Metro, tramvay, velosiped: Bakı tıxacdan necə qurtula bilər? - Yeni Təklif

Metro, tramvay, velosiped: Bakı tıxacdan necə qurtula bilər? - Yeni Təklif
SOSİAL
12:31 12.08.2026
243

Xəbər verdiyimiz kimi, Bakıda nəqliyyat sıxlığının müşahidə olunduğu küçə və prospektlərin siyahısı açıqlanıb.

Hazırda əsas sıxlıq Bakı-Sumqayıt şosesinin "20 Yanvar” metro stansiyası istiqamətində, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsinə qədər olan hissəsində, 1-ci Göl kənarı yolunda Ziya Bünyadov prospekti istiqamətində, eləcə də Tbilisi prospektində "20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində qeydə alınıb.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Bakıda nəqliyyat axınlarının qarışması və ictimai nəqliyyatın şəhərin inkişaf tempinə uyğun sürətlə yenilənməməsi sıxlığın əsas səbəblərindəndir.


"Bakıda nəqliyyat axınları qarışıb və şəhər çox sürətlə inkişaf edib. Amma toplu daşımalar, yəni ictimai nəqliyyatın müxtəlif növləri, xüsusən də elektrik nəqliyyatı eyni sürətlə inkişaf etmir. İnsanlar mövcud şəraitdə daha çox avtomobil yollarına üstünlük verirlər və bu da öz növbəsində yeni problemlər yaradır.

Şəhər ətrafında üç dairəvi yolun, bir radial yolun və əlaqələndirici yolların tikintisi, şəhərdə metro şəbəkəsinin təkmilləşdirilməsi kimi layihələr nəzərdə tutulub. Mövcud metro xətlərində sərbəst hərəkətin təmin edilməsi, xətlərin ayrılması və digər layihələr həm mövcud şəbəkənin daha səmərəli fəaliyyətinə, həm də gələcək inkişafına imkan yaradacaq”, – deyə ekspert qeyd edib.

R.Ağamirzəyev bildirib ki, gələcək mərhələdə yeni metro stansiyalarının tikilməsi də nəqliyyat sıxlığının azaldılmasına təsir göstərə bilər.

"Şəhər böyüyür və yeni stansiyaların tikilməsi nəzərdə tutulur. Bu, mövcud sıxlığa birbaşa təsir edən məsələlərdəndir. Şəhərin fərqli istiqamətlərindən hərəkət etmək üçün yeni marşrutlar formalaşacaq.

Gələcək üçün isə 2030-cu ildən sonra Bakının dairəvi metro yaşıl xəttinin tikilməsi vacibdir. Şəhərətrafı elektrik qatarı şəbəkəsinin də proqram çərçivəsində fərqli istiqamətlərdə inkişafı nəzərdə tutulub. Gündəlik sərnişin sayının 42 mindən 200 minə qədər çatdırılması planlaşdırılır.

Tramvayın şəhərə qaytarılması da relsli nəqliyyat növlərinin sərnişin axınının əsas hissəsini öz üzərinə götürməsinə kömək edə bilər. Həmçinin avtobus parkının yenilənməsi, marşrutların optimallaşdırılması, piyada infrastrukturunun və mikromobillik şəbəkəsinin təkmilləşdirilməsi nəzərdə tutulur”, – deyə o əlavə edib.

Ekspert hesab edir ki, daha qısa müddətdə nəticə əldə etmək üçün piyada və mikromobillik infrastrukturunun yaxşılaşdırılmasına da diqqət artırılmalıdır.

"Son üç ildə mikromobillik Azərbaycan və Bakı üçün şəbəkə olaraq yenilikdir. Lakin yaradılan şərait nəticəsində hər keçən gün, ay və il mikromobillik istifadəçilərinin sayı artır. Eyni zamanda, qısa məsafələrdə hərəkət etmək üçün piyada səkilərini sürətlə bərpa etməli və inklüzivliyi nəzərə almalıyıq”, – R.Ağamirzəyev vurğulayıb.

R.Ağamirzəyev "20 Yanvar” dairəsində piyada keçidlərinin də təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib:

"20 Yanvar dairəsinə gəldikdə, demək olar ki, dairənin hər tərəfində svetofor var. Amma eyni səviyyəli keçidlər yoxdur. Əgər bütün dairə boyu svetofor varsa, eyni səviyyəli, zebralı keçidləri təmin etmək lazımdır ki, insanlar yeraltı keçidlərə enmədən rahat şəkildə bir tərəfdən digər tərəfə keçə bilsinlər”.

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR