"Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı dəyərlərdir"

"Multikulturalizm və tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı dəyərlərdir"
SİYASƏT
11:07 29.10.2026
229
Tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycanda multikulturalizm ənənələri, dini və etnik tolerantlıq xalqımızın əsrlər boyu yaşatdığı fundamental dəyərlərdəndir. Bu prinsiplər ölkəmizdə yalnız dövlət siyasətinin mühüm istiqaməti deyil, həm də cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsidir.

Azərbaycan əsrlər boyu Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayıb. Müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələri ölkəmizdə sülh və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Bu tarixi ənənələr bu gün də qorunub saxlanılır və multikulturalizm Azərbaycan cəmiyyətinin əsas dəyərlərindən biri kimi yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı məkan olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ölkəmizin uğurlu və sabit inkişafının əsas amillərindən biri cəmiyyətdə hökm sürən ahəngdarlıqdır.

Prezident çıxışında bildirib:

"Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar”.

Bu fikirlər Azərbaycanda milli və dini müxtəlifliyin cəmiyyətin birliyinə mane olmadığını, əksinə, qarşılıqlı hörmət və etimad mühitinin formalaşmasına töhfə verdiyini göstərir. Müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgəyaşayış ənənələri ölkəmizin ictimai sabitliyinin və mənəvi zənginliyinin mühüm göstəricilərindəndir.

Multikulturalizm və tolerantlıq ənənələrinin qorunması, gələcək nəsillərə ötürülməsi, eləcə də mədəniyyətlərarası dialoqun təşviqi Azərbaycanın beynəlxalq aləmdə sülh və qarşılıqlı anlaşma tərəfdarı kimi mövqeyini gücləndirir.
 
Əfsanə İsayeva, Göygöl Rayon İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi


OXŞAR XƏBƏRLƏR