“Mən Mehriban xanımı görəndə, sanki Aida İmanquliyevanı görürəm”

“Mən Mehriban xanımı görəndə, sanki Aida İmanquliyevanı görürəm”
Bütün Xəbərlər
19:39 25.10.2011
9766
Habil Əliyev: «Mən Mehriban xanımı görəndə, sanki Aida İmanquliyevanı görürəm… Aida xanım Azərbaycanın qadınlıq simvolu və əsl Şərq gözəli idi» Vasim Məmmədəliyev: “Aida xanım İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdəndir” Ramiz Quliyev: «Aida xanım Azərbaycanımıza ölkəmizin adını yüksəklərə qaldıran Mehriban xanım kimi övlad bəxş edib, mən Mehriban xanımı Aida xanımın çox böyük əsəri kimi qiymətləndirirəm» «Tanrı sevdiyi bəndələri dərgahına tez aparır» – deyirlər. Bəlkə elə ondandır ki, cəmi 53 il ömür yaşadı. Amma Tanrının ona bəxş etdiyi bu ömür payını o qədər ləyaqət və şərəflə yaşadı ki, hər kəsə bir örnək oldu. Söhbət ölümün fövqündə dayanan, əziz xatirəsiylə milyonların ürəyində yaşayan görkəmli şərqşünas alim, ictimai xadim, tənqidçi, tərcüməçi, ədəbiyyatşünas və ən əsası gözəl insan, ziyalı xanım Aida İmanquliyevadan gedir. Oktyabrın 10-u onun doğum günüdü. «Mərkəz» tanınmışlarımızla bərabər, Azərbaycanın fenomen şəxsiyyətini yada saldı. «Aida xanım Azərbaycanın qadınlıq simvolu və əsl Şərq gözəli idi, heyf ki, əcəl onu əlimizdən vaxtsız alıb apardı», – deyən ustad sənətkar, xalq artisti, «İstiqlal» ordenli Habil Əliyev Aida İmanquliyeva haqqında danışarkən göz yaşlarına hakim ola bilmədi: «Mən həmişə Aida xanımı böyük sevgiylə yada salıram. O gözəl azərbaycanlı qızının xeyir işində də mən kaman ustası kimi iştirak etmişəm. Rəhmətlik tarzən Hacı Məmmədov və ustad xanəndə Əbülfət Əliyevlə birgə. Həmin günlər yadıma düşdü, çox kövrəldim, onun vaxtsız ölümü məni həmişə yandırıb-yaxıb. Heyf, ölüm ona yaraşmırdı. Aida xanım o qədər çoxşaxəli yaradıcılığa malik insan idi ki, adam heyrətlənirdi. Düşünürdüm ki, belə gözəl qamətli xanımın belə zərif çiyinləri bu qədər işin ağırlığına necə tab gətirir? Axı, onun gördüyü işlərin sayı-hesabı yox idi. Mən onu fenomen şəxsiyyət sayıram». Habil Əliyev Aida İmanquliyevanı həm gözəl xanım, nəcib ziyalı, həm də dəyərli alim kimi xarakterizə etdi: «İstedadlı alim idi, onun kəşfləri bütün Şərq dünyasını silkələmişdi. Ziyalı, zərif bir xanım idi. Şəxsiyyəti ilə ziyalılığı, yaradıcılığı ilə mədəniyyəti vəhdətdə olan insan idi. Hələ mən onun ana kimi gözəlliyindən danışmıram. Aida İmanquliyeva Azərbaycana 2 ziyalı, kübar, intellektli, xanım-xatın Azərbaycan xanımı bəxş edib. Anasında olan bütün nəcib keyfiyyətlər – zəriflik, ziyalılıq, gözəllik, xanım-xatınlıq, alicənablıq, hansı birini sayım – hamısı Mehriban xanımda cəm olub. Mən Mehriban xanımı görəndə, sanki Aida İmanquliyevanı görürəm. «Anasının verdiyi süd ona halal olsun» – deyirəm. Bu gün Mehriban xanım bütün dünya xanımlarına gözəlliyi, zərifliyi, intellekti, bacarığı, ziyalılığı ilə bir nümunədir. Mən onu beynəlxalq ali tribunalarda görəndə, sevincdən gözlərim yaşarır, qürur hissi keçirirəm ki, belə ləyaqətli qızımız ölkəmizi xaricdə layiqincə təmsil edir. Mehriban xanım o qədər işin çoxluğunda həmişə biz sənətkarlarla maraqlanıb, dərdimizə, halımıza yanıb. Bir dəfə dedim ki, Mehriban xanım, Ağdaşda musiqi məktəbi yoxdur. Qayıtdı ki, Habil müəllim, bəs, bunu mənə niyə demirdiniz? Səhəri gün xəbər gəldi ki, Ağdaşda mənim adıma musiqi məktəbinin tikintisinə başlanıb. Bəli, yalnız Aida İmanquliyeva kimi xalqını, vətənini sevən bir fədainin övladı sənətkarı belə qiymətləndirə bilərdi. Aida xanımın ruhu həmişə şaddır, ona görə ki, onun gözəl əməllərini davam etdirən Mehriban xanım kimi cəsarətli, fədakar, Həcər qeyrətli, Nigar hünərli qızı var».