Azərbaycanda son vaxtlar motosikletlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının artması ciddi narahatlıq doğurur. Demək olar ki, tez-tez qeydə alınan qəzalar nəticəsində ölən və xəsarət alanlar olur. Qəzaların artmasında yalnız sürücülərin deyil, piyadaların da davranışı mühüm rol oynayır. Bir çox hallarda piyadalar motosikleti tamhüquqlu nəqliyyat vasitəsi kimi qəbul etmədikləri üçün yolu nəzərə almadan keçirlər.
Nəqliyyat eksperti Raqif Raufoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, motosikletlərlə bağlı problemlərin səbəbləri çoxdur:

"Motosikletlərlə bağlı problemlərin səbəbləri çoxdur. Biz bunları müxtəlif qruplara ayırmalıyıq, çünki onların hamısı motesiklet sayılmır. Burada 50 kubsantimetrə qədər mühərrik həcmi olanlar da var. Onların bir qismi üçün də sürücülük vəsiqəsi tələb olunmağa başladı. Çünki kim gəldi sürürdü və bu da ağır nəticələrə gətirib çıxarırdı”.
O deyib ki, kuryer xidmətlərinin artması ilə əlaqədar olaraq yollarda motoların sayı da çoxalıb:
"Kuryer xidmətlərinin artması ilə əlaqədar olaraq yollarda motoların sayı da çoxalıb. Biz sürücülər onları yollarda bu qədər çox görməyə öyrəşməmişik. Hələ yeni-yeni ölkəmizdə moto mədəniyyəti formalaşmağa başlayır. Amma motosikletlər də bəzən özlərini nəqliyyat vasitəsi kimi aparmır. Yəni, başa düşmürsən ki, bu nəqliyyat vasitəsidir, yoxsa piyada. Məsələn, piyada keçidindən piyada kimi keçir, amma yolun digər hissəsində sürücü kimi hərəkət edir və bu da sürücüləri çaşdırır. Sürücü onu piyada zolağında görəndə yol verir. Əgər yol hərəkət hissəsindədirsə, onu digər hərəkət iştirakçısı kimi qəbul edir və öz hərəkətini davam etdirir. Amma motosiklet sürücüləri düşünürlər ki, piyada kimi onlara da yol verilməlidir”.
Nəqliyyat eksperti bildirib ki, motosiklet sürücüsü başa düşməlidir ki, o nəqliyyat vasitəsini idarə edir:
"Bəzən isə əksinə olur. Bu gün yayılan hadisədə də gördük ki, piyadalar onları nəqliyyat vasitəsi kimi qəbul etmirlər. Ona görə də rahat şəkildə yanlarından keçirlər. Onların sağdan, soldan, istənilən yerdən etdikləri manevrlər də bütün bunlarla birlikdə problemlərə səbəb olur. İlk növbədə motosiklet sürücüsü başa düşməlidir ki, o da nəqliyyat vasitəsini idarə edir. Bizdə əsas problem odur ki, onların əksəriyyəti düşünür: "Mən motosikletdəyəm, amma avtomobildə deyiləm”. Yəni həm özünü sürücü, həm də piyada hesab edir. Xüsusilə də nömrəsiz motosikletləri nəzərdə tuturam. Düşünürlər ki, piyadalara qoşulub istədiyi istiqamətə gedə bilər. Əsas problem də budur. Əgər onlar digər avtomobil sürücüləri kimi özlərini tam hüquqlu yol hərəkəti iştirakçısı hesab etsələr, bütün yol nişanlarına və qaydalara əməl etsələr, əlbəttə ki, demək olar, bu qəzaların böyük əksəriyyəti baş verməz”.
Şahanə Ziyad










































