Kafedə oturan 11 nəfər arasında mübahisə yaranıb
Ötən axşam Moskvanın şimal-qərbindəki kafelərdən birində Azərbaycan vətəndaşları arasında atışma olub. Münaqişədə iştirak edən azərbaycanlılar bir neçə gün əvvəl ölmüş həmvətənlərinin cənazəsini Azərbaycana gətirmək üçün Moskvaya gediblər. Onlar Dekabristlər küçəsindəki kafedə oturublar.
“11 nəfər idilər. Axşama yaxın gəldilər və çay sifariş etdilər. Onların əyləşdikləri masa qış terrasında yerləşdiyindən, ofisiant ora gec-gec gedir. Yalnız atəş səsləri eşidildikdən sonra işçilər küçəyə qaçdılar və müştərilərdən birinin qanlar içərisində yerdə uzandığını gördülər”, - kafenin əməkdaşı bildirib.
Məlum olub ki, kafeyə toplaşanlar arasında mübahisə yaranıb və onlardan biri tapançadan atəş açmağa başlayıb. Hadisə nəticəsində bir nəfər ölüb, iki adam yaralanıb.
“İnterfaks” agentliyinin yaydığı məlumata görə, münaqişə tərəflərindən biri azərbaycanlılar olsa da, qarşı tərəf Şimali Qafqaz respublikalarının sakinləri olublar.