AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura əsasında Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Yeni Şura media və yayım sahəsində səlahiyyətli qurum kimi formalaşdırılacaq. Bildirilir ki, rəqəmsal dövrdə çap, onlayn və audiovizual media arasında sərhədlərin azalması bu sahəyə vahid yanaşmanı zəruri edir. Layihədə əsas məqsəd milli informasiya təhlükəsizliyinin gücləndirilməsi, daxili informasiya məkanının qorunması, yerli medianın inkişafına dəstək və media subyektlərinin rəqabət qabiliyyətinin artırılması kimi göstərilir.
Media eksperti Müşfiq Ələsgərli deyir ki, rəqəmsal transformasiya, informasiya mühitində yeni imkanlarla yanaşı, dezinformasiya və informasiya çirklənməsi kimi riskləri də artırıb.
Onun sözlərinə görə, bu çağırışlara çevik reaksiya verə bilən yeni mexanizmlərə ehtiyac var.
Qanun layihəsində Şuranın vəzifə və öhdəliklərinin "Media haqqında" Qanunda əksini tapması, idarəetmənin isə kollegial model əsasında qurulması nəzərdə tutulur. Beynəlxalq təcrübədə də media və rəqəmsal mühitin tənzimlənməsi üzrə oxşar yanaşmalar mövcuddur. Böyük Britaniyada və Fransada müvafiq qurumlar yayım, rəqəmsal media mühiti və istifadəçi maraqlarının qorunması istiqamətində əlaqələndirilmiş mexanizm əsasında fəaliyyət göstərir.
Ekspert bildirir ki, yeni yanaşma media sahəsində operativ və effektiv qərarların qəbuluna əlavə imkan yaradacaq.











































