“Mən hotel deyəndə ağlınıza başqa şey gəlirsə, problem sizdədir” - Qumral Musayeva ilə VİDEOMÜSAHİBƏ

MÜSAHİBƏ
20:31 02.07.2024
3487

"Azxeber media”nın bu həftəki qonağı gənc müğənni Qumral Musayevadır.

- Salam Qumral xanım. İşləriniz necədir? İstirahətə zaman ayıra bilirsiniz?

- Şükür Allaha hər şey yaxşıdır. Amma istirahət etmirəm. Bizdə elə olur ki, istirahətlə iş üst-üstə düşür. Mənim də övladarım var, onlara zaman ayırmalıyam. Çalışıram onlara da çatım,işimi də görüm.

- Amma kənardan rəngarəng həyatınızı görənlər sizə bətəvərçilik oxuyur. Niyəsə işinizin əziyyətli tərəfini heç kəs görmək istəmir…

- Çünki hər zaman öndə olana baxırlar. Pərdəarxasını görmürlər. Heç kəs rahatcılıqla gəlib harasa çatmır. Təbii ki, çalışmaq lazımdır. Allah da əziyyət çəkənin ruzisini verir. Nə qədər ki, bu ruzi mənim qapımdadır, mən ona heç vaxt qapımı bağlamaram. Ona görə də çalışıram bütün işlərimə gedim.

- Çox vaxt rəylərdə sizə yazırlar ki, ailəsi var, əri, anası var. Nə ehtiyac duyur işləməyə? Bu fikirləri necə qarşılayırsız?

- O qədər sadə xanımlar var ki, baxıram oturur evdə, dolanışıq da çətindir amma işləmirlər. Belə insanları başa düşmürəm. Bizdə də yoldaşım işləyir amma bu zəmanədə bir nəfərin işləməsi ilə dolanmaq olmur. Dəstək olmaq lazımdır. Nə qədər işləsək də çatmır, uşaqlar böyükdür. Təhsili var, geyimi var. Mən qazandığım pulu mahnılarıma qoyuram. Mənim xeyli bahalı mahnılarım var. Kənardan baxana hər şey hər zaman asan görünür. Allaha şükür olsun ki, mən hər şeyi çatdırıram. Qazanıram da, xərcləyirəm də, uşaqlarım da "yox” sözünü bilmirlər.

- Sosial şəbəkələrdə paylaşdığınız həyatınız realdır? Yəni Qumral həqiqətənmi bu qədər xoşbəxt qadındır?

- Mən heç vaxt demirəm xoşbəxtəm, sadəcə yoldaşım yanımdadır, övladlarım var və ailəmizdə birlik var. Mən xoşbəxt qadınam ona görə ki, yoldaşım hər zaman mənə dəstək olur, məni uşaq kimi əzizləyir. Ona çox təşəkkür edirəm. Mən də insanam, mənim də travma aldığım hadisələr olub. Həyatımın elə dönəmləri var ki, mən də əziyyət çəkmişəm. Haqsızlıqları götürə bilmirəm.

- Onda deyə bilərik ki, hər şey göründüyü kimi deyil? Bu qədər gülən insanlar əslində özləri ilə baş-başa qalanda kədərli olurlar?

- Bəli! Mənim də özümə görə qəmim var, qüssəm var. Müğənniləri sadəcə ortaya atıblar. Bu gün adi, sıradan insanların həyatında elə şeylər baş verir ki, onlar heç istəmirlər ailələrinə görə zərrə qədər əziyyət çəksinlər. Adi şeydən boşanırlar. Rahata qaçırlar. Amma bilmirlər ki, o adını rahatlıq qoyduqları şey çox çətin həyatdır. Tək qadın olaraq bu dünyada yaşamaq çox çətindir. Sənə hər pisliyi edə bilərlər. Mən heç bir qadına arzu etmirəm bu həyatı. Sevgili ilə yaşanan həyat da müvəqqətidir. Çünki sevgilər də dəyişib, əvvəlki kimi deyil. Hər şey maddiyata bağlıdır.

- Sevgili yoxsa "Sponsor”?

- Mən heç sevmirəm "sponsor”un sevgiliyə çevrilməyini. "Sponsor” layihəyə pul xərcləyən insandır. Bu hamıda ola bilər. Çox heyif ki, bunu da biz özümüz etmişik. O xanımlar aləmi elə qarışdırıb ki, bilmirik "sponsor” kimdir, sevgili kimdir. 3 ay, 5 ay kimisə tapırlar, amma bilmirlər ki, sənə görə kimisə dəyişən bir gün səni də kiməsə dəyişəcək. Bunu da ağıllı qadınlar bilir. 3 manat puldan ötrü insanların bu addımı atmaqlarına gülünc baxıram. Bu gün istəsəm naşükür olub hər şeyi dağıdıb gedə bilərdim, başqa-başqa yollarla istədiyim pillələrdə ola bilərdim. Amma mənə o həyat lazım deyil. Mənim hər şeyim ailmdir. Bu gün nəyimiz varsa, yoldaşımla əl-ələ verib özümüz etmişik. Hər şeyə şükür edirəm. Gözəlliyi Allah mənə verib, şansı verib, hara getsəm hörmətliyəm. Elə xanımlar görürəm ki, onlara hörmət yoxdur. Çünki bilirlər kim, kimdir. Mən özümə qarşı bu münasibəti görəndə özümlə fəxr edirəm. Nə olsun ki, mənim anam ikinci dəfə ailə qurub, amma o özünə çox hörmət edən qadındır. Onun nə qədər sadiq və vəfalı olduğunu hamı görür. Hər yerə yoldaşı ilə gedir. Bilirsiz niyə? Verilişlərə çıxırıq, mövzu yoxdur. Sənətlə yox şəxsi həyatla maraqlanırlar. Mən də danışıram özümdən asılı olmayaraq, hamı paylaşır və qalmaqal yaranır. Mən də ailəmdə problem yaşayıram. Hər müsahibədən sonra mənim uzun müddət başım ağrayır. Axı mənim nəyimə lazımdır o veriliş reytinq yığacaq, mən də ailəmdə problem yaşayacam.

- Sizcə nəyə görə Azərbaycan izləyicisinə şəxsi həyat daha maraqlıdır nəinki sənət?

- Çünki biz hamımız izləyici üçün adiləşmişik. Bizdən yorulublar.

- Sosial şəbəkələrdə məşhurlar hər şeylərini paylaşırlar. Məncə əl çatan olublar ona görə…

- Bəli! Şou proqramlara gedirik. Düşünürəm ki, əlçatan və maraqsızıq. Əvvəlki toylar da indi yoxdur. Anam 30 gün toyda olardı, heç efirə çıxmağa vaxtı olmazdı. O vaxtı belə asan da deyildi efirlərə çıxmaq. Ona görə də onlar əlçatmaz görünürdü.

- Doğma atanızla Təranə xanım yollarını ayıranda yəqin ki, yaşadığınız çətinliklər olub.

- Təbii ki, heç bir övlad istəməz atası ilə anası ayrılsın. Bunu mən də istəmədim. Amma çətinliyim də olmadı. Atamla da görüşürdük deyə çox problem etmədim bunu. Anam da heç vaxt görüşməyimizə qadağa qoymayıb. Mən insanları çox sevirəm, çox tez bağlanıram. Amma çox təəssüf ki, haqsızlıqları bu günə qədər yaşayıram. Beş barmağımı bal edib salsam qohumun, dostun, tanışın ağzına, deyəcək ki, zəhərdir. Heç vaxt mənim qədrim, qiymətim bilinmir. Baxıram ki, insanlar öz mənfəətlərini güdürlər. Ona görə də mən bu gün təkəm. Sadəcə ailəm və mən!

- Şou-biznesdə dostluq var?

- Yoxdur! Ona görə də mən orda yoxam, uzağam. Bu gün yan-yana gördüyüm insanlar, sabah tək görəndə baxıram ki, onun dalınca danışır. Sonra çıxır efirə başlayır tərifləməyə. Bir-birinə bacı deyirlər, bir qabda yemək yeyirlər. Mən bu şeyləri görüb doyuram. Çünki insanlığın öldüyü bir zamanda yaşayırıq. Bunları dərk edəcək yaşdayam. Ona görə də sevmirəm kimsə mənə ağıl versin. Anam da, yoldaşım da mənə ağıl versə artıq bu məndə qıcıq yaradır.

- Bu günə qədər etmədiyiniz şeylər üçün peşmançılıqlarınız var?

- Əlbəttə ki, var. Mən gənc qızlıq çağlarımı yaşamamışam. Çox gənc, 17 yaşımda ailə qurmuşam. Gənclər kimi gedib kafedə otura bilmədim. Heç kəs də inanmırdı ki, bu yaşda mən ailəliyəm. Məni sevən gənclər də var idi. Övladlarımla birlikdə böyümüşəm demək olar. İndi xanımlar gözləyir, düşünərək ailə qurur, bu mənim çox xoşuma gəlir. Qızıma da demişəm, həyatını yaşa, ailə qurmaq heç vaxt gec deyil. Mən məktəb illərimi də yaşamamışam, anam bizi çox sıxıb. Nə zaman ki, bildim artıq bətnimdə uşaq var, əlimi hər şeydən üzdüm. Amma içimdəki həvəs illər sonra yenə də məni gətirdi öz istədiyim yerə. Mən qəddar ola bilmərəm, müdir ola bilmərəm. Mən hətta komandamdakı uşaqlara belə işçi kimi davrana bilən insan deyiləm. Köməkçim əmim oğlu idi. Gördüm ki, mən özümünkülərə ürəyimi də versəm, onlar mənə qarşı elə deyillər. Bu mənim çox pisimə gəlir. İnsanlara dəyər verib dəyərsiz qalıram. Hər kəs öz mənfəətini güdür.

- Özünüzə qarşı olan qeyri-səmimi münasibəti hiss edirsiz?

- Həmin an edirəm, bəli. O qədər qohumlarım var ki, əlimin içi kimi bilirəm o niyə mənim yanımdadır. Şou biznesə niyə heç kimlə yaxınlıq etmirəm? Çünki saxtalıqları məni sıxır. Onlarla bir ortamda özümü o qədər pis hiss edirəm ki, hətta ağlamağım belə gəlir. Heç birində səmimiyyət yoxdur, insanlıq sıfırdır. Baxırsan heç müğənni deyil amma pulu var deyə əlindən tutub gəzdirirlər. Kənardan baxıb deyirəm ki, pul sən bu qədərmi vacibsən? Amma bəlkə də o adamın insanlığı sıfırdır, puluna görə onu əldə gəzdirirlər. Mən o insanlardan deyiləm, qoy mənim özümə hörmət qoysunlar. Çünki mənim o qədər gözəl qəlbim var ki, bunların hamısına dəyər. Ətrafımızda bahalı insanlar olsun istəyirik amma o bahalı insanların hamısı saxtadır. Çünki qurduqları həyat saxtadır. Hamı pulun şirəsinə gəlir, pul olmayandan sonra sən heç kimsən. İndiki zaman çox madiyyata bağlı bir zamandır. Ona görə də gücümün son damlalarına qədər işləmək lazımdır. Öz gücümə özümü təsdiq edəcəyəm. Bəlli bir zamanda anam bizə çox dəstək olub. Ev də, maşın da, hər şey alıb sanki oğlan övladıyıq kimi. Hamımıza hər şey verib. İndi elə analar çox azdır.

- Sevib ailə qurmusunuz, bəs Qumral sevilən gəlinolub?

-Aparıcı verilişdə mənə sual verirsə, mən də ona gərçəkləri deməliyəm, xasiyyətim budur. Dedim ki, qayınanam soyuq insandır. Məni qınadılar, nələr yazdılar. Axı siz mənim həyatımı yaşamadan məni necə qınaya bilərsiniz? Mən deməmişəm qayınanam pisdir, pis olsa da demərəm o mənim böyüyümdür. Sadəcə demişəm soyuq qadındır. O məni heç vaxtçox istəməyib, istəsə idi mən bilərdim. Amma bir ana oğlunu çox istəyirsə, gəlini istəməsə də onun ailəsini və övladlarını da istəməlidir. Mən o soyuqluğu hiss etmişəm və dediklərimin də arxasındayam. Ailə quranda mən heç müğənni deyildim. Ancaq yazırlar ki, sən soyunursan, müğənnisən, oynayırsa qayınana səni necə qəbul etsin? O qədər elə işgüzar xanımlar var ki, qayınanası ilə də gözəl münasibətdədir. Mənim toyum 2006-cı ildə olub, mən 4 ildir müğənni olmuşam. Adi bir insan idim ərə gedəndə, sadəcə müğənni qızı idim.

- Bəlkə buna görə qəbul etməyib sizi?

- Ola bilər. Onların nə düşündüyünü mən bilə bilmərəm. Mən hər zaman abır həya gözləyən olmuşam hər şeydə. Böyük olan yerdə mən tamam başqa insan oluram. İndi təzə çıxan müğənnilər var, baxıram ki, o qədər özlərindən razıdırlar. Böyük-kiçik bilmirlər, hərəkətlərini bilmirlər, çünki tərbiyə ailədən gəlir. Mən anamdan belə görmüşəm.

-Bu günkü cəmiyyətdə gəlin olmaq çətindir, yoxsa qayınana?

- Təbii ki, qayınana. Çünki indiki qızlar çox fərqlidir, hamısı çox tez oyanıb. Mən də gələcəyin qayınanasıyam. Çox arzu edirəm ki, eyni özüm kimi gəlinim olsun. İndiki qızlar 9-cu sinifdən böyüyüblər. Analar var qızlarına telefona icazə verir, qız evə gec gəlir, sərbəst gəzir, dırnaq, makiyaj edir. Olmaz! O gəncliyini yaşamalıdır. O qızları görəndə onlardan yox, analarından utanıram. Anaya da söz deyəndə deyir bilirəm hardadır. Bizim anamız qoymayıb, biz belə görmüşük. Amma elə analar da var başları özləri üçün pul qazanmağa qarışıb, övladından xəbərləri yoxdur, uşaqlar qalıb özbaşına. Heç bir övladımdan bu günə qədər bir nəfər şikayət etməyib. Onlar mənə öz tərbiyəmin, analığımın mükafatını verirlər.

- Bir müddət söz-söhbət çıxdı ki, ailəniz rəsmi öz ailəniz deyil…

- Hə deyirdilər onu da. Hətta dedilər ilk övladı birinci yoldaşındandır. Yaxşı ki, övladlarım onu oxumur. Mənim bir yoldaşım var, o da Natiqdir, bir ailəm var, uşaqlarım da bir kişidəndir. 2006-cı ildən bu yana hesablasalar, görəcəklər. Qızım 2008-ci ildə olub.

- Üçüncü dəfə ana olmaq istəyirsiz?

- Yox, artıq düşünmürəm. Uşaqları çox sevirəm. Vaxt var idi deyirdim neçə uşaq olur qoy olsun. Yoldaşım deyirdi onlara baxmaq, gələcəyini yaxşı təmin etmək var. Bu çox çətindir.

- Çıxışlarınızda dediyiniz "Kabinetlərdə ifa edirəm” və ya "Dubaya çağırırlar” sözləri xoş qarşılanmadı. Sizcə niyə bu sözlərin mənaları bu qədər vulqarlaşıb?

-Bunun günahı nə məndədir, nə də bu fikirlərimi qınayan insanlarda. Günah bu ifadələri bu günə qədər pis təqdim edənlərdədir. Kabinet mənim ailəm və yoldaşımla oturduğum yerdir. İndi də gedirəm, gedəcəm də. Kim mənə pis baxır, baxsın. Sizi dəvət etsəm ad günümə kabinetə, gəlməyəcəksiz? Burda nə var ki?

- Bu sözləriniz niyə onları narahat etdi?

- Mənim anamı çox adamın gözü götürmür, mən də onun qızıyam da. Nə etsəm istəyirlər ki, anamı mənimlə vursunlar. Amma belə bir şey heç vaxt olmayacaq. Kabinet əxlaqsızlıq yuvası deyil ki, mən ora getməyim. O gedənlər ki var, kabinetlərdə nə işlərlə məşqul olur, bir Allahları bilir bir də özləri bax onlar məni pis başa düşə bilər ancaq. Verilişdə də bir xanım var idi dedi mənim oğlum var, mən getmirəm. Bu mənə çox pis təsir etdi. Ərim də var, oğlum da var, gedirəm, gedəcəyəm də. Mənim sözümü tutub hallandırmaq lazım deyil. Mən otel deyəndə sizin ağlınıza əgər başqa bir şey gəlirsə, günah mənim yox, sizindir. Beyniniz o qədər inkişaf edib. Mən oteli ailəmlə gedib istirahət etdiyim yer kimi bilirəm. Bəziləri narahat olur ki, ay qız nə deyirsən sən, işləri açılır axı… Bu gün xalq artistlərimiz belə gedib kabinetlərdə otururlar. Onun adını nə vaxtsa dəyişib başqa şey qoysalar, onu deyirəm. Mən başımı yastığa qoyanda çox rahat qoyuram. O kabinetlərdə mən nələr görmüşəm, o məndədir, amma qorxsun o kəslər ki, o kabinetlərdə başqa işlərlə məşquldurlar.

- Bütün mətbuatda bəllidir ki, Təranə xanımın qalmaqal yaşadığı bəzi həmkarları var. Onlar yaşca sizdən böyükdürlər. Onlarla qarşılaşanda özünüzə qarşı necə münasibət görürsünüz?

- Mən heç vaxt bu şeylərə qarışmamışam. Amma hardasa anamın fotosunu görəndə ya xəbəri çıxanda, əsəbiləşirəm. Anamın düşməni, mənim də düşmənimdir.

- Sizin xoş münasibətinizdən istifadə edən insanlar çox olur?

- Əlbəttə ki, həddindən artıq çoxdur. Bu mənə çox pis gəlir. Biri var səni sevələr, biri var səndən istifadə edələr. Həyatımda çox az adam olar ki, məni sevsin. Bu gün kimsənsə, çevrəndə də ona görə insanlar var. İstər ata tərəfimin qohumları olsun, istərsə də ana tərəf, istər dost, tanış, mən o sevgini onlardan görməmişəm. Hətta mənim yaxşılıq etdiyim insanlar da mənə pisdirlər. Özüm onlara yaxşı olduğum üçün, mən də onlardan ummuşam. Gözlədim ki, mən onları istədiyim kimi, onlar da məni istəsin. Mən özümə hörmət qoyan qadınam və o hörməti də istəyirəm.

- Səmimiyyətinizə inanıram çünki Təranə xanımla Musa müəllimin 4-cü övladı olması ilə bağlı süni şəkildə yayılan xəbərləri ilk dəfə yalanlayan elə siz özünüz oldunuz…

- Bəli, mən öz ailəmə qarşı da beləyəm. Əslində, ailəmin yox, bu xəbərləri süni şəkildə yaradan verilişlərin yalanının ifşası idi bu. Bunu həmin veriliş süni şəkildə, reytinq üçün etmişdi. Mən də dedim axı, saxtalıq olan yerdə mən yoxam. Gedirəm verilişə bir gün mənə yaxşı danışır, sabah başqasına. Ya da çıxardır şəkilləri qoyur qabağımıza deyir ki, fikri bildir, bunu de, onu de. Axı məndən daha öncə sənətə gəlmiş insanlara nə deyə bilərəm? Mənə ayıb olar. Mənə düşməz axı deyim o necə oxuyur, qatarı gedib, ya qalıb. Məcbur qalıb nəyisə seçirdim.

- Amma elə sənətçilər var idi ki, qat-qat təcrübəli müğənnilər haqda söz deyirdilər…

- Hə, amma mən onlardan deyiləm. Mənim üçün ayıb olardı bunu etmək. İndi hamı özü üçün birincidir. Mən trend üçün çalışmıram. Onu hansısa yollarla da yaratmaq olur. İndi elə gözəl ifaçılar var ki, trendi də yoxdur, brendi də yoxdur, amma çox səviyyəli müğənnidir. O bayağı ifa dedikləri şeyi, mən qəbul edirəm, o da bir janrdır və "qara millət” onu sevərək dinləyir. O bəyənilməsə "TikTok”da hamı o mahnıları dinləyib oynamaz. Mənim də estrada mahnlarım var, şou proramlarda heç kim onu dinləmir. Amma məcbur oxuduğum bayağı mahnını qoyuram, hamı tökülüşür oynamağa. Deməli kütlə önəmlidir. Biz onların istəyi ilə oxuyuruq.

- Nə üçün bayağı deyərək kateqoriyaya ayırdığımız Türkan Vəlizadə, Şəbnəm Tovuzlu, Zeynəb Həsəni bir çoxları tərəfindən qınanır. Axı onları da kütlə sevir?

- Onlar bayağı deyil, oxuduqları janr meyxana janrıdır. Bunu tək ifa edən onlar deyil ki? Qoy onlar heç də pis olmasınlar, əksinə onlardan danışa-danışa onları reklam edirlər. Nəyi pisdir ki? Niyə kiminsə geyimi verilişlərdə müzakirə olunmalıdır ki? Mən o zaman bu geyimə olunan tənqidlərlə razı olardım ki, hamı qaydalara əməl etsə idi. Biri lütləşib çıxanda ona açıq geyinmək olar, amma təzə çıxan bir müğənni bir az bir yerini açsa, onu yıxıb sürüyürlər. Başqalarında görəndə ölürlər onun üçün, çəkirlər, paylaşırlar, yıxılırlar, bəs niyə bizə olmaz? Nəyi bölüşə bilmirsiz? Mən hamısının sənətini bəyənirəm. Vəfa, Nəfəs, Şəbnəm Tovuzlu, Ülviyyə Namazova… Trend Davasıdır indi? Heç vaxt belə söhbətlər olmazdı, indi çıxb bu cılız söhbətlər.

Bir də təcrübəli sənətçilər təzə çıxanları əzməyə çalışırlar. Biri deyir səsi yoxdur, biri deyir oxuya bilmir. Vallah dəstək olmaq lazımdır. Hər aşiqin bir dövranı var. Bunu qəbullanmaq lazımdır. Bu gün mən gündəmdəyəm, sabah olmaya bilərəm. İndi elə müğənni var ki, deyirsiz canlı oxuya bilmir, olsun, amma onu sevirlər. Kütlə onu qəbul edib. Sən nəyin davasını edirsən? Damlaya o qədər hörmət edirəm o xasiyyətinə görə. Hər nə dedilər heç kimə bir dəfə belə olsa cavab vermədi. Geyimlə vurdular, səsi ilə vurdular, amma o susdu. Çox da yaxşı elədi. O nə etsin ki, onu elə geyindirirlər, o da qəlb qırıb pis söz deyə bilmir.

- Bloger kimi də fəaliyətiniz var. Reklam qarşılığında geyim götürürsüz?

- Mən hal hazırda çox tələb olunan blogerəm. Hərdən soruşurlar müğənnilikdən çox qazanırsan ya blogerlikdən. Təbii ki, blogerlikdən. Elə mağazalar var ki, geyimi də götürürəm, pul da. Eləsi də var zövqümcə geyim olmur, pulumu alıram. Bilirsiz niyə? Çünki mənə hər şey yaraşır. Mən hər geyimi daşıya və izləyiciyə sata bilirəm. Amma öz geyimlərim qalıb, sata bilmirəm. Bir dəfə səhifə açdım ki, geyimlərimi satım. Vaxtım olmadı məşqul olmağa.

- Plastik əməliyyatlarınız var?

- Əlbəttə ki, var! Mən o etdirib sonra da təbii gözələm, heç nə etməmişəm deyənlərdən deyiləm. Bədəndə də var, üzdə də var. Çünki mən gözəllik aşiqıyəm. Təzə nə çıxsa, qaçıram etdirirəm.

- Yoldaşınızı qısqanırsız?

- Əgər görsəm ki, yoldaşım kiməsə maraqla baxır hə, xoşuma gəlməz. Amma xanımlar ona baxanda, qısqanmıram. Çünki qadında gərək abır, həya ola. Mən yoldaşıma həmişə deyirəm, bir gün görsən ki, məndən bezmisən, yorulmusan, istəmirsən yaşamaq, bunu mənə de. Mən səninlə dost kimi yollarımı ayıra bilərəm. Mən heç bir qadını özümə rəqib bilmirəm çünki hara getsəm diqqət mərkəzində özüməm. Elə xanımlar var ki, dörd gözlə baxmaq lazımdır gözəlliyinə, amma mənə yaxınlaşır deyir ki, siz necə gözəlsiz. Bəylər də öz yerində, yaxın dura bilməsələr də, simpatiyaları hiss olunur. Yoldaşım da bunu görür və məni qoyub getməz. Bəzən olur ki, hansısa sözü sərt şəkildə deyir mənə. Ya geyimə görə, ya hansısa müsahibəmə görə. Mən də götürə bilmirəm və küsürəm, qırılıram. Dəfələrlə olub ki, gedirik məclisə, görürük kişi məclisidir, qayıdırıq geri. Məni zala daxil olmağa qoymur. Orda da qışqırır həmin adamlara ki, kişi məclisinə Qumralı çağırmayın. Qoymur da, nə edək? Ona görə də biz artıq pula qaçmırıq. 10 min manat, 50 min manat da olsa qoymur. Buna görə ailəmə niyə söz salım?

- Oğlunuz böyüyəndə desə ki, oxuma, qərarınız dəyişəcək?

- Yox, deməz. Mən ona o tərbiyəni verməmişəm. O da bilir ki, anası onlar üçün çalışır. Mənə qarşı elə başından böyük danışmaz. Mən o vaxt işləmərəm ki, maddi cəhətdən hər şey istədiyim kimi ola, heç bir şeyə ehtiyacım olmaz. Mənim indi işdən yorulan vaxtım deyil.

- Çox təşkkür edirəm maraqlı açıqlamalarınız üçün.

- Mən də sizə təşəkkür edirəm. Mənim üçün maraqlı və xoş söhbət oldu.

 


Aysel Hacızadə

Fərid Faioğlu


 

 

OXŞAR XƏBƏRLƏR