Vətəndaşları qəbul edərkən, hər dəfə qəribə bir xahişlə rastlaşıram. Sayını itirmişəm, hər halda əllini ötər... Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun (Baxşəliyev), Elgizin (Əkbər) və ya Xoşqədəm (Baxşəliyeva) xanımın verilişinə çıxsınlar. Deyirəm ki, müraciət edin, yəqin verilişə alarlar. Mənim bu verilişlərə çıxarmağa nə səlahiyyətim, nə də aparıcılarla xüsusi münasibətim yoxdur.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Fazil Mustafa özünün “Facebok” profilində yazıb. Millət vəkili daha sonra əlavə edib ki, insanlar öz hüquqlarını doğru-düzgün bilmirlər:
“İnsanlar deyirlər ki, orada elə bir növbə var ki, bizim vaxtımız bir ildən sonra gələcək. Demək ki, əhalinin bir qismi də televiziyaların qabağında növbəyə durubmuş. Yadıma Sultan Əbdüləzizin 1868-ci ildə dövlət idarəçiləri ilə müşavirəsində çıxışının mətni düşdü. Deyirdi ki, insanlarla ədalətli davranmaq lazımdır, onların haqlarını bütün qurumlar yüksək səviyyədə qorumalıdır. İnsanlar hüquqlarını qorumaq üçün dövlətin qapısına deyil, ədalətin qapısına üz tutmalıdırlar.
Nə yazıq ki, bizdə insanlar hüquqlarını arayarkən, problemlərini həll etmək istəyərkən dövlətin və ədalətin qapısına az gedirlər. Daha çox televiziyaların qapısında növbə tutmağa üstünlük verirlər. Düşündürücüdür”.
Maraqlıdır, görəsən, insanlar hər hansı bir problemin həlli üçün nəyə görə məhz telekanallara müraciət edirlər? Bunun üçün aidiyyatı qurumlara yaxınlaşıb, şikayətlərini ərz etmək daha doğru olmazmı?