“Mən Mehriban xanımı görəndə, sanki Aida İmanquliyevanı görürəm”
Bütün Xəbərlər
19:39 25.10.2011
9764
Habil Əliyev: «Mən Mehriban xanımı görəndə, sanki Aida İmanquliyevanı görürəm… Aida xanım Azərbaycanın qadınlıq simvolu və əsl Şərq gözəli idi» Vasim Məmmədəliyev: “Aida xanım İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdəndir” Ramiz Quliyev: «Aida xanım Azərbaycanımıza ölkəmizin adını yüksəklərə qaldıran Mehriban xanım kimi övlad bəxş edib, mən Mehriban xanımı Aida xanımın çox böyük əsəri kimi qiymətləndirirəm» «Tanrı sevdiyi bəndələri dərgahına tez aparır» – deyirlər. Bəlkə elə ondandır ki, cəmi 53 il ömür yaşadı. Amma Tanrının ona bəxş etdiyi bu ömür payını o qədər ləyaqət və şərəflə yaşadı ki, hər kəsə bir örnək oldu. Söhbət ölümün fövqündə dayanan, əziz xatirəsiylə milyonların ürəyində yaşayan görkəmli şərqşünas alim, ictimai xadim, tənqidçi, tərcüməçi, ədəbiyyatşünas və ən əsası gözəl insan, ziyalı xanım Aida İmanquliyevadan gedir. Oktyabrın 10-u onun doğum günüdü. «Mərkəz» tanınmışlarımızla bərabər, Azərbaycanın fenomen şəxsiyyətini yada saldı. «Aida xanım Azərbaycanın qadınlıq simvolu və əsl Şərq gözəli idi, heyf ki, əcəl onu əlimizdən vaxtsız alıb apardı», – deyən ustad sənətkar, xalq artisti, «İstiqlal» ordenli Habil Əliyev Aida İmanquliyeva haqqında danışarkən göz yaşlarına hakim ola bilmədi: «Mən həmişə Aida xanımı böyük sevgiylə yada salıram. O gözəl azərbaycanlı qızının xeyir işində də mən kaman ustası kimi iştirak etmişəm. Rəhmətlik tarzən Hacı Məmmədov və ustad xanəndə Əbülfət Əliyevlə birgə. Həmin günlər yadıma düşdü, çox kövrəldim, onun vaxtsız ölümü məni həmişə yandırıb-yaxıb. Heyf, ölüm ona yaraşmırdı. Aida xanım o qədər çoxşaxəli yaradıcılığa malik insan idi ki, adam heyrətlənirdi. Düşünürdüm ki, belə gözəl qamətli xanımın belə zərif çiyinləri bu qədər işin ağırlığına necə tab gətirir? Axı, onun gördüyü işlərin sayı-hesabı yox idi. Mən onu fenomen şəxsiyyət sayıram». Habil Əliyev Aida İmanquliyevanı həm gözəl xanım, nəcib ziyalı, həm də dəyərli alim kimi xarakterizə etdi: «İstedadlı alim idi, onun kəşfləri bütün Şərq dünyasını silkələmişdi. Ziyalı, zərif bir xanım idi. Şəxsiyyəti ilə ziyalılığı, yaradıcılığı ilə mədəniyyəti vəhdətdə olan insan idi. Hələ mən onun ana kimi gözəlliyindən danışmıram. Aida İmanquliyeva Azərbaycana 2 ziyalı, kübar, intellektli, xanım-xatın Azərbaycan xanımı bəxş edib. Anasında olan bütün nəcib keyfiyyətlər – zəriflik, ziyalılıq, gözəllik, xanım-xatınlıq, alicənablıq, hansı birini sayım – hamısı Mehriban xanımda cəm olub. Mən Mehriban xanımı görəndə, sanki Aida İmanquliyevanı görürəm. «Anasının verdiyi süd ona halal olsun» – deyirəm. Bu gün Mehriban xanım bütün dünya xanımlarına gözəlliyi, zərifliyi, intellekti, bacarığı, ziyalılığı ilə bir nümunədir. Mən