“Müharibənin son gülləsi atılandan sonra da onun təhlükəsi bitmir” - “Ölümcül Miras” haqda yazı…

“Müharibənin son gülləsi atılandan sonra da onun təhlükəsi bitmir” - “Ölümcül Miras” haqda yazı…
SOSİAL
09:02 03.09.2026
121
Hacıbəy Heydərli,

"Ölümcül miras” ("Deadly Legacy”) filminin ilk qapalı premyerasında iştirak etdim. Film Qarabağ Dirçəliş Fondunun sifarişi ilə Sinqapurun "Beach House Pictures” şirkəti tərəfindən hazırlanıb.

Sənədli filmdə minaların yaratdığı təhlükə, onların insan həyatı və cəmiyyətlər üçün uzun illər davam edən ağır nəticələri, eləcə də mina probleminin müxtəlif ölkələrin taleyinə vurduğu zərbə öz əksini tapıb.

Filmdə Laos, Kolumbiya, Bosniya və Herseqovina, eləcə də minadan ən çox əziyyət çəkən ölkələrdən olan Azərbaycan nümunələri üzərindən mina probleminin miqyası və bu ölümcül mirasın nəsillər boyu davam edən fəsadları göstərilir.

Azərbaycan üçün bu mövzu xüsusilə ağrılı və aktualdır. İşğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minalar və partlamamış hərbi sursatlar insanların həyatına bu gün də təhlükə yaradır. Mina təhlükəsi yüzlərlə insanın həyatına və sağlamlığına son qoyub, minlərlə insanın taleyinə təsir edib.

Bu baxımdan da "Ölümcül miras” təkcə bir film deyil. Bu ekran əsəri müharibənin başa çatmasından sonra belə onun dəhşətli izlərinin necə davam etdiyini göstərən mühüm bir sənəddir. 

Minanın müharibədən daha ağır tərəfi isə odur ki, o müharibədə bitdikdən sonra da öldürməyə və şikəst etməyə davam edir.

Filmin ən mühüm mesajlarından biri də budur: müharibənin görünməyən qurbanları illər, hətta onilliklər sonra belə ortaya çıxa bilir.

Müharibələr bitir, Silahlar susur. Əsgərlər geri qayıdır. Amma mina gizli düşmən kimi uzun illər bizimlə yaşayır. 

Və illər sonra müharibədən xəbərsiz bir uşaq, öz doğma torpağına qayıdan bir insan həmin dəhşətli müharibənin növbəti qurbanına çevrilə bilir.

"Ölümcül miras” bizə bir həqiqəti xatırladır: müharibənin son gülləsi atılandan sonra da onun təhlükəsi bitmir. Bəzən müharibənin ən ölümcül izləri torpağın altında qalır.

Filmdə diqqətimi cəlb edən məqamlardan biri də bütün bu ağrılara, itkilərə və müharibənin buraxdığı ağır izlərə baxmayaraq, Azərbaycan yenə də dünyaya sülh mesajı verir.

Çünki ən böyük arzumuz yalnız minalardan təmizlənmiş torpaqlar deyil. Ən böyük arzumuz gələcək nəsillərin ümumiyyətlə mina nədir, müharibə nədir bilməməsidir.

Bir uşağın öz doğma torpağında qorxmadan qaça bilməsi, bir ananın övladının evə sağ-salamat qayıdacağına əmin olması, insanların illər sonra belə müharibənin qurbanına çevrilməməsi üçün sülhün vacibliyi qeyd edilir.

Azərbaycanın "Ölümcül miras”dakı mesajı aydındır: gələcək nəsillər mina qurbanı olmasın deyə sülh olsun.

Filmdə, həmçinin dünya miqyasında minatəmizləmə sahəsində həyata keçirilən fəaliyyət təhlil edilir və Azərbaycannın bu sahədə də dünyaya nümunə ola biləcəyi faktlarla göstərilir. 

Dünyada ədalətin olmadığı hər kəsə bəllidir, ancaq azca da olsa vicdan və humanizm hissi qalıbsa, bu film beynəlxalq festivallarda ən yüksək mükafatlara layiq görülməlidir. İnsanlıq və gələcək nəsillər naminə! 

Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm.
OXŞAR XƏBƏRLƏR