"Jurnalistlərin dostu nominasiyası üzrə mükafat 1997-ci ildə təsis olunub. O zamandan bu zamana, bütün təqdimat törənlərində iştirak etmişəm. İlk dəfə deyil, ikinci də sayılmaz. Düz 10 dəfə olub! (2002-2010-arasında fasilə verilib)".
AZXEBER.COM-un məlumatına görə, bu fikirləri "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu öz facebook səhifəsində məlumat verib.
O qeyd edib: "Bu baxımdan, 10-cu dəfə iştirakım ətrafında, ilk imiş kimi həşir qopartmaq təşəbbüslərini saxta və qərəzli sayıram. Prezident İlham Əliyev ilk dəfə 2010-cu ildə bu mükafatı aldı. O zaman da oradaydım. Hazırda bu faktla bağlı məni qaralayan bəzi həmkarlarım (yaxın günlərdə adlarını yazacam) və siyasətçilər, deputatlar, hazırda müxalifətə keçən bəzi vətənpərvərlər, KİV rəhbərləri ilə birlikdə idik. "Gülüstan"da böyük bir tədbir təşkil olunmuşdu və həddindən çox adam vardı. O zaman da içəridə jurnalistlər vardı, Elmar da öldürülmüşdü... Sonrakı illərdə də, həmçinin, vəziyyət dəyişməmişdi...
Allah ömür və fürsət versin, bundan belə də iştirak edəcəyimi düşünürəm. Bu seçkidə bizim cəmi bir səsimiz var - qəzet olaraq. Onu da son seçkidə tamamilə fərqli birisinə vermişik. Bütün anketlər mühafizə olunur. Təftişə açıqdır. Bu baxımdan, bizi qaralayan "araşdımaçı jurnalist"lərə təklif, hətta tələb edirəm, bir 3 kilometr məsafədəki bu faktı da araşdırsınlar. Bu zaman necə yanlış içində olduqlarını özləri də anlayacaqlar".