onu beynəlxalq ali tribunalarda görəndə, sevincdən gözlərim yaşarır, qürur hissi keçirirəm ki, belə ləyaqətli qızımız ölkəmizi xaricdə layiqincə təmsil edir. Mehriban xanım o qədər işin çoxluğunda həmişə biz sənətkarlarla maraqlanıb, dərdimizə, halımıza yanıb. Bir dəfə dedim ki, Mehriban xanım, Ağdaşda musiqi məktəbi yoxdur. Qayıtdı ki, Habil müəllim, bəs, bunu mənə niyə demirdiniz? Səhəri gün xəbər gəldi ki, Ağdaşda mənim adıma musiqi məktəbinin tikintisinə başlanıb. Bəli, yalnız Aida İmanquliyeva kimi xalqını, vətənini sevən bir fədainin övladı sənətkarı belə qiymətləndirə bilərdi. Aida xanımın ruhu həmişə şaddır, ona görə ki, onun gözəl əməllərini davam etdirən Mehriban xanım kimi cəsarətli, fədakar, Həcər qeyrətli, Nigar hünərli qızı var».«Mən fəxr edirəm ki, Azərbaycanın Aida İmanquliyeva kimi dəyərli alimi, ziyalı xanımı, ictimai xadimi olub», – deyən xalq artisti, Azərbaycan xalqı var olduqca, Aida İmanquliyevanın da var olacağını bildirdi. Xalq artisti, «Şöhrət» ordenli tarzən, professor Ramiz Quliyev Aida İmanquliyevanı həm şəxsiyyət, həm alim, həm də bir ana kimi xarakterizə etdi: «Aida İmanquliyeva haqqında danışarkən, ilk növbədə, gözümün önünə onun Azərbaycan elmində etdiyi böyük kəşflər gəlir. Eyni zamanda, yüksək zövqlü, incə bir xanım olaraq Aida xanımın insanlarla nəcib rəftarını xatırlayıram. Aida xanım dünyasını dəyişən ana qədər elmə sadiq olduğunu Azərbaycan xalqı qarşısında sübut etdi və elə həm də elm fədaisi kimi də yaddaşlara həkk olundu. Aida xanım həm də gözəl bir ana idi. Aida xanım Azərbaycanımıza onun adını yüksəklərə qaldıran Mehriban xanım kimi övlad bəxş edib, mən Mehriban xanımı Aida xanımın çox böyük əsəri kimi qiymətləndirirəm. Eyni zamanda, Nərgiz xanım kimi nəcib, intellektual bir xanımı dünyaya gətirib. Hər iki gözəl xanımda olan xanım-xatınlıq, yüksək mədəniyyət, təhsil məhz Aida İmanquliyevadan övladlarına keçən ən gözəl xüsusiyyətlərdir».Ramiz Quliyev Aida İmanquliyevanın ailəsinin xoşbəxt ailə kimi bir nümunə olduğunu dilə gətirdi: «Aida xanımın ailəsi bütün Azərbaycan ailələri üçün nümunəydi. Bu gün onun ruhu şaddır, ona görə ki, gözəl əməllərini onun gözəl qızları layiqincə davam etdirirlər».Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev professor Aida İmanquliyeva haqqnda öz fikirlərini paylaşdı. Aida İmanquliyevanın özündən sonra Azərbaycan şərqşünaslığını zənginləşdirən qiymətli elmi irs qoyduğunu deyən V.Məmmədəliyev alimin fundamental tədqiqatlarının təkcə Azərbaycan və keçmiş sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini qeyd etdi: “Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdəndir.”Bizsə, «Mərkəz» kollektivi olaraq deyirik: «Nə qədər ki, Azərbaycan var, nurlu xatirəniz xalqın qəlbində əbədi yaşayacaq, Aida xanım!» Cəvahir Səlimqızı,