“Mən erməni qızının obrazını canlandıraram” – FOTO MÜSAHİBƏ

GƏNCLİK
02:45 26.10.2011
3780

Bəhruz Əhmədli: “Mənim düşmən oyuncağım” pyesinin adını eşidəndə pyes mənə çox maraqlı gəldi”.

“Tamaşanı qurmaq daha asandır, ancaq onun teatr həllini tapmaq daha çətindir”.

“Bu günki günün tamaşaçısı hazırda sözdən çox vizuallığa diqqət edir”.

“Cəlil Məmmədquluzadə hələ o vaxt ermənini bağışlayır”.

Səbinə Həsənova: “Mən bu pyesə “Mənim düşmən oyuncağım” yox, “Düşmən oyuncağım mənim” adını verərdim”.

“Mən erməni qızının obrazını canlandıraram”.

“Axtarılsa, onun da arxasından erməni barmağı çox rahatlıqla görünər”.

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.Festivalın informasiya partnyoru AZXEBER.COM portalı paytaxtdan festivala qatılan truppaların təlim-məşq toplantılarından müsahibələr təqdim etməkdə davam edir. AZXEBER.COM portalı “Mənim Düşmən oyuncağım” pyesinin quruluşçu rejissoru Behruz Əhmədlinin rejissorluğu ilə pantomima tipli mono tamaşanın təlim-məşq toplantısından hazırlanmış müsahibəni təqdim edir...

“Mənim düşmən oyuncağım” pyesinin adını eşidəndə pyes mənə çox maraqlı gəldi”.

Özünü oxucularımıza təqdim et.

Mən Bəhruz Əhmədli. Musiqili teatr fakültəsini bitirmişəm. Hazırda isə pantomima teatrında Bəxtiyar müəllimin göstərişi ilə rejissor kimi 2 tamaşa hazırlayıram. Müsabiqə mənim üçün həm yaradıcılıq baxımından, həm də vətənpərvərlik mövzusunda olduğu üçün əhəmiyyətlidir. Mən özüm də Zəngilan rayonundan olduğum üçün bu mövzuya daha yaxınam. Ancaq festivalda mən təkcə rejissor kimi çıxış etmirəm, eyni zamanda “O an bizim gözümüzdə” pyesinin də müəllifiyəm.

Bəs bu pyesi kim səhnələşdirəcək?

“O an bizim gözümüzdə” pyesini Slavyan Universitetinin tərkibində fəaliyyət göstərən TOTEM teatrı səhnələşdirir.

“Tamaşanı qurmaq daha asandır, ancaq onun teatr həllini tapmaq daha çətindir”.

Necə oldu ki, məhz “Mənim düşmən oyuncağım” pyesini səhnələşdirmək istədin? Bu tamaşa mono olduğu üçün, yoxsa başqa bir səbəbdən bu cür addım atdın?

Bir tanınmış aktrisanın sözü hər zaman mənim yaddaşımdadır. O deyir ki, ad hər zaman mahiyyət daşıyır. İlk növbədə “Mənim düşmən oyuncağım” pyesinin adını eşidəndə pyes mənə çox maraqlı gəldi. Artıq ssenarini oxumamış mən razılaşdım, həm də mono tamaşa olması mənə daha cəlbedici gəldi. Mono tamaşanı, bildiyiniz kimi, işləmək asandır və burada bir aktrisa ilə işləmək daha əlverişlidir. İstədiyini edirsən və görmək istədiyini tamaşadan alırsan.

Bəs hazırlıq mərhələsi necə gedir?

Demək olar ki, işlər gedir və biz hər gün məşq edirik. Musiqilər tam hazırdır. Tamaşada bizi çətinə salan yalnız səhnədir. Tamaşanı qurmaq daha asandır, ancaq onun teatr həllini tapmaq daha çətindir. Bu da mono tamaşa olduğu üçün ssenarist bu pyesi qələmə alarkən orada daha çox danışıqlardan istifadə edib. Mənsə Şəbnəm Xeyrulla ilə danışdım və onu bu tamaşanın pantomima olacağı təqdirdə daha uğurlu olacağına inandırdım.

