“Mən artıq “Avroviziya”nın münsiflər heyətində yer almıram” - Faiq Sücəddinov

“Mən artıq “Avroviziya”nın münsiflər heyətində yer almıram” - Faiq Sücəddinov
MƏDƏNİYYƏT
12:48 15.05.2026
261
”Mən artıq "Avroviziya" seçimlərinin münsiflərində yer almıram, mahnını da dinləməmişəm".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti, "Şöhrət" ordenli bəstəkar Faiq Sücəddinov deyib.

Bəstəkar bildirib ki, artıq müsabiqənin seçim mərhələsində münsif kimi iştirak etmir və bu səbəbdən builki təmsilçi barədə ətraflı məlumata malik deyil:

"Əvvəllər "Avroviziya”nın seçim turlarında münsif kimi yer alırdım. Hazırda isə həmin heyətdə deyiləm. Ona görə də builki iştirakçı və mahnı haqqında geniş fikir bildirə bilmərəm. Mahnını tam dinləməmişəm, ifaçını da yaxından tanımıram. Amma müəyyən qədər təsəvvürüm var. Düşünürəm ki, siz də mahnını o qədər bəyənməmisiniz”.

Bəstəkar Azərbaycanın müsabiqədə əldə etdiyi ən böyük uğurun artıq tarixə yazıldığını vurğulayıb. O, Nigar Camal və Eldar Qasımov duetinin qalibiyyətini xatırladaraq bunun ölkə üçün kifayət qədər önəmli nailiyyət olduğunu qeyd edib:

"Məncə, qalibiyyət hər zaman olmur, bir dəfə yaşanar. Biz bunu Nigar və Eldarın timsalında artıq görmüşük. Buna görə də nəticələrə görə həddindən artıq kədərlənməyə ehtiyac yoxdur. Ötən illərdə də şahidi olmuşuq ki, çox güclü ifalar və möhtəşəm səhnə nömrələri aşağı pillələrdə qərarlaşıb. Əsas məsələ həmin böyük səhnədə ölkəni təmsil etməkdir”.

Xatırladaq ki, bu il Azərbaycanı "Avroviziya” mahnı müsabiqəsində Jiva (Cəmilə Hüseynova) təmsil edib. Sənətçi yarışmanın ikinci yarımfinal mərhələsində çıxış etsə də, finala vəsiqə qazana bilməyib.
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR