Mourinyo: "Bu, çox ağır və kədərlidir"

Mourinyo: "Bu, çox ağır və kədərlidir"
İDMAN
00:43 05.11.2026
208
"Real"ın baş məşqçisi Joze Mourinyo İspaniyanın "Tenerife" klubunun hücumçusu Xesus de Migelin matç zamanı aldığı ağır zədə nəticəsində vəfat etməsinə münasibət bildirib.

Mourinyo faciənin futbol ictimaiyyətinə ağır təsir etdiyini dilə gətirib.

O, klubun rəsmi saytına açıqlamasında hadisəni bütün futbol dünyası üçün sarsıdıcı adlandırıb:

"Bu, hamımızın adından deyilən sözlərdir. Düşünürəm ki, baş verənlər bütövlükdə dünya üçün şok hadisədir. Futbol aləmi, xüsusilə də hər gün meydanda olan insanlar üçün bunun nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil. Bu, çox ağır və kədərlidir. Bütün fikirlərim və hisslərim dünyasını dəyişən futbolçunun ailəsi və yaxınları ilədir. Bu hadisədə iştirak edən digər oyunçu üçün də çox çətin anlar yaşandığını düşünürəm. Hamımız yas içindəyik".

Qeyd edək ki, hadisə İspaniya Sequndasının 12-ci turu çərçivəsində keçirilən "Tenerife" – "Andorra" matçında baş verib. Görüş zamanı "Andorra"nın qapıçısı Xesus Ovono ilə toqquşan 30 yaşlı hücumçu ağır zədə alıb.

Hadisədən sonra futbolçunun ürəyi dayanıb. Həkimlərin müdaxiləsinə və reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
///bakuws
OXŞAR XƏBƏRLƏR