Qeyd etdin ki, pyesi özün pantomimaya çevirmisən. Niyə belə bir qərara gəldin? Bəlkə, pantomima sənə daha yaxındır,ona görəmi belə bir qərar aldın?

Yox pantomima asan deyil. O digər teatrlara nisbətən daha çətindir. Əvvəl biz belə qərara aldıq ki, sözlərdən istifadə edək, ancaq sonra gördük ki, sözlər arxa fondan səslənsə, daha effektiv olar. Və belə də etdik.

“Cəlil Məmmədquluzadə hələ o vaxt ermənini bağışlayır”.

Qeyd etdin ki, özün Qarabağ müharibəsinin canlı şahidi olmusan. Müharibə dövründə gördüklərindən bu tamaşada istifadə etmisənmi?

Mənim 29 yaşım var və mən Qarabağ müharibəsində hər şeyi anlaya biləcək yaşda idim. Məhz qeyd etdiyiniz kimi, tamaşada gördüyüm və bildiyim olmuş hadisələrdən istifadə etməyə çalışmışam. Baxın, ssenaridə qız böyüyüb evlənib və uşaqları üçün oyuncaq axtarır. Mən bunların hamısını bir kənara qoydum və qızın yalnız uşaqlığını saxladım. Burada kiçik bir qızcığaz tamaşada adı Andranik olan oyuncağın onun düşməni olduğunu anlayır. Və sonda o həmin oyuncağı asır. Mən bu pyesi işləyərkən Cəlil Məmmədquluzadənin “Kamança” əsərini xatırladım. Orada erməni kamançanı çalır və qəhrəman yüzbaşı ona deyir ki, “götür kamançanı, rədd ol buradan”. Göründüyü kimi, yüzbaşı həmin erməninin kamança çalmasından təsirlənir və onu bağışlayır. Fikir versəniz, Cəlil Məmmədquluzadə hələ o vaxt ermənini bağışlayır. Biz o dövrdən bunların etdiklərini unutduqca, onları bağışladıqca daha böyük fəlakətlərlə üzləşirik. Ona görə mən burada Andranikin asılmasını məqsədəuyğun bildim. Çünki bu lazımdır, biz bağışlamamlıyıq.

“Bu günki günün tamaşaçısı hazırda sözdən çox vizuallığa diqqət edir”.

Hazırda tamaşaçıların çoxu klassik formada tamaşalar izləyirlər. Necə düşünürsən, tamaşanın pantomima olması tamaşaçı baxımından səndə çətinliklər yaratmaz?

Heç bir qorxum yoxdur. Əgər burada söz olsa, o zaman onlar başa düşməzlər ki, tamaşa nədən bəhs edir. Hazırda Azərbaycan teatrında elə bir sözçülük əmələ gəlib ki, hər şey şablonlaşıb. Bu günki günün tamaşaçısı hazırda sözdən çox vizuallığa diqqət edir. Onlar eşitməkdən çox görmək istəyirlər. Qaldı ki, pantomima birinci yaranıb və ən klassik teatr növüdür. Bildiyiniz kimi, əvvəl görüntü, daha sonra söz yaranıb. Artıq 17-18 ildir ki, Azərbaycanda pantomima teatrı yaranıb və bizim tamaşaçılarımızın sayı hər gün bir az daha artır. Bu səbəbdən tamaşaçının anlamamasına görə narahat deyiləm. Çünki hər kəs başa düşəcək ki, mövzu nədən gedir.

Birinciliyə nə qədər iddialısan?

Bilirsiniz, mən festivala qatılmaq xətrinə iştirak etmirəm. İddialıyam birinciliyə. Həm rejissorluq baxımından, həm də ssenari baxımından.

AZXEBER.COM portalı “Mənim düşmən oyuncağım” tamaşasının aktrisası Səbinə Həsənovanın da fikirlərini öyrənib. Müsahibəni olduğu kimi təqdim edirik...