«Mən fəxr edirəm ki, Azərbaycanın Aida İmanquliyeva kimi dəyərli alimi, ziyalı xanımı, ictimai xadimi olub», – deyən xalq artisti, Azərbaycan xalqı var olduqca, Aida İmanquliyevanın da var olacağını bildirdi. Xalq artisti, «Şöhrət» ordenli tarzən, professor Ramiz Quliyev Aida İmanquliyevanı həm şəxsiyyət, həm alim, həm də bir ana kimi xarakterizə etdi: «Aida İmanquliyeva haqqında danışarkən, ilk növbədə, gözümün önünə onun Azərbaycan elmində etdiyi böyük kəşflər gəlir. Eyni zamanda, yüksək zövqlü, incə bir xanım olaraq Aida xanımın insanlarla nəcib rəftarını xatırlayıram. Aida xanım dünyasını dəyişən ana qədər elmə sadiq olduğunu Azərbaycan xalqı qarşısında sübut etdi və elə həm də elm fədaisi kimi də yaddaşlara həkk olundu. Aida xanım həm də gözəl bir ana idi. Aida xanım Azərbaycanımıza onun adını yüksəklərə qaldıran Mehriban xanım kimi övlad bəxş edib, mən Mehriban xanımı Aida xanımın çox böyük əsəri kimi qiymətləndirirəm. Eyni zamanda, Nərgiz xanım kimi nəcib, intellektual bir xanımı dünyaya gətirib. Hər iki gözəl xanımda olan xanım-xatınlıq, yüksək mədəniyyət, təhsil məhz Aida İmanquliyevadan övladlarına keçən ən gözəl xüsusiyyətlərdir».Ramiz Quliyev Aida İmanquliyevanın ailəsinin xoşbəxt ailə kimi bir nümunə olduğunu dilə gətirdi: «Aida xanımın ailəsi bütün Azərbaycan ailələri üçün nümunəydi. Bu gün onun ruhu şaddır, ona görə ki, gözəl əməllərini onun gözəl qızları layiqincə davam etdirirlər».Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev professor Aida İmanquliyeva haqqnda öz fikirlərini paylaşdı. Aida İmanquliyevanın özündən sonra Azərbaycan şərqşünaslığını zənginləşdirən qiymətli elmi irs qoyduğunu deyən V.Məmmədəliyev alimin fundamental tədqiqatlarının təkcə Azərbaycan və keçmiş sovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirdiyini qeyd etdi: “Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olan azsaylı mütəxəssislərdəndir.”Bizsə, «Mərkəz» kollektivi olaraq deyirik: «Nə qədər ki, Azərbaycan var, nurlu xatirəniz xalqın qəlbində əbədi yaşayacaq, Aida xanım!» Cəvahir Səlimqızı,
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
20:00 11.03.2025
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
"Banu Günel" in ölüm xəbəri yayıldı
19:51 11.03.2025
"Banu Günel" in ölüm xəbəri yayıldı
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
19:36 11.03.2025
Fon der Lyayen: Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
19:23 11.03.2025
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Qadınlar yalanı daha tez hiss edir
19:10 11.03.2025
Qadınlar yalanı daha tez hiss edir
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
18:57 11.03.2025
Polşa Ukrayna üçün 5 min ədəd “Starlink” terminalı alacaq
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir
18:46 11.03.2025
XİN: Çin Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri dəstəkləyir