Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı

Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
SOSİAL
16:46 24.08.2026
274
Avqustun 15-dən "Nizami–28 May” sahəsində qatarların hərəkətinin dayandırılması Bakı metrosunda sərnişin axınına da təsir edib. Hərəkət sxeminin dəyişdirilməsindən sonra əvvəllər sıxlıq müşahidə olunan bəzi stansiyalarda sərnişin sayının azaldığı görünür. 

Bəs sərnişinlər niyə metrodan uzaqlaşıb? Bu dəyişiklik sərnişin axınına nə qədər təsir edib?

"Bakı Metropoliteni” QSC-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, qatarların hərəkəti dayandırıldıqda sərnişin azalması labüd idi:

"Bakı metropolitenində sərnişinlərin 97 faizə yaxını Qırmızı və Yaşıl xətlərdən istifadə edir. Həmçinin sərnişinlərin bir qismi məhz Qırmızı və Yaşıl xətlər arasında keçid edir. Qeyd edilənlər nəzərə alınaraq, "28 May-Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldıqda sərnişin azalması labüd idi. Məhz bu səbəbdən yerüstü ictimai nəqliyyata tələbatın artması, daşımaların əsas sərnişin tələbatı nəzərə alınmaqla təşkili, sərnişinlərin düzgün yönləndirilməsi məqsədilə AYNA ilə sıx əlaqəli şəkildə fəaliyyət təmin edilir. 

Sərnişinlərin doğru yönəldilməsi ilə çaşqınlığın aradan qaldırılması, stansiyalara yaxın ərazilərdən keçən müntəzəm və ekspres marşrut avtobusları barədə məlumatların təqdim edilməsi və informasiya təminatı məqsədilə Bakı metropoliteni stansiyalarında könüllülər cəlb edilməklə onların ikinövbəli iş rejimi təmin edilib. Bundan savayı, eyni məqsədlər üçün əlavə işçi qüvvəsi ayrılmaqla stansiya girişləri, vestibüllüər və  platformalarda müvafiq iş aparılır. Bununla yanaşı, sərnişin axınının tənzimlənməsi təmin edilir”.

Qurumdan vurğulanıb ki, Qırmızı xətdə interval 2 dəqiqə 30 saniyəyə endirilib:

"Bakı metropolitenində Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində interval gur saatlarda 3 dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrə yaxın tunellərin inşası ilə əlaqədar hər bir xətt üzrə müstəqil hərəkət qrafikinin tərtib edilməsi nəticəsində Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə saxlanılıb. Lakin Qırmızı xətdə intervalın 1 dəqiqə azaldılması təmin edilib. Bu məqsədlə Qırmızı xətt üzrə müvafiq gücləndirmə, optimallaşdırma tədbirləri görülüb, həmçinin əlavə maşinistlər ayrılmaqla qatarların "İçərişəhər” stansiyasını qatarların tərk etməsinin operativlliyini təmin edilib. Nəticədə hazırda xətt üzrə interval 2 dəqiqə 30 saniyə təşkil edir”.

"Həmçinin qarşıdakı dövrdə xətlər üzrə intervalın azaldılması ilə bağlı təhlillər aparılır və mümkün tədbirlərin görülməsi imkanları araşdırılır, sərnişin axını və tələbatı diqqət mərkəzində saxlanılır, - deyə qurumdan bildirilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR