Müasir idarəçi obrazı: “Yüksəliş” kimi seçəcək?

GƏNCLİK
22:05 11.03.2020
5778
Müasir dünya sürətlə dəyişməkdədir. Bu proses o qədər sürətlidir ki, bir vaxtlar yüz illər ərzində baş verən dəyişikliklər indi ən qısa müddətdə gerçəkləşir.

Cəmiyyətdə inkişafın sürəti insan modelinin özünə də ciddi təsir göstərir. Nəticədə, ənənəvi yanaşmalar aradan qalxır, ən yaxşı halda isə transformasiyaya uğrayır.

Təbii olaraq, idarəetmə modelləri də ciddi dəyişikliklərə məruz qalır, idarəçilərə münasibətdə yeni psixoloji tələblər formalaşır.

Elə bu səbəbdəndir ki, indi idarəçilik psixologiyasını və müasir idarəçi obrazını nəinki 100-200, hətta 10-15 il əvvəllə belə müqayisə etmək mümkün deyil. 

İdarəetmə modellərində dəyişikliyin bu sahəyə xas olan psixologiyanı da dəyişdirməsi zamanın tələbidir və təbiidir: müasir idarəçi olmağa iddialı şəxs idarəetmədəki yeni davranış modellərinə də sahib olmalıdır. Çünki yuxarıda da vurğuladığımız kimi, artıq idarəçinin öz obrazı da dəyişib.

Əgər əvvəllər idarəçilikdə inzibati metodlar daha üstün, daha doğrusu, birmənalı olaraq üstün mövqedə idisə, artıq rəhbərin özü də kollektivin bərabərhüquqlu üzvlərindən biri rolunda çıxış edir.

İndi idarəçi şəxs "Mən deyən kimi et” tərzli danışıq tonunu "Zəhmət olmasa, mən etdiyim kimi edin” tonuna dəyişməyə məcbur və borcludur. Empatiya hissi ənənəvi hakim cəhəti - eqoizmi əvəzləməli, amiranə tərz komanda ruhuna uyğunlaşan, tapşırıqların icrasında özü də iştirak edən idarəçi tərzi ilə əvəzlənməlidir. 

Müasir idarəçilikdə mühüm məqamlardan biri məhz komanda formalaşdırmaq və komanda şəklində iş qurmaq bacarığıdır. İndiki idarəçi üçün mühüm xüsusiyyətlərdən biri odur ki, komandanın üzvlərini tayfabazlıq, yerlibazlıq, qohumbazlıq və bu kimi bir çox digər zərərli yanaşmalarla deyil, işçinin səriştəliliyi, bilik və bacarıqları, peşəkarlığı, əsas effektivlik göstəricilərini qiymətləndirməklə seçsin. Çünki məhz düzgün formalaşdırılmış komanda düzgün qurulmuş iş deməkdir. Düzgün qurulmuş iş isə doğru və lazımi nəticənin təminatçısıdır. 

İşçilərin təlim və inkişafı, həvəsləndirmə və mükafatlandırılması müasir idarəçinin daim diqqət yetirməli olduğu məqamlardandır. Nəzərə almaq lazımdır ki, bütün sahələrdə gedən sürətli inkişaf peşəkar bilik və bacarıqların da fasiləsiz təkmilləşdirilməsini, səriştəlilik modellərinə yeni yanaşmaları tələb edir.

İstedadların idarə edilməsi, davamçıların hazırlanması və digər istiqamətlərlə yanaşı, təlim ehtiyaclarının düzgün müəyyənləşdirilməsi də olduqca zəruridir və çevik işçi modelinin formalaşdırılmasına birbaşa təsir göstərir. Vaxtında və məqsədyönlü təlimlərə cəlb edilmiş işçilərin inkişafı son nəticədə həm də rəhbərin işinin effektivlik göstəricilərinin yüksəlməsinə gətirib çıxarır.

Deməli, komandanın inkişafı müasir idarəçinin özünün də marağında olmalıdır. O, istedadları düzgün müəyyənləşdirmək və səriştəlilikləri idarə etməklə strateji hədəflərə nail olmağı və deməli, effektivliyi də təmin etmiş olur. Təbii ki, özünütəlim və özünüinkişafını da yaddan çıxarmamaq şərtilə.

Müasir idarəçilikdə əsas məsələlərdən biri də işin və səlahiyyətlərin düzgün bölüşdürülməsidir.

İnzibati metodlarla işləməyi üstün tutaraq, bütün səlahiyyətləri öz əllərində cəmləşdirmək vərdişi artıq özünü qətiyyən doğrultmur. Bu səbəbdən də səlahiyyətlər bölüşdürülməli, əvəzində isə hesabatlılıq artmalıdır.

Komanda işinin düzgün təşkili elə bir vəziyyətə gətirib çıxarmalıdır ki, burada əmrlərin kor-koranə yerinə yetirilməsi vərdişi hər kəsin şəxsi və komanda işinə görə cavabdehlik daşımaq bacarığına çevrilsin və hər kəs həm öz işinə, həm də komanda şəklində əldə olunmuş nəticələrə görə məsuliyyət daşıdığının fərqində olsun.

Təbii ki, idarəçi rəhbərin digər mühüm cəhətlərindən biri məhz bu məqamda üzə çıxır – rəhbərin özü öz hesabatlılığının əhəmiyyətini və vacibliyini dərk edirmi? Axı onun özünün hesabatlılığı da vacib şərtdir: həm də təkcə yuxarı qurumlar qarşısında deyil, öz komandası qarşısında hesabatlılığı. Bu, həm də onun müasir idarəçi kimi lazımi səviyyədə olması deməkdir və peşəkarlığının göstəricisidir.

Hesabatlılıq həm də məsuliyyətin parametridir ki, bu da müasir idarəçini ənənəvi inzibatçıdan ciddi şəkildə fərqləndirir. Söhbət isə təkcə şəxsi məsuliyyət yox, həm də sosial məsuliyyətdən gedir ki, bu xüsusiyyətin əhəmiyyəti artıq ayrı bir yazının mövzusudur. 

Müasir idarəçinin necə olması barədə danışarkən dəyişikliklərin idarə olunması və risklərin qiymətləndirilməsi kimi vacib xüsusiyyətləri də yaddan çıxarmaq olmaz.

Təsadüfi deyil ki, indi bir çox şirkətlər üçün idarəetmə alətləri siyahısında bu xüsusiyyətlər də var; onlar işin effektivliyini təkcə əldə edilmiş nəticələrlə ölçməklə kifayətlənmirlər. Əsas məsələ həm də sürətli dəyişikliklərə uyğunlaşmaq, böhran vəziyyətlərində minumum itki vermək, dəyişən dünyanın tələblərinə vaxtında uyğunlaşmaqdır.

Bu isə idarəçinin riskləri vaxtında görmə və qiymətləndirmə qabiliyyətindən çox asılıdır. Başqa sözlə, riskləri düzgün qiymətləndirmə dəyişikliklər dövründə uduzmamaq, əksinə, qazanmaq üçün ən vacib xüsusiyyətlərdən biridir. Son nəticədə bu, həm də şirkətin biznes-proseslərinin təhlükəsizliyinin təmin olunması deməkdir. 

Sözsüz ki, "Müasir idarəçinin obrazı necə olmalıdır?” sualına yüzlərlə cavab vermək, yüzlərlə vacib keyfiyyətdən söz açmaq olar. Lakin bundan da vacib məsələ odur ki, bu cür şəxslər kölgədə qalmasın, onlara öz potensiallarını reallaşdırmaq üçün imkan və şərait yaradılsın.

Son dövrlərin ən uğurlu layihələrindən biri olan "Yüksəliş” müsabiqəsinin hədəfi də məhz bu kimi xüsusiyyətlərə malik şəxslərin müəyyən edilməsidir. İdarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin üzə çıxarılması ölkəmizdə müxtəlif sahələrdə idarəçilikdə müasir yanaşmaların tətbiqi ilə nəticələnəcək ki, bundan qazanan da yalnız və yalnız Azərbaycan vətəndaşları olacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:31 28.05.2020

ÜST sözçüsü koronavirusla bağlı xəbərdarlıq etdi: “Yeni ocaqlar yarana bilər... Vaksin bir ilə hazır olacaq”

12:21 28.05.2020

Abşeronda it döyüşləri təşkil edənlər saxlanıldı

11:57 28.05.2020

Rəsulzadənin nəvəsi AzTV-də: “Atam babamın dəfninə getmədi, çünki...

11:35 28.05.2020

Prezident “İstiqlal abidəsi”ni ziyarət etdi - Fotolar

11:12 28.05.2020

Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi - FOTOLAR

10:58 28.05.2020

Azərbaycanda bir qrup şəxs xəstəxanaya hücum etdi - SƏBƏB

10:55 28.05.2020

DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - SİYAHI

10:35 28.05.2020

Müdafiə naziri Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak etdi - VİDEO

10:17 28.05.2020

ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edildi

10:14 28.05.2020

Bunu edənlər 200 manat cərimə edilir - 40 gün ərzində... - VİDEO

00:14 28.05.2020

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

00:10 28.05.2020

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

23:59 27.05.2020

İstanbulun rəmzləri Azərbaycan bayrağına büründü - FOTOLAR

23:53 27.05.2020

Bu sujet hər birinizi təsirləndirəcək - Anam həkimdir, gələ bilmir, bizə gələ bilərsiniz? - VİDEO

23:33 27.05.2020

Bakıda dilənmək istəməyən oğlunu bıçaqlayan ata tutuldu

22:42 27.05.2020

"Bacım qışqırırdı, nəfəsim çatmır"- Aynur Dadaşovanın ailəsində dəhşət