Mikayıl Cabbarov Azərbaycan Dillər Universitetində - FOTOLAR

GƏNCLİK
16:35 20.06.2013
3619

İyunun 20-də Azərbaycan Dillər Universitetində (ADU) ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) və ADU-nun Amerika mərkəzinin təşkilatçılığı ilə “ Azərbaycan təhsil sistemində islahatların aparılması: problemlər və onların həlli yolları” mövzusunda Məzunların 2-ci Təhsil Forumu keçirildi. Məzunların 2-ci Təhsil Forumunda Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, təhsil siyasətçiləri, nüfuzlu təhsil mütəxəssisləri, təhsil sahəsində fəal vətəndaş cəmiyyətinin nümayəndələri və digər tədqiqatçılar iştirak edirdilər.

Giriş sözü ilə çıxış edən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov vacib və əhəmiyyətli məsələ olan “ Azərbaycan təhsil sistemində islahatların aparılması: problemlər və onların həlli yolları” mövzusunda müzakirələrin aparılması üçün Azərbaycan Dillər Universitetinə Azərbaycan gəncləri, qeyri-hökumət təşkilatları (QHT), orta məktəb müəllimləri, valideynlər, nüfuzlu təhsil mütəxəssisləri və digər tədqiqatçıların toplaşdığını söylədi. Rektor Səməd Seyidov bir qurum olaraq Təhsil Nazirliyinin başlatdığı israrlı, məntiqli, dünya təcrübəsinə əsaslanan, çox vacib islahatların içərisində olmaq və bu istiqamətdə tədbirlər görməyin özünəməxsus şərəfli addım olduğunu bildirdi. Səməd Seyidov ümumilikdə Azərbaycan təhsil sisteminin inkişafına yönəlmiş islahatların Azərbaycanın inkişafına da xüsusi əsas yaratdığını vurğuladı. Universitet rəhbəri ADU-da bu mövzuların müzakirəsinin, Azərbaycan təhsil sitetmində islahatların aparılmasının zəruriliyindən söz açdı.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov ADU-da olmaqdan məmnunluğunu ifadə etdi. Mikayıl Cabbarov söylədi ki, təhsilin gələcəyi və inkişafında hər hansı bir qurum, qeyri-hökumət təşkilatı, müxtəlif təhsil işçilərinin deyil, ümumilikdə hər bir vətəndaşın xidmətləri olmalıdır. Təhsil naziri təhsil istiqamətində maraqlı olan tərəflərin səylərini birləşdirdiyi təqdirdə, xaricdə təhsil almış gənclərin rəylərindən bəhrələndikdə Azərbaycan təhsil sisteminin parlaq gələcəyi olacağını bildirdi. Ölkə və ölkənin gələcəyi naminə təhsilin ən yaxşı sərmayə olduğunu vurğulayan Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman söylədiyi "Bizneftkapitalınıinsankapitalına çevirməliyik" fikrini dəstəklədiyini söylədi. O, azərbaycanlı gənclərin ölkə daxilində, o cümlədən xaricdə təhsil alması üçün şərait yaradıldığını, dövlət proqramlarının mövcud olduğunu vurğuladı. Təhsil naziri təhsil sahəsində yeniliklər etmək üçün uzun illər gözləmək lazım olmadığını və artıq Azərbaycanın inkişaf etdiyi bir dönəmdə bu addımları qısa müddət ərzində də yerinə yetirməyin mümkünlüyündən danışdı. Mikayıl Cabbarov təhsil sisteminin inkişafı yolunda səbrli, kreativ olmağın, “hər zaman belə olub” yanaşmalarından uzaq durmağın, qarşılıqlı hörmətin yüksək nəticələrə gətirib çıxaracağını vurğuladı. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın inkişaf etidyini və bu istiqamətdə Azərbaycan təhsil sisteminin də əvəzedilməz rola malik olduğunu bildirdi.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşı, “Fulbright Master Student” dövlət proqramının məzunu və Forumun koordinatoru Vəli Hüseynov TQDK-nın sədri Məleykə Abbaszadənin üzrlü səbəblərdən Forumda iştirak etmədiyini bildirdi. O, TQDK-nın təhsilin inkişafına yönəlmiş tədqiqat işlərini, o cümlədən təhsil forumunu dəstəklədiyini söylədi. TQDK-nın gələcəkdə daha ciddi araşdırmalar aparılmasına metodik vasitələrlə yardım etməyə həmişə hazır olduğunu vurğulayan Vəli Hüseynov Forumun fəlsəfəsinin xarici ölkələrdə təhsil almış azərbaycanlı məzunların, o cümlədən təhsil sahəsində çalışan mütəxəssislərin bilik, bacarıq və təcrübəsinin dövlət strukturları, universitetlər və təhsil ocaqları ilə mübadiləsi platformasının yaratmaq və ölkədə təhsil siyasətində gedən müzakirələrə cəlb etmək olduğunu nəzərə çatdırdı. Forum üçün müraciət olunan 24 abstraktlardan yaradılmış Komissiya tərəfindən yalnız 10 abstraktın tədqiqat işlərinin tamamlanmasının tələb olunduğunu bildirən Forumun koordinatoru daxil olmuş tam tədqiqat işlərinin qiymətləndirilməsi nəticəsində sonda yalnız 6 tədqiqatın təqdim edilməsinin qərarlaşdırıldığını söylədi. O, Forumda təqdim olunacaq tədqiqat işlərinin bəzilərinin tövsiyə, bəzilərinin isə başlanğıc xarakterli olduğunu diqqətə çatdırdı.

Forum bölmə iclasları ilə davam edir. Bölmə iclaslarında Asif Cahangirov və Ülviyyə Mikayılovanın moderatorluğu ilə Yeni Təhsil Təşəbbüslərinin həm-təsisçisi, Oxfam Azərbaycanda Sağlamlıq və Gender Proqram meneceri Murad Nəsibov “Məktəbin İdarə Olunmasında Cəmiyyətin İştirakı ilə Təhsilin Keyfiyyətinin Artırılması: daha sonrakı təhsil üçün əks-mərkəzləşdirmə olmadan bu mümkündümü?”, ABA CEELI və Qafqaz Universitetinin təmsilçisi Günel Cəfərova “Müəllimlərin Təlimi və İnkişafı”, BP AGT Bakı Petrofizik Qurğusunun aparıcısı Elşən Rzayev “Ali Təhsil Müəssisələrinin Sənayə ilə Əlaqələndirilməsi- Uğur Modeli”, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin əməkdaşı Vitaly Radsky “İnkluziv Sosial Siyasətin İnkişafı: Azərbaycandakı Məcburi Köçkünlər üçün Təhsil”, Azərbaycana Birgə Yardımın nümayəndəsi Qven Börçel “Təhsil İslahatı və Həssaslığın Aradan Qaldırılması”, Azərbaycan Diplomatik Akademiyasının Siyasət və Beynəlxalq Əlaqələr üzrə 2013-cü il magistr məzunları Elmin İbrahimov, Murad Muradov, Təhminə İmanova “Magistratura pilləsinə Qəbul İmtahanı Nəticələrinin Məntiqi Suallarının Təhlili” mövzularında tədqiqat işlərini təqdim etdilər.

Qeyd edək ki, Məzunların 2-ci Təhsil Forumunun əsas məqsədi məzunları, təhsil siyasətçilərini və tədqiqatla məşğul olan digər mütəxəssisləri bir araya gətirərək, Azərbaycandakı təhsil müəssisələrinin açıq şəkildə müzakirəsi təşkil etmək və gələcək təhsil siyasətinin planlaşdırılması üçün təkliflər və tövsiyələr paketini hazırlamaq, həmçinin Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Mərkəzi Bank, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi və digər müvafiq maraq göstərən qurumların diqqətinə çatdırmaqdır. Beləliklə, nəzəriyyə və faktlara, eləcə də, təcrübəyə əsaslanan və gələcəkdə Azərbaycan təhsil strategiyasında əks etdirilə biləcək siyasi tədqiqat araşdırmaları paketi hazırlamaqdır.

Forumun ikinci məqsədi isə müxtəlif təcrübə və səlahiyyətə malik olan təhsil mütəxəssislərini bir araya gətirməklə təhsildəki problem və çətinlikləri birgə müzakirə etmək üçün imkan yaratmaqdır. Bu tədbir, tədqiqatçılara Azərbaycanda təhsil sisteminin inkişafı üçün səy göstərən şəxslərə milli səviyyədə öz araşdırmaları ilə bölüşmək üçün əhəmiyyətli bir fürsət yaradır, beləliklə bu tədqiqatçılar, siyasətçilər və qərar qəbul edınlər arasında davamlı əlaqələr inkişaf etdiriləcək və gələcəkdə daha yüksək səviyyəli tədqiqatların aparılmasına töhvələr veriləcəkdir.

Təhsil 2020/2030 strategiyasını nəzərə alaraq, Foruma dəvət olunan şəxslər üçün siyasi təklif və tövsiyyələr veriləcək. Toplanmış materiallar çap olunaraq dövlət siyasətçilərinə və digər hökumət orqanlarına göndəriləcəkdir. Bu forum fəal məzunlar icması, peşəkar tədqiqatçılar və qabaqcıl təhsil siyasətçilərin beynəlxalq təcrübəni paylaşması və tətbiq edilməsi üçün yararlana biləcəyi bir platforma təqdim edir. “Azərbaycan təhsil sistemində islahatların aparılması: problemlər və onların həlli yolları” mövzusunda rəhbər tutaraq, forum dəvət olunan şəxslərə təhsilin siyasəti ilə bağlı təkliflər və tövsiyyələr paketini təqdim edəcəkdir. Forumla təqdim edilmiş tədqiqat işləri tərtib olunaraq geniş şəkildə müvafiq dövlət təhsil siyasətçilərinə və digər hökumət qurumlarına göndəriləcəkdir.

OXŞAR XƏBƏRLƏR