“Penitensiar Xidməti tərifləmək nə vaxtdan ciddilik sayılır” Mirzə Sakit: “Eynulla Fətullayev ay yarım əvvəl məni Çe Gevaraya bənzədirdi, indi qeyri-ciddi oldum?”
Ötən həftə mediada hüquq müdafiəçisi Eynulla Fətullayevin türmələrdə apardığı monitorinqin nəticələrini elan etməsi fikir ayrılıqları yaratmışdı. Keçmiş məhbus, satirik Mirzə Sakit isə E.Fətullayevin türmələrdəki duruma müsbət rəy verməsinin obyektiv olmadığını yazmışdı. E.Fətullayev isə “Yeni Müsavat”a müsahibəsində Mirzə Sakiti qeyri-ciddi insan adlandıraraq, onun dediklərinin xüsusi çəki daşımadığını demişdi.
AZXEBER.COM-un məlumatına görə, Mirzə Sakit “Yeni Müsavat” qəzetinə müraciət edərək, ona cavab haqqı tanınmasını istəyib. Mirzə Sakit öncə onu bildirdi ki, E.Fətullayevin barəsində dediyi “qeyri-ciddi insan” sözünü özünə təhqir hesab etmir: “Mən ona cavab vermişəm. Orada da həbsxanalardakı qeyri-qanuni şəraiti sadalamışam. Bizim bu gün də türmələrlə əlaqəmiz var. İndi orada vəziyyət daha dəhşətli həddə çatıb. Mən özüm 14 saylı cəzaçəkmə müəssisəsində qalmışdım. Ordakı məhbus dostlar deyirlər ki, sən çıxandan sonra münasibət daha da qəddarlaşıb. Eynulla Fətullayevin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində də, Qobustanın özündə də vəziyyət pisləşməyə doğru gedib”. Müsahibimiz dedi ki, E.Fətullayevin həbsxana ərazisindən 5 maşın zibil çıxarılması, rəisin donuz fermasının ləğvi kimi məqamları islahat kimi qiymətləndirməsi yanlışdır. Onun sözlərinə görə, sanitar-gigiyenik dəyişikliklərin türmələrdəki rejimə dəxli yoxdur: “Türmənin inzibati binası Hilton oteli səviyyəsində tikilsə belə, bunun ordakı rejimə aidiyyəti yoxdur. Ay yarım öncə Eynulla ”Azadlıq" radiosunun rus dili bölməsinə yazdığı yazıda mənə də yer ayırıb, barəmdə 4-5 min işarəlik sözlər yazıb. Deyib ki, Mirzə Sakit sınmayıb. Hətta məni Çe Gevaraya, Nelson Mandelaya bənzədirdi. Ay yarımda mən tərəfdən heç nə dəyişməyib. Heç türmələrdə də müsbətə doğru dəyişən bir şey yoxdur. Həbsxanada dostlarımız var. Deyirlər ki, çöldə hakimiyyətin rejimi necədirsə, içəridə də türmənin rejimi elədir". Müsahibimiz sonda E.Fətullayevin “qeyri-ciddi insan” ittihamına bir daha qayıtdı. Mirzə Sakit sual etdi ki, hakimiyyət nümayəndələrinə, Penitensiar Xidmətə xoş söz demək, mətbuat vasitəsilə yaltaqlanmaq nə vaxtdan ciddilik sayılır: “Onu müdafiə edən dostları - Şahvələd Çobanoğlu da, Natiq Cavadlı da artıq onun yanından uzaqlaşıb. Mən öz sözlərimdə ciddiyəm. Türmədəki əcaiblikləri cənnət məkan kimi mətbuatda qələmə verməyin özü qeyri-ciddilikdir”.