Birləşmiş Millətlər Təşkilatı İctimai İnformasiya Departamentinin (UNDPI) Azərbaycandakı nümayəndəliyi Ombudsman ofisi ilə birgə sizləri Ümumdünya Uşaqlar Günü münasibəti ilə təşkil edilmiş tədbirə dəvət edir.
UNDPI-dən AZXEBER.COM-a verilən məlumata görə, tədbir 19 noyabr 2011-ci il, saat 12:00-da Park Bulvarda keçiriləçək.
Tədbirin əsas məqsədi ictimaiyyəti bu günün əhəmiyyəti, uşaqların cəmiyyətimizdə tutduqları önəmli yer, və onların qayğısına qalmağın vacibliyi haqqında məlumatlandırmaq, o cümlədən valideyn himayəsindən məhrum olan fiziki qüsurlu və kimsəsiz uşaqların yanında olmaqdır. Bütün bunları nəzərə alaraq BMT-nin İctimai İnformasiya Departamenti, Ombudsman Aparatı və Park Bulvar, xüsusi ilə də “Tusi-Bohn Planetarium”-un müdiriyyəti tərəfindən bu uşaqlar üçün cizgi filmi nümayişi və kosmosa səyahət proqramı və nahardan ibarət əyləncəli saat təşkil olunub.
Qeyd edək ki, Ümumdünya Uşaqlar Günü 1954-cü ildə təsis edilib. Bu Gün dünyada birlik və uşaqlar arasında anlaşma günüdür. 20 noyabr həmçinin 1959-cu ildə BMT Baş Assambleyasının “Uşaq hüquqları haqqında Bəyannamə” və 1989-cu ildə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi ilə əlamətdardır. Bu gün həmçinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin ideya və məqsədlərini yaymaq və dünya uşaqlarının firavan həyat sürmələrinə həsr olunur.