“Mən bu pyesə “Mənim düşmən oyuncağım” yox, “Düşmən oyuncağım mənim” adını verərdim”.

Özünü təqdim et

Səbinə Həsənova. Artıq 5 ildir ki, pantomima teatrında işləyirəm.

Canlandıracağın obrazı necə görürsən?

Oynayacağım obraz elə mənim yaşımda olan gənc bir qızdır. O, keçmişinə qayıdıb, öz düşmən oyuncağı ilə mübarizə aparır. Mən də çalşıram ki, rejissorun qurduğu səhnəni öz ifamla daha yaxşı təqdim edim. Burada qıza məxsus bir çox qabarıq məqamlar var. Qız həm oyuncağını sevir, həm də ona nifrət edir. Düşünürəm ki, bu məqamlar tamaşaçılara çox təsir edəcək. Bir də məni düşündürən ən əsas məsələ adla bağlıdır. Mən bu pyesə “Mənim düşmən oyuncağım” yox, “Düşmən oyuncağım mənim” adını verərdim. Bu adın haradasa mövzuya aid əhəmiyyətli təsirləri var. Çünki az öncə Bəhruzun qeyd etdiyi kimi, biz düşməni gözümüzdə böyüdürük. Ancaq düşünsək ki, onlar bizim oyuncağımızdır, o zaman biz onlara o qədər də əhəmiyyət vermərik. Hər halda, bu cür yanaşmaqla onlara laiq olduğu qiyməti verərdik. Təbii ki, bu mənim şəxsi düşüncələrimdir.

Düşmənə oyuncaq kimi yanaşmağın bizə verəcəyi üstünlüklər nədən ibarətdir?

Biz oyuncağımızı sonda nə edirik? İlk növbədə bu barədə düşünmək lazımdır. Biz onu ya zibil vedrəsinə, ya da çardağın bir küncünə atırıq.

Zərərverici oyuncaqlarla oynamaq ilk başdan yanlışdır. Sən mənim bu fikrimlə razısan?

Sizin fikrinizlə razıyam çünki, ermənilər də insan orqanizminə və insan beyninə zərər verəcək tipdədirlər.

“Mən erməni qızının obrazını canlandıraram”.

Bəs aktrisa üçün vətənpərvərlik nədir?

Aktrisa üçün vətənpərvərlik daha vacibdir. Hər zaman incəsənət adamları xalqın dilinə çevrilir. Bir aktrisanın vətənpərvərliyi öz işini daha peşəkar səviyyədə görməsidir. Məsələn, mən erməni qızının obrazını canlandıraram. Amma o zaman ki, o orada ermənilərin pisliyini büruzə verən bir obraz olsun. Sənə bir təklif gəlsə ki, patriot erməni qızını canlandıracaqsan. Sənsə yalnız bu obrazı canlandırmaqla xəyallarını qurduğun ideallarına sahib olcaqsan. Bütün həyatının dəyişəcəyini bilsən, belə bir təklifi qəbul edərdin?

Birmənalı şəkildə “yox” cavabını verərdim.

“Axtarılsa, onun da arxasından erməni barmağı çox rahatlıqla görünər”.

Ancaq sən bu obrazı canlandırmaqla dünya şöhrətli bir aktrisaya çevrilə bilərdin. Peşən barəsində istədiyinə nail ola bilərdin. Yenə də “yox” cavabını verərdin?

Xeyr, heç vaxt bu rolu qəbul etməzdim. Bilirsiniz, mənim üçün aktrisalıq bir həyat tərzi deyil. Sənətçilər daha həssas olurlar bu cür mövzulardı. Mənim üçün vətənimdə işləmək daha xoşdur. Düşünürəm ki, bu cür təkliflərin mənə gəlməsinin ilkin səbəbi mənim azərbaycanlı olmağımdır. Və axtarılsa, onun da arxasından erməni barmağı çox rahatlıqla görünər. Onların məqsədləri məhz budur. Bu cür primitiv addımlara getmək düzgün deyil.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR