APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi brifinqdə ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza bildirib.
Səfir bu gün Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bir sıra məsələlər, o cümlədə Azərbaycanda terror təhlükəsi ehtimalı barədə müzakirələr apardığını deyib: “Bu görüş dostluq və səmimiyyət şəraitində keçdi. Biz terror ehtimalı ilə bağlı məlumat verən mənbəni açıqlamırıq. Amma əgər terror təhlükəsi ilə bağlı ikinci dəfə xəbərdarlıq etmişiksə, bu o deməkdir ki, məsələ çox ciddidir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan hökumətinin bu məsələ ilə bağlı bizə göstərdiyi dəstəkdən çox məmnunuq”.