'Mən özüm 125 funt sterlinqə bilet alıb Azərbaycan rəsmilərinə verirəm'

Bütün Xəbərlər
14:18 01.08.2012
1458
"Olimpiya oyunlarının keçirildiyi Excel mərkəzinin qarşısında bilet satan şəxs azərbaycanlı ola bilməz. Çünki azərbaycanlıların özlərinə bilet çatışmır" - bu sözləri BBC Azərbaycancaya müsahibəsində London 2012 Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov deyib.Britaniyanın Sky News televiziyası gizli çəkiliş vasitəsilə “Azərbaycan rəsmilərinin” Olimpiya oyunlarının keçirildiyi Excel mərkəzinin qarşısında bilet satdığını aşkara çıxardığını deyib."Mən özüm 125 funt sterlinqə bilet alıb Azərbaycan rəsmilərinə verirəm, Oyunlar başlayandan bəri son bir həftədə biletlərə 2000 funt sterlinq xərcləmişəm, çeklər də məndədir" - İlham Mədətov deyib. "Mümkün deyil. Heç kəsdə bu qədər bilet yoxdur" - o əlavə edib.Sky News xəbər verir ki, Azərbaycan bayrağı gəzdirən şəxsin 20 funta satdığı biletin üzərində "Azərbaycan Olimpiya Komitəsi" sözləri yazılıb. İlham Mədətov bunu qətiyyətlə rədd edib və bietlərin üzərində belə söz yazılması barədə məlumatların həqiqətə uyğun olmadığını deyib.Sky News telekanalının müxbiri reportajında deyir ki, özünü Azərbaycan nazirliyinin işçisi kimi təqdim edən bir kişi qara bazarda “pulsuz” biletlər satır.Biletlər avqustun 3-ə planlaşdırılan yüngünçəkili boks oyunlarını izləmək üçündür.Azərbaycan rəsmisi eyni zamanda ehtimal edib ki, Sky televiziyasının videoya çəkdiyi və üzünü göstərmədiyi şəxs Bakıdan "turist paketi" ilə Olimpiya Oyunlarını izləməyə gəlmiş adamlardan biri ola bilər."Turist paketi içərisində ona günə bir bilet verilir. Onda cəmi 5-6 bilet ola bilər. Azərbaycanlılar bir gündə beş yerdə çıxış edirlər. Turist paketinə daxil olan biletlər isə gündə bir oyun üçündür. Avqustun 3-ə olan bileti heç kəs indidən satmaz. 20 funta heç kəs bilet satmaz" - Azərbaycan rəsmisi deyib.
OXŞAR XƏBƏRLƏR