilərinin artırılması və bu prosesin keyfiyyət dəyişikliklərinə də gətirib çıxarıması üçün peşəkar yardımların həyata keçirilməsi;
-Media savadlılığının artırılaması, peşəkar medianın təbliği və media-cəmiyyət münasibətlərinin tənzimlənməsi, qarşılıqlı etimad mühitinin formalaşdırılması;
-Jurnalistlərin layiqli həyatının təmin edilməsi, onların əmək fəaliyyətlərinin layiqincə qiymətləndirilməsi, media sektorunun əmək bazarının bir seqmenti kimi cazibədarlığının artırılması və s.
Əslində sadalanmasına ehtiyac duyulan istiqamətlər çoxdur. Amma hesab edirəm ki, göz önündə olan mənzərənin təkrarlanması vacib deyil. Görülən işləri və onların nəticələrini arzu edən və obyektivlik hissini itirməyən hər kəs görə bilər. 

"Ən önəmli məqamlardan biri də Medianın İnkişafı Agentliyinin medianın problemlərinin açıq şəkildə müzakirə olunduğu, problemlərin detallı şəkildə dilə gətirildiyi və birgə həlli yollarının axtarıldığı bir əməkdaşlıq platforması kimi çıxış etməsidir. Yəni məqsəd medianın inkişafına nail olmaqdır və bu sahənin inkişafını arzulayan insanlar da olduqca rahat və açıq bir şəkildə müzakirələr aparır, öz baxışlarını ifadə edirlər. Qənaətimə görə, Agentliyin ən böyük uğuru belə bir atmosferin formalaşdırmağa nail olmasıdır”, - deyə Elçin Mirzəbəyli əlavə edib.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı da AZXEBER.COM-a açıqlamasında MEDİA-nın iki illik fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

O, Agentliyin gördüyü işlərdən danışıb:

"MEDİA bu son 2 ildə mətbuatın illərlə yığılıb qalan problemlərini öyrənib, yaranan çətinliklərin obyektiv və subyektiv tərəflərini tədqid edib, boşluqların aradan qaldırılmasına yönəlik çoxsaylı layihələr həyata kecirib.Rəqəmsal jurnalistikaya kecid prosesində qarşıda duran vəzifələr, media sistemlərinin beynəlxalq jurnalistika prinsiplərinə uyğunlaşdırılması, kadrların peşəkarlaşması yönündə layihələrlə fərqlənib. Həyata keçirilən layihələrin böyük qismi ali məktəblərin jurnalistika fakültələrinin kadr hazırlanma prosesində işinə təkan verib”. 

Akif Aşırlı qeyd edib ki, Agentlik tərəfindən Qanunvericilik sahəsində də addımlar atılıb:

"Qanunvericilik sahəsində də addımlar atılıb. Media Reysterinin yaradılması, mətbu standartların tətbiqi, redaksiyaların maliyyə - uçot sistemində şəffaflığın qorunması son iki ildə ən cox diqqəti cəkən addımlar olub. Təbii ki, görülməli və görüləsi işlər çoxdur. Hələ də mətbuatın bir biznes strukturu kimi fəaliyyətində əngəl olan reklam bazarının formalaşmasına cəhdlər edilməyib, bürokratik sistem aradan qaldırılmayıb”. 

Əməkdar jurnalist Agentliyin işinə uğurlar arzuladığını vurğulayıb